Məhkəmə qərarları › İş №2(001)-3795/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3795/2022

13.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3795/2022 13.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının bərpa edilməsi, 10 mart 2022-ci il tarixdə cavabdehin əməkdaşları Yaqublu Qadir, Qədirzadə Orxan, Dadaşov Yəhya və Məmmədov Ural tərəfindən tərtib edilmiş ******* nömrəli aktın etibarsız hesab edilərək hesablanmış 1036 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, 7-ci sıra, ev 2B fərdi yaşayış evində quraşdırılmış köhnə kart sayğacı yeni elektron sayğacla əvəz edilmişdir. Cavabdeh Birliyin əməkdaşları tərəfindən qaz sayğacının yoxlanılması məqsədi ilə xx.xx.2022-ci il tarixində fərdi yaşayış evinə baxış keçirilmiş ******* saylı Akt tərtib edərək təbii qazdan sayğacdan kənar əlavə xətlə qeyri-qanuni istifadə etməsi haqqında akt tərtib etmişdir. Cavabdehin tərtib etdiyi ******* saylı aktı əsassızdır. Belə ki, 10 mart 2022-ci il tarixində fərdi evə baxış zamanı qaz sayğacını yoxlayarkən fərdi yaşayış evinin üzərində nazik 2 metr uzunluğunda və heç bir yerə birləşdirilməmiş bir ədəd dəmir qaz turbasının olmasını aşkar edərək, qaz sayğacından kənar qeyri-qanuni qaz işlətdiyindən şübhə yarandığından fərdi evində bütün bağlayaraq qaz sızması və ya əlavə qeyri-qanuni qaz istifadə edibetməməyini yoxladılar və sonda həqiqətən elə bir hadisənin olmamasına şahid oldular və bu haqda hər hansısa bir problemin gələcəkdə olub olmaması haqqında ona heç bir məlumat verilməmişdir. Bundan sonra həmin şübhəli predmet kimi qiymətləndirilən qaz turbasının rəsmini çəkərək(onun iştirakı olmadan) məsələni araşdırmaq qərarına gəlmişlər. Ayın sonunda qaz borcunu yoxladıqda əlavə olaraq 1036 manat məbləğində cərimə gəlməsini gördükdə, istehlakçı hüquqları pozulduğundan o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Keçirilən baxış nəticəsində əgər həqiqətən qaz işçilərinin nümayəndələrinin iştirakı ilə heç bir problem olmamışdırsa və bununla kifayətlənməyib ona qarşı birmənalı şəkildə əsassız və qanunsuz olan aktın tərtib edilməsi onun istehlakçı hüquqlarını kobud şəkildə pozmuşdur. Onun iştirakı olmadan evə baxış keçirilməsi və ondan əvvəl evin köhnə sakinlərinin yuxarıda 2 metr civarında heç bir yerə birləşdirilməyən qaz turbasının olması heç nəyi dəyişdirmir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası və yaranan problemin həlli üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassız hesab edilməklə rədd edilməlidir. Belə ki, Birliyin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə iddiaçının ünvanında təbii qazdan sayğacdan kənar qeyri qanuni qoşulma yolu ilə istifadə halı müəyyən edilmişdir. Nəticədə fotoçəkiliş aparılmış,“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Akt əsasında itirilmiş qazın sərfiyyatı hesablanmış, tələbnaməyə əsasən 90 gün üçün 1036.80 manat maddi ziyan məbləği hesablanmışdır. Həmin məbləğ istehlakçının hesabına daxil edilmişdir. 2022-ci ilin mart ayında yeni sayğac quraşdırıldıqdan və qeyri-qanuni qoşulma halı ləğv edildikdən sonrakı dövrlə əvvəlki dövrün eyni aylarının sərfıyyatlarına nəzər salınsa ödənişlərdəki fərq aydın şəkildə özünü göstərmiş olacaqdır. Belə ki, qaz sərfiyyatına görə 2021-ci il üzrə aprel ayında 2,50 manat, may ayında 2,50 manat, iyun ayında 1,60 manat, 2022-ci il üzrə isə aprel ayında 25 manat, may ayında 17,50 manat, iyun ayında 10 manat hesablanmışdır. Göründüyü kimi fərq 6 dəfəyə yaxındır. Bu fakt isə qeyri-qanuni qoşulma faktının mövcudluğunu sübut edən halardan biridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirərək, etiraza uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh əməkdaşları Yaqublu Qadir, Qədirzadə Orxan, Dadaşov Yəhya və Məmmədov Ural tərəfindən tərtib edilmiş 10 mart 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus evdə quraşdırılmış sayğaca baxış keçirilmiş və aşkar edilmişdir ki, abonent təbii qazdan sayğacdan kənar əlavə xətlə qeyri-qanuni istifadə etmişdir. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin; Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 10 mart 2022-ci il tarixli tələblərindən görünür ki, istehlakçı İddiaçı aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 8640 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********20000 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun 2022-ci ilin mart ayı üçün akt üzrə olan borcu 1036,80 manat təşkil edir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 10 mart 2022-ci il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, 10 mart 2022-ci il tarixli, ******* nömrəli akt etibarlı olmadığından məhkəmə hesab edir ki, Cavabdeh əməkdaşları Yaqublu Qadir, Qədirzadə Orxan, Dadaşov Yəhya və Məmmədov Ural tərəfindən tərtib edilmiş 10 mart 2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, həmin akt əsasında İddiaçı (Abonent kodu: **********20000) hesablanmış 1036 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Məhkəmə cavabdeh tərəfin etirazının dəlilləri ilə bağlı isə qeyd edir ki, istehlakçı tərəfindən təbii qazdan 2021-ci ildə az, 2022-ci ildə çox istifadə edilməsi məhz onun tərəfindən qaz sayğacına müdaxilə edilmiş kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.036 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları Yaqublu Qadir, Qədirzadə Orxan, Dadaşov Yəhya və Məmmədov Ural tərəfindən tərtib edilmiş 10 mart 2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı (Abonent kodu: **********20000) hesablanmış 1036 (min otuz altı) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30,36 (otuz manat 36 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar