Məhkəmə qərarları › İş №2(001)-3799/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3799/2025

08.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3799/2025 08.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədzadə Fəridə Mehdi qızının katibliyi ilə Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.1976-cı il təvəllüdlü qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1976-cı təvəllüdlü qardaşı X1 əsgərlikdən qayıdandan sonra kobud davranış pozuntuları diaqnozu qoyuldu. Qardaşı uzun müddətli öz hərəkətlərini idarə edə bilmir və başqasının qulluğuna ehtiyacı vardır. Ona görə də fəaliyyət qabiliyyəti olmayan sayılmalıdır. Tərəflərin izahatları və ərizəyə münasibəti:

3. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə, onların nümayəndəsinin məcburi iştirakının tələb olunmasının bildirilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. İV- ЖГ seriyalı, 300402 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixində Laçın rayonu, Cağazur kəndində doğulmuş, atası X.İmamverdiyev, anası M.İmamverdiyevadır.

6. 03.09.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1976-cı il tarixində Laçın rayonu, Cağazur kəndində doğulmuş, atası X.İmamverdiyev, anası M.İmamverdiyevadır.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının 512 saylı həkim psixiatr Komissiyasının rəyindən görünür k, xx.xx.1976-cı il təvəllüdlü X3 dəqiqləşdirilməmiş demensiya, kobud davranış pozuntuları F03, F07,8, MMSE-20 diaqnozu qoyulmuşdur.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 2118 saylı rəydən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X2 demansiya müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır.

9. AA üseriyalı, 195125 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkün kimi Binəqədi rayonunda məskunlaşmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin:

11. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

12. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

13. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

15. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır;

16. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər;

17. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir;

18. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir;

19. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər;

20. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır;

21. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

22. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1976-cı il təvəllüdlü X1 qardaşıdır. xx.xx.1976-cı il təvəllüdlü X1 xəstəliyi haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də onun tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır.

23. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun:

25. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Tətbiq edilən prosessual normalar:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

30. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

31. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şəxsin öz hərəkətlərini idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, xx.xx.1976-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar