Məhkəmə qərarları › İş №2(001)-3791/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3791/2024

23.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3791/2024 23.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160265 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 394361.107 4475570.091; 2. 394361.200 4475577.803; 3. 394371.792 4475577.477; 4. 394371.374 4475569.766 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160265 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 394361.107 4475570.091; 2. 394361.200 4475577.803; 3. 394371.792 4475577.477; 4. 394371.374 4475569.766 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı şirkəti mənə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənə məxsus olan tikilidən çıxarılması, tikilinin sökülməsi və topraq sahəsinin boşaldılaraq şirkəti qanuni istifadəsinə qautarılmasnı və ödənilmiş 100 manat dövlət rüsumunu tutularaq şirkətə ödənilməsini xahiş etmişdir. Hörmətli məhkəmə iddiaçı öz iddia ərizəsini onunla əsaslandırır ki, xx.xx.2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), X24 Bİ.Vi. və ARDNŞ-nin ortaq şirkəti (podratçılar) arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixində AR Prezidentinin imzaladağı 901 saylı qanuna əsasən Saziş qanun starusunu almışdır və qeyd olunan sazişin 2-ci və 8-ci maddələrinə əsasən X12 ayrılmış torpaqlara müstesna salahiyyətləri tanınmışdır. Qeyd edir ki, iddiaçı tərəfindən qeyd olunan saziş 15 may 2005-ci il tarixində qüvvəyə minmişdir. İlkin olaraq qeyd edir ki, qeyd olunan torpaq sahəsini o, 2006-cı ildə hal hazırda ailəsi ilə yaşadığı evi X1 öz aralarında alqı-satqı əsasında əldə edərək torpaq sahəsini və yarım tikili evi almışdır. Qeyd olunan fərdi yaşayış evinin hesabat cədvəlini xx.xx.2010-cu ildə Xocəsən Bələdiyyəsi ilə bağlanmış müqaviləyə əsasən 2011-ci il tarixində İnventar nömrəsi 01/1042 tərtib edilmişdir. Qeyd olunan evə köçəndən sonra bütün komunal xətləri öz adına (yoldaşı X3, nikah haqqında şəhadətnamə nömrəsi 254986) keçirdi və Xocasən Bələdiyyəsi tərəfindən onun adına yerli (belədiyyə) vergisin ödəyicisi kimi hesab açıldı və bu günə qədər hər il onun tərəfindən vergi ödənişləri, komunat xəttdin ödənişləri, məişət tulantıların ödənişlərini həyata keçirir. Əlavə olaraq qeyd etmək edir ki, qeyd olunan evdə o, öz ailəsi ilə 18 ildir yaşayır. Həmin evdə yaşlı anası, xəstə yoldaşı, 3-cü qrup xəstə oğlu və 6 yaşlı nəvəsi ilə birgə yaşayır. Qeyd olunan evdə faktiki olaraq 2006-cı ildən etibarən ailəsi ilə birgə yaşadığını Binəqədi RİH Başçısının Xocəsən qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışı ilə və AR Bakı Şəhəri Binəqədi Rayonu Xocasən Bələdiyyəsinin arayışı ilə təsdiq edir. Bildirir ki, baxmayaraq ki, 2006-ci il tarixində qeyd olunan torpaq sahəsində təmirtikinti işlərini aparmış və 2006-cı il tarixindən qeyd olunan evdə daimi olaraq yaşamış, hazırki günə kimi qeyd olunan torpaq sahəsinin zəbt edilməsi ilə bağlı və ya digər şəxsə məxsus olması ilə bağlı iddiaçı tərəfindən ona heç bir bildiriş və ya məlumat gəlməmiş və mübahisə olmamışdır. Qeyd edilməsini zəruri hesab edir ki, onun tərəfindən etirazına əlavə edilən fotoşəkillərdən görünür ki, mübahisəli ərazi fərdi yaşayış evlərlə doludur və ona, nə qonşularına bu günədək qeyd olunan torpaq saəhsinin neft şirkətinin istifadəsində olması ilə bağlı heç bir bildiriş gəlməmişdir. İddiaçı öz iddia ərizəsində faktiki olaraq qeyd edir ki, 15 may 2005-ci il tarixində qüvvəyə minmiş sazişə əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları müəyyən edilmişdir və iddiaçıya qeyd olunan torpaq sahəsi verilmişdir. Burda bir sual yaranır ki, əgər xx.xx.2005-ci il tarixindən iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin koordinatları müəyyən olmuşdursa niyə görə bu günə kimi iddiaçı qeyd olunan torpaq sahəsi ilə bağlı iddia tələbini irəli sürərək tikililərin sökülməsi barədə mübahisə açmamışdır. Uzun illərdi qeyd olunan torpaq sahələrində vətəndaşlar yaşayaraq, evlərində təmir-tikinti işlərini aparmışddar və bununla bağlı iddiaçı heç bir etirazını bildirməmişdir və beləliklə vətəndaların qeyd olunan torpaq sahəindən istifadə hüquqlarını tanımışdır. Qeyd etmək istəyir ki, Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. İddiaçıya faktiki olaraq xx.xx.2005-ci il tarixindən məlum olmuşdur ki, sazişə əsasən hansı koordinatlarda torpaq sahələri onun istifadəsinə verilmişdir, lakin bu günə qədər heç bir iddia tələbi ilə irəli çıxmamış və qeyd olunan tikililləri sökülməsini tələb etməmişdir. Qeyd etmək istəyir ki, sazişin bağlanmasından artıq 19 il keçib və 19 il ərzində iddiaçı tərəfindən iddia ərizəsi ilə tikililərin sökülməsi ilə bağlı tələbi olmamışdır. Görünür ki, qanunla müəyyən edilmiş iddia müddətini iddiaçı ötürmüşdür və iddia müddətini tətbiq edərək iddia tələbi rədd olunmalıdır. İddiaçı iddia ərizəsində Ali Məhkəmənin qərarına istinad edərək presiyusialıqla bağlı qeydləri edir, lakin burda bir sual yaranır, hal-hazırda mübahisəli torpaq sahəsi ilə bağlı və cavabdehlərlə bağlı iddiaçının qeyd etdiyi qərarda hər hansı qeydlər var? Görünür ki, yoxdur və bununla da, hesab edir ki, mövcüd mülki iş üzrə qeyd olunan qərarların peyudisial xarakteri daşımamalıdır. Qeyd olunan məhkəmə qərarları başqa torpaq sahələri ilə bağlı olan mübahisələr üzrə qərarlardır və bu qərarları iddiaçı iddia tələbində qeyd edərək dolayı yolu ilə yenə də göstərir ki, zamanında iddia tələbi ilə məhkəməyə müraciət edilməsində heç kim heç bir manə iddiaçıya törətməmişdir və belə bir müraciətin olmaması dolayı yolla cavabdehin torpaq sahəsindən istifadə edilməsi hüququn tanınması deməkdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbi əsasız və qanunsuzdur, faktiki olaraq göz qabağında uzun illər vətəndaşlar torpaq sahəsindən istifadə edərək, torpaq sahəsininin üzərində ev və digər tikirləri tikirlər, yaşayırlar və bununla bağlı iddiaçı heç bir etirazını bildirmir. Qeyd etmək istəyir ki, cavabdehin qeyd olunan evdə yaşamağı, qaz, su, işiq xətlərin qoşulması, bələdiyyə vergisini ödəməsi faktiki olaraq dövlət tərəfindən cavabdehin qeyd olunan evdən istifadə hüququnu tanınmasını sübut edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının iddia tələbini əsasız və qanunsuz hesab edərək məhkəmədən iddia tələbi üçün qanunla müəyyən edilmiş müddətin ötürülmüş hesab edilməsini, iddia müddətini tətbiq edərək və iddianın əsasız və qanunsuz oludğuna görə iddia tələbini rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X24 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş bağlanmış, həmin Saziş Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901- İİQ №-li Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun 5-ci bəndində qeyd olunmuşdur ki, Sazişin pay iştirakçılarına Sazişdə nəzərdə tutulan kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. X24 Bi.Vi., ARDNŞ-nin Ortaq Neft Şirkəti və İddiaçı Şirkətinin (iddiaçının) arasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blok üzrə birgə əməliyyat sazişi bağlanmış, iddiaçı əməliyyatçı təyin edilmişdir. Həmin sazişə görə əməliyyatçının bütün birgə əməliyyatlara tam nəzarət və rəhbərlik həyata keçirmək səlahiyyəti vardır, əməliyyatçının və əməliyyat şirkətinin müqavilədə nəzərdə tutulmuş bütün hüquq, funksiya və vəzifələrinə malikdir. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X24 Bi.Vi. və ARDNŞ-nın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanununun: - 1-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X24 Bi.Vi. və ARDNŞ-nın Ortaq Neft Şirkəti arasında Saziş qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin. - 4-cü bəndində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökimət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. 5-ci bəndində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçılar X11, Cavabdeh və X7 cavabdehlər X8 və X9 qarşı (İddiaçı şirkəti və Binəqədi rayonu Xocasən Bələdiyyəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində bağlanmış qəsəbəarası yolun tutulması və məhdudiyyətlərin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-185/2024 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı şirkətinin cavabdehlər Cavabdeh, X10 və X9 qarşı “özbaşına tiklinin sökülməsi” tələbinə dair 2(001)-3788/2024, 2(001)-3789/2024 və 2(001)-3791/2024 saylı mülki işlərin nəticələri mümhüm əhəmiyyət kəsb etdiyindən, həmin işlər üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılması qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, həmin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 18 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 10/5063 nömrəli rəyində göstərilmişdir ki,sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olduğu, sahənin qeydiyyatı və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədiyi, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Beləliklə, tikilinin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. - 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 180.1 və 184.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan toraq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” hesab olunduğundan evin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edə bilər. Hazırki işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına qarşı” iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin, hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəsi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdir. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır.” Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “... ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmələrinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqalnlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə çıxır ki, onun hüquqları pozulmamışdır.” Həmçinin, Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxmaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X24 Bi.Vi. və ARDNŞ-nın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş 15 may 2005-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Sözügedən Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdə Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə həmçinin cavabdehin iş üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə etirazına münasibət bildirərək qeyd edir ki, iddiaçılar X5, Cavabdeh və X4 cavabdehlər X8 və X9 qarşı “yolun açılması və sair” tələbinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin mülki işə baxılan zaman İddiaçı Şirkəti xx.xx.2023-cü il tarixdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı Şirkətinə isə işə qoşulduqdan sonra məlum olmuşdur ki, 2(001)- 185/2024 saylı mülki iş üzrə tərəflər arasında olan mübahisə üzrə qanunsuz tikililər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla, dövlət mülkiyyəti torpağıdır. Göründüyü kimi İddiaçı Şirkətinə hüquqlarının pozulduğunu digər məhkəmə işi üzrə aparılan araşdırma zaman onun istifadəsinə verilmiş torpaq sahəsində qanunsuz tikililərin inşa edildiyi məlum olduqdan sonra hüquqlarının bərpası üçün 20 may 2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı Şirkəti tərəfindən iddia müddətinin ötürülməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1 saylı mədənin 6cı sahəsində yerləşən 160172, 160265 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 394361.107 4475570.091; 2. 394361.200 4475577.803; 3. 394371.792 4475577.477; 4. 394371.374 4475569.766 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalı, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində yerləşən 160172, 160265 saylı neft quyularının, neft xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 394361.107 4475570.091; 2. 394361.200 4475577.803; 3. 394371.792 4475577.477; 4. 394371.374 4475569.766 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılsın. Qətnamə bu hissədə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar