Məhkəmə qərarları › İş №2(3-6)-1834/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1834/2026

10.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1834/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışinski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə qarşı “sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin və mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə qarşı “mənzilin özəlləşdirməsinin və kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 41A, mənzil 42-yə dair ##.##.2011-ci il tarixli ** saylı “Sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə” əmrin və bu mənzil özəlləşdirilməsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 41 A, mənzil 42 mərhum atası Çernyavskiy Nikolay İvanoviçə onun iş yerindən verilmişdir. İddiaçı bu evdə daimi pasport qeydiyyatında olmaqla yaşamışdır. Lakin məhkəmə hökmü ilə azadlıqdan məhrum olunduğu üçün bir müddət cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Həmin vaxtlar təxminən 2011-ci ildə mərhum bacısı Çernyavskaya İrina Nikolayevna onun cəza çəkdiyi müəssisəyə gələrək atasından qalmış həmin bu mənzilə dair çıxarış almaq istədiyini və həmin çıxarışda hər ikisinin payının müəyyən edilərək adının yazılacağını bildirmiş və bununla əlaqədar razılığının tələb olunduğunu bildirmişdir. Həmin razılıq ərizəsini cəzaçəkmə müəssisəsində imzalamışdır. Lakin bu yaxınlarda cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra mənzilə dair sənədlərlə maraqlandıqda bu mənzilin özəlləşdirildiyini və bu mənzilə dair dövlət reyestrindən çıxarışda payçı kimi yalnız mərhum bacısının adının yazıldığını görmüşdür. Bundan sonra aldandığını başa düşmüşdür. Yəni bu mənzilin özəlləşdirilməsi qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. Bundan xəbər tutduqdan sonra həmin çıxarışın ləğvi ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən həmin çıxarışın yalnız məhkəmə qaydasında ləğv edilməsinin mümkün olduğu bildirilmişdir. Ona görə də iddiaçı həmin çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə baxışı zamanı ona məlum olmuşdur ki, mərhum bacısı onun xəbəri və razılığı olmadan evə dair kirayə müqaviləsini də öz adına rəsmiləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin ** saylı ##.##.2011-ci il saylı əmrinə əsasən bu mənzilə dair sosial kirayə müqaviləsi Çernyavski İrina Nikolayevanın adına dəyişdirilmiş və onunla kirayə müqaviləsi bağlanmışdır. Qanunvericiliyin tələbinə əsasən mənzilə dair kirayə müqaviləsi dəyişdirilərkən həmin mənzildə qeydiyyatda olan və həmçinin orderdə olan şəxslərin razılığı tələb olunur. Lakin işin hallarından görsənir ki, bu əmr verilərkən onun razılığı alınmamış, xəbəri olmadan kirayə müqaviləsi mərhum bacısının adına rəsmiləşdirilmişdir. Ona görə də hesab edir ki, bu əmr ləğv edilməli, həm də bu mənzilə dair özəlləşdirmə etibarsız hesab olunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə idda təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində iddiaçının aldadıldığını sübuta yetirə bilmədiyi üçün iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Eyni zamanda onun bu mənzilin mərhum bacısının adına özəlləşdirilməsinə razılıq verməyi barədə ərizənin cəza çəkdiyi müəssisənin rəhbəri tərəfindən təsdiq olunduğu üçün onun bu ərizənin məzmunundan məlumatlı olmamağının mümkün olmaması qənaətinə gəlmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə də tamamilə yanlışdır. Belə ki, mülki işin sənədlərindən də görsənir ki, o milliyətcə rusdur, təbii ki, onun Azərbaycan dilini və qramatikasını bilməməyi normal bir haldır. Hamıya məlum məsələdir ki, başqa dilin daşıyıcısı olan şəxs tərəfindən hər hansı bir rəsmi sənəd tərtib olunarkən onun dilini bilən tərcüməçinin iştirakı vacibdir. Lakin işin hallarından da görsənir ki, həmin bu ərizə tərtib olunlarkən tərcüməçi dəvət edilməmiş və onun iştirakı olmadan həmin bu ərizə Azərbaycan dilində tərtib edilmişdir. Bu isə AR Nazirlər kabineti tərəfindən təsdiq edilmiş “Notariat əməliyyatlarının aparılması haqqında” ##.##.2000-ci il tarixli *** saylı qərarın tələblərinə ziddir. Eyni zamanda “Notariat haqqında” AR qanunun 13-cü maddəsinə görə də notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu hallarına düzgün qiymət verilməmişdir. Həmçinin məhkəmə tərəfindən onun bu evdə doğulmağı və bu evdən başqa heç bir yerdə yaşayış yerinin olmadığı da nəzərə alınmamışdır. Belə ki, əgər o həqiqətən bu mənzilin təkcə bacısının adına özəlləşdirilməsinə razılıq vermişəmsə onda məntiqlə özü harda yaşamalı idim? Təbii ki, o yeganə yaşayış yerindən məhrum olmaq istəməzdi. Ona görə də bu mənzilin tamamilə bacısının adına özəlləşdirilməsinə razılıq verməsi tamamilə məntiqsiz bir yanaşmadır. Sadəcə bu ərizə tərtib edilərkən onun Azərbaycan dilini və qramatikasını bilməməyindən istifadə olunmuş və bu ərizədə notariat hərəkətlərinin aparılması haqqında təlimatın tələbləri pozulmaqla aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: - 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. - 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə qarşı “sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin və mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi 1111025922 qeydiyyat tarixi ##.##.2011-ci il) əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Zahid Qasımov prospekti ev 41a mənzil 42 Çernyavskaya İrina Nikolayevnanın xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən mübahisə mülkiyyət və ya kirayə öhdəliklərinin icrasından deyil, dövlət orqanının idarəetmə funksiyalarını yerinə yetirərkən qəbul etdiyi fərdi qərarların qanuniliyindən qaynaqlanır. Sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmr və mənzilin özəlləşdirilməsi prosesi inzibati orqanın kütləvi hüquq sahəsində malik olduğu hakimiyyət səlahiyyətlərinin birtərəfli qaydada tətbiqidir. Məhkəmə təcrübəsinə görə, mübahisə tərəflərin bərabərhüquqlu iradə bəyanına əsaslanan mülkihüquqi xarakter daşımadığı, birbaşa idarəetmə münasibətlərinin nəticəsi olduğu üçün işə mülki deyil, məhz inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Natəvan Əhəd qızı Musayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” Göründüyü kimi, iddiaçı məhkəməyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan məsələ ilə bağlı iddia ərizəsi vermişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, 4 №-li Qərarının 16.3-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də, iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsində göstərdiyi məsələ üzrə ilk növbədə qanunvericiliyin tələblərinə əsasən müvafiq orqana rəsmi müraciət etsin. Həmin orqanın onun müraciətini təmin etmədiyi (imtina etdiyi) halda, həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Lakin iddiaçı bu qaydaya riayət etmədən Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə qarşı “sosial kirayə müqaviləsinin dəyişdirilməsi barədə əmrin və mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi” tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq, xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar