Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3776/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: 1.İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayon Sukanal İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********001) xx.xx.2023-cü il tarixdə hesablanmış 508,51 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə onun sahibliyində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən ona yuxarıda qeyd olunan fərdi yaşayış evi üzrə 539,51 manat su sərfiyyatı üzrə borcun yaranması barədə hesabat fakturası təqdim edilmişdir. O hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc qanunsuz və əsassız olduğundan silinməlidir. Qeyd edilənlərə əsasən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, mübahisəli ev nənəsi Şəfəq Əliyevanın adına olmuş, onun vəfatından sonra vərəsəlik qaydasında atasına, yəni iddiaçıya məxsusdur. Qeyd edilənlərə əsasən tələbin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.
b) Mülki işin materialları:
6. Elektron Məhkəmə Sistemi məlumatlarından müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 7A saylı ev mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmişdir.
7. Abonent kartına əsasən müəyyən edilir ki, abonent kodu **********001 olan istehlakçı 2023-cü ilin dekabr ayında 480 manat cərimə edilmiş və 2024-cü ilin aprel ayına ümumilikdə 508,51 manat borc qeyd edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 745 saylı arayışdan görünür ki, X7 ailə üvzləri atası İddiaçı, anası X4 və bacısı X6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 7A saylı evdə daimi pasport qeydiyyatındadırlar.
9. "xxxx" ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubundan görünür ki, ünvan 2 ünvanında inventarizasiya aparılarkən ailə tərkibi "xxxx" ASC-nin məlumat bazasında 4 (dörd) nəfər qeyd olunsa da, faktiki olaraq yaşayanların sayı 12 (on iki) nəfər aşkar olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, həmin ünvanda 3 fərdi yaşayış evi mövcüddur. Bu səbəbdən 14505152 nömrəli iş əmrinə əsasən ailə tərkibi 12 (on iki) nəfər qeyd edilmişdir.
c) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
10. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya su sərfiyyatına görə borc hesablamışdır.
11. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
13. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın:
18. 1.2.1. Su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir.
19. 4.1.3. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir.
20. 7.1. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir .
21. 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
22. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
23. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var.
24. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.
25. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
Mülki Prosessual Məcəllənin:
26. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. İş materiallarından görünür ki, mübahisəli evə dair sudan əlavə sərfiyyata görə 480 manat borc hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən bu onunla əsaslandırılmışdır ki, mübahisəli ünvanda ümumilikdə 3 fərdi yaşayış evi mövcuddur. Bu səbəbdən də hər evdə 4 nəfər ailə üzvü yaşaması hesabı ilə cəmi ailə tərkibi 12 nəfər qeyd olunmuşdur. Lakin buna dair hər hansı bir sübut əlavə edilməmişdir.
31. Məhkəmə hesab edir ki, cavabdehin 12 nəfər ailə üzvünə görə borc hesablaması qanunsuzdur. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 7 A saylı evdə 4 nəfər qeydiyyatdadır.
32. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh tərəfindən iddiaçı-abonentin 12 nəfərin qeyri-qanuni su sərfiyyatı etməsinə və s. dair sübutlar məhkəməyə təqdim edilməmişdir, cavabdeh tərəfindən iddiaçıya su sərfiyyatı üzrə hesablanmış borc əsaslı hesab oluna bilməz. Buna görə su sərfiyyatı üzrə hesablanmış borcun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
33. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ailə üzvləri cəmi 4 nəfərdən ibarət olduğundan əlavə sərfiyyat kimi hesablanmış 480 manat borc silinməlidir.
34. Bundan başqa iddiaçı xx.xx.2023-cü il tarixinə cəmi 508,51 manat borc hesablandığını bildirsə də abonent kartından görünür ki, mübahisəli evə həmin dövr üçün cəmi 480 manat əlavə sərfiyyat kimi borc hesablanmışdır.
35. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia qismən təmin edilməlidir.
36. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh tərəfindən əsassız hesablanmış 480 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
38. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən əsassız hesablanmış 480 (dörd yüz səksən) manat məbləğində borc (cərimə) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Lətifə Məmmədova