Məhkəmə qərarları › İş №2(1-8)-1541/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1541/2026

04.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1541/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, ****/*** saylı Kirayə müqaviləsinə əsasən 8.428,74 AZN borcun və iddia ərizəsinin verilməsinə görə MMC tərəfindən ödənilmiş 104,29 AZN dövlət rüsumu olmaqla, ümumilikdə 8.533,03 AZN məbləğin cavabdeh Cavabdeh tutularaq iddiaçı MMC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, *** saylı məhəllə, Füzuli və S.Vurğun küçələrinin kəsişməsində yerləşən “X1” binasının 6-cı mərtəbəsində 125 kv.m. sahəsi olan *** saylı mənzilin kirayə verilməsinə dair ##.##.2024-cü il tarixli № ****/*** saylı Kirayə müqaviləsi imzalanmışdır. ##.##.2024-cü il tarixli, ****/*** saylı Kirayə müqaviləsinin * saylı Əlavəsinə əsasən kirayənin müddəti ##.##.2024-cü ##.##.2025-ci illəri əhatə edir. Buna baxmayaraq cavabdeh tərəfindən kirayə müqaviləsinin 3.9-cu bəndinin tələbi pozularaq, yəni *** saylı mənzil Kirayəçinin razılığı olmadan üçüncü şəxslərə kirayə verilmiş və cavabdehə yazılı və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq bu halı israrla davam etdirmişdir. Belə ki, cavabdehə lazımı qaydada ##.##.2024-cü il tarixli **/*** saylı bildiriş göndərilərək müqaviləyə ##.##.2024-cü il tarixdən etibarən birtərəfli qaydada xitam olunduğu elan edilmiş və müqavilə üzrə öhdəliklərinin icra olunması tələb olunmuşdur. Cavabdehə ##.##.2025-ci il tarixli **/*** saylı bildiriş göndərilərək yazılı xəbərdarlıq edilmiş, *** saylı mənzilin dərhal təhvil verilməsi, ##.##.2024-cü il tarixli № ****/*** saylı Kirayə Müqavilənin 3.10-cu bəndinə əsasən, Müqavilənin 3.1-ci bəndində göstərilən müddət (2 ay) üçün Əlavə № *-də göstərilən 2213 manat (2213x2) kirayə haqqının, xidmət haqqının, yəni 252 manat (252x2) və həmçinin 1 aylıq əlavə kirayə haqqı məbləğində vurduğu zərər üçün kompensasiyanın ödənilməli olduğundan müqavilə üzrə ümumilikdə 8.428,74 manat (2213x2 + 252x2 + 2213 + 18%ƏDV = 8428.74 manat) cavabdehin borcu yaranmışdır. Əlavə olaraq, ##.##.2025-ci il tarixli **/*** saylı pretenziya məktubuna baxmayaraq cavabdeh tərəfindən heç bir reaksiya göstərilməmiş, bu günədək öhdəlikləri icra olunmamışdır. Göründüyü kimi, iddiaçı şirkət müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş, kirayə predmetini təhvil vermiş və xidmətləri göstərmişdir, lakin cavabdeh Müqavilə şərtlərini kobud surətdə pozaraq mənzili üçüncü şəxslərə subkirayəyə vermiş və israrla bu günə qədər həmin şərtləri pozmaqda davam edir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Günay Abidova) İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(006)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Günay Axundova) İddiaçı İddiaçı MMC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kassasiya baxışından çıxarılmaqla apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, MPM-də əmlak xarakterli iddialar üzrə yalnız qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan yuxarı olduqda kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdən görünür ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, şikayətin məzmunu Mülki Məcəllənin 688.4-cü maddəsinə istinadən yalnız 1 aylıq dəbbə puluna münasibətdə iddianın rədd edilməsinin əsassız olması barədə dəlillərdən ibarətdir. İddia tələbindən isə görünür ki, iddiaçı dəbbə pulunu bir aylıq kirayə haqqı həddində, yəni 2213 manat məbləğində tələb etmişdir. Bununla da müəyyən edilir ki, iddiaçının hazırda kassasiya şikayətində mübahisələndirdiyi hissə (2213 manat) kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən azdır. Belə olan halda, kassasiya şikayəti icraata qəbul edilə bilməzdi. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı MMC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, iş şikayətin qaytarılması məsələsinin həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi vaxtdan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar