Məhkəmə qərarları › İş №2(001)-3812/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3812/2020

10.07.2020 · Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3812/2020 10.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Maraqlı şəxs qarşı “şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Maraqlı şəxs qarşı “şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs sonuncu dəfə xx.xx.2008-ci il tarixdə AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsi, xx.xx.2010-cu il tarixdə P3677741 nömrəli ümumvətəndaş pasportu ilə təmin edilmişdir. Bununla belə, Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə ölkə ərazisinə Rusiya Federsiyası vətəndaşının ********* nömrəli pasportu ilə daxil olmuş və xx.xx.2018-ci il tarixdə həmin pasportla ölkə ərazisini tərk etmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata başlamış və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikəri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərin olub-olmaması barədə araşdıra aparılması ilə əlaqədar sələhaiyyətli orqanlara sorğu göndərilmişdir. Həmiçinin Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidmət və Daxili İşlər Nazirliyi Maraqlı şəxsnın Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə etiraz etmirlər. Maraqlı şəxsnın son yaşayış yeri üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-10.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata dair Dövlət Miqrasiya Xidmətinin rəyindən görünür ki, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat nəticəsində müəyyən edilmiş hallar nəzərə alınaraq, onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsini məqsədəuyğun hesab etmiş, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli, 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-5-ci hissəsini rəhbər tutaraq Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edilməli olması ilə bağlı rəy vermişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, 001-10523-1220 nömrəli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 08/02Q nömrəli qərardad qəbul edilərək Maraqlı şəxs barədə Azərbaycan Respublikası vətəndaşlığının itirməsi ilə bağlı icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Kredit Bürosuna, Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Departamentinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə verilmiş sorğulara cavablardan görünür ki, Maraqlı şəxs ilə bağlı heç bir öhdəlik aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti tərəfindən sorğulara verilmiş cavablardan görünür ki, Maraqlı şəxsnın Azərbaycan Respublikasının vətəndaşlığından çıxmasına mane ola biləcək məlumatlar qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs məxsus Rusiya Federasiyası tərəfindən verilmiş pasportdan və Dövlət Miqrasiya Xidməti – Sərhədkeçmə haqqında məlumatlardan görünür ki, xx.xx.1977-ci il tarixdə, Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuş Maraqlı şəxs Rusiya Federasiyasının vətəndaşıdır və o sonuncu dəfə həmin ölkənin vətəndaşı kimi xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-2-ci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat daxil olduqda Dövlət Miqrasiya Xidməti həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. Azərbaycan Respublikasının MPM-nin 355-8.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir. 355-8.2-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. Bu Məcəllənin 355-10.1-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və digər dövlətin vətəndaşlığını qəbul etməsi səbəbindən Maraqlı şəxs (doğulduğu tarix xx.xx.1977-ci il, doğulduğu yer Gəncə şəhəri, qeydiyyatda olduğu ünvan - ünvan 4 şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx) Azərbaycan Respublikası vətəndaşlığı itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-8 -355-10-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs (doğulduğu tarix xx.xx.1977-ci il, doğulduğu yer Gəncə şəhəri, qeydiyyatda olduğu ünvan - ünvan 4 şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar