Məhkəmə qərarları › İş №2(001)-5406/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5406/2023

14.09.2023 · Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5406/2023 14.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Maraqlı şəxs Əyyub oğluna dair "şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin Halları: xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikasının Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs Əyyub oğlu (X11) xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Rusiya Federasiyası İnvestisiyalar, Sənaye və Elm Nazirliyində işlədiyini qeyd etmiş və bu səbəbdən onun Azərbaycan Respublikası vətəndaşlığının itirilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılması haqqında xx.xx.2023-cü il tarixli 08/10İB nömrəli qərardad qəbul edilərək, şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilmiş, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat nəticəsində müəyyən edilmiş halları nəzərə alaraq və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 18-ci maddəsinin birinci hissəsini rəhbər tutaraq, Maraqlı şəxs Əyyub oğlunun (X11) Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilomiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-10.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Tədqiq edilən sübutlar: Maraqlı şəxs Əyyub oğlunun (X9) Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata dair Dövlət Miqrasiya Xidmətinin rəyində qeyd olunmuşdur ki, “...Təqdim olunmuş X6, Sənaye və Elm Nazirliyinin xx.xx.2021-ci tarixli 7/15-k nömrəli arayışında X9 xx.xx.2019-cu il tarixindən həmin Nazirliyin Layihələri müşayiət etmə idarəsinin Layihələrin müşayiəti şöbəsində baş analitik vəzifəsində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-3-cü hissəsinə uyğun olaraq, Maraqlı şəxs Əyyub oğlunun (X9) Rusiya Federasiyasının dövlət və ya bələdiyyə orqanlarında könüllü xidmət edib-etməməsi barədə Rusiya Federasiyasının səlahiyyətli dövlət orqanlarına sorğu göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə xx.xx.2021-ci il tarixli 08/1856 nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-20-15/2- 4-20172/2023 nömrəli məktubuna əlavə olunmuş X6, Sənaye və Elm Nazirliyinin xx.xx.2023-cü il tarixli 16Mcx-1829 nömrəli cavab məktubu ilə P.M.Romanovun 01.11,2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək əmək müqaviləsi əsasında X6, Sənaye və Elm Nazirliyinin müxtəlif struktur bölmələrində işləməsi təsdiq edilmiş və qeyd olunan vəzifələrin Moskva vilayətinin dövlət qulluğunun vəzifələrinə şamil olunmadığı qeyd edilmişdir.”. Həmin rəydə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat nəticəsində müəyyən edilmiş hallar nəzərə alınaraq, Maraqlı şəxs Əyyub oğlunun (X9) Azərbaycan Respublikası vətəndaşlığını itirməsi məqsədəuyğun hesab edilmişdir. X3, Sənaye və Elm Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 7/15-k nömrəli arayışda qeyd olunmuşdur ki, “X1 ötrü ki, o. 01 noyabr 2019-cıı il tarixdən hazırkı vaxta qədər X6, Sənaye və Elm Nazirliyində layihələri müşayiət etmə İdarəsinin layihələrin müşayiəti şöbəsində baş analitik vəzifəsində işləyir.”. X10 xx.xx.2014-cü il tarixli ********** nömrəli Rusiya Federasiyasının vətəndaşı pasportu verilmişdir. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Maddə 18. “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”:

24. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsini, bu Əsasnamənin 6-cı hissəsində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, məhkəmə həll edir. 25-2. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat daxil olduqda Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. 25-4. Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi məlum olduqda, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. 25-5. Bu Əsasnamənin 25-2 - 25-4-cü hissələrində nəzərdə tutulmuş qaydada şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlandıqda Dövlət Miqrasiya Xidməti şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə 1 ay müddətində araşdırma aparır. Öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilir. Sorğu göndərilmiş səlahiyyətli orqanlar müvafiq məlumatı 1 ay müddətində təqdim etməlidirlər. Eyni zamanda toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilir. Həmin orqanlar 1 ay müddətində müvafiq rəy bildirmədikdə, bu, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsinə etirazın olmaması kimi qəbul edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə müvafiq məlumat alındıqdan sonra 1 ay müddətində Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 355-8.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Maddə 355-8.2. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. Maddə 355-10.1. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Maddə 355-10.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Ərizəyə baxılmasında vətəndaşlığın itirilməsi halları ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir. Maddə 355-10.3 İşə mahiyyəti üzrə baxan hakim “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Maddə 355-10.4. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmiş müvafiq icra hakimiyyəti orqanına və barəsində Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar qətnamə qəbul edilmiş şəxsə onun məlum olan sonuncu yaşayış yeri üzrə göndərilir. Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Mülki Prosessual Məcəllədə xüsusi icraat qaydasında digər işlərlə yanaşı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlərə də baxılması müəyyən olunmuş və bu zaman “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş halların nəzərə alınması qeyd olunmuşdur (Maddə 355-8.1.). Hazırkı halda ərizəçi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-2-ci hissəsinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılaraq səlahiyyətli dövlət orqanlarından məsələyə dair əsasən müsbət rəylər toplanmışdır. Bununla yanaşı iş materiallarında olan X3, Sənaye və Elm Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 7/15-k nömrəli arayışında X9 01 noyabr 2019-cıı il tarixdən hazırkı vaxta qədər X6, Sənaye və Elm Nazirliyində layihələri müşayiət etmə İdarəsinin layihələrin müşayiəti şöbəsində baş analitik vəzifəsində işlədiyi qeyd olunmuşdur. (ТЛ-İİİ № ******* nömrəli əmək kitabçasının sürəti 16-18-ci bəndlər). Məhkəmə Maraqlı şəxs Əyyub oğlunun Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsini, onun həmin dövlətin dövlət orqanında könüllü xidmət etməsini, habelə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikası vətəndaşlığının itirməsi ilə bağlı icraatla bağlı onun dövlət qarşısında icra edilməmiş öhdəliklərinin və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olmamasına dair rəyini nəzərə alaraq hesab edir ki, ərizə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci və ikinci hissələrinin dispozisya şətlərinə uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ərizəsi əsaslı olduğundan təmin edilməli, xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikasının Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuş Maraqlı şəxs Əyyub oğlunun (X11) Azərbaycan Respublikası vətəndaşlığı itirilmiş hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 234, 355-8 -355-10-cu maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏTETDİ:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Maraqlı şəxs Əyyub oğlunun (X11) Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə dair ərizəsi təmin edilsin. xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikasının Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuş Maraqlı şəxs Əyyub oğlunun (X11) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar