Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3820/2023 04.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanda yerləşən(abunə kodu **********4002A) elektrik sayğacı üzrə xx.xx.2023-cü il tarixli akta əsasən əsassız hesablanmış 763,67(yeddi yüz altmış üç manat 67 qəpik) manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda quraşdırılmış elektrik sayğacına onların məlumatı olmadan xx.xx.2023-cü il tarixdə baxış keçirmişlər və həmin tarixdə 032793 nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın girişində sxemin pozulması, faza xəttinin qrifinə sıfır xəttinin daxil olması, sıfır xəttinin qrifinə isə faza xəttininin daxil olması göstərilmişdir. Həmçinin aktda qapının açılmaması qeyd edilmişdir. Həmin vaxt onlar evdə olmamışlar, göründüyü kimi akt onların iştirakı ilə tərtib edilməmişdir.Nəticədə 763,67 manat borc hesablanmışdır. Elektrik sayğacına heç bir kənar müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş sərfiyyat hesablanmışdır. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan enerji itkisi hesablanmışdır, tərəfindən qeyriqanuni istifadəyə yol verilməmişdir və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Abonentin saldosundan da görünür ki, aylıq ödəmələr elektrik enerjisindən əlavə istifadəyə şübhə doğurmur. O, hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir və itirilmiş enerji sərfiyyatı hesablanmışdır. Onlar bu barədə qaynar xəttə müraciət etmişlər, iş günlərində yaxınlaşacaqlarını bildirmişlər, lakin növbəti iş günündə onlara məlumat vermədən xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları sayğacı çıxararaq aparmışlar və evə verilən elektrik enerjisini dayandırmışlar. Bir il əvvəl cavabdehin əməkdaşları sayğacda hansısa təmir işlərini aparmışdılar. Sayğacın az yazdığını bəhanə etmişlər, halbuki sayğacın az yazdığı dövrlərdə evlərində qarət olduğundan onlar evdə olmamışlar. Artıq 4 gündür ki, evə elektrik enerjisi verilmir. Sayğac küçədə yerləşir, sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və elektrik qurğusuna texniki baxış keçirməli idi. “Elektrik enerjisindən istifadə Qaydaları” cavabdeh tərəfindən kobud şəkildə pozulmalıdır. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, enerji paylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, sayğaca müdaxilə əlavə enerjidən istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, tərəfindən istifadə edilmiş enerji sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə, bunu müəyyənləşdirmək mümkündür. Sayğaca vaxtında baxış keçirilməməsi, birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş halların da aradan qaldırılması birbaşa cavabdehin borcudur. Onun qeyri-qanuni istifadə etməsi ilə bağlı hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərini qəbul etmədiklərini, sübutları məhkəməyə təqdim etdiklərini bildirmişdir. Məhkəmə iclasında iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilmiş, bu da "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən aşkar edilmiş, nəticə etibarı ilə sayğaca qanunsuz müdaxilə edilməsi faktı ilə əlaqədar 18 may 2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən isə iddiaçıya cəmi 753,17 manat məbləğində borc hesablanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 18 may 2023-cü il tarixli, NDM 032793 nömrəli aktın surətindən görünür ki, **********4002A saylı abunə kodlu elektrik sayğacına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın girişində sxem pozulmuşdur. Belə ki, faza xəttinin qrifinə şifer xətti daxil olur. Sıfır xəttinin qrifinə isə faza xətti daxil olur. Kənar mənbədən götürülmüş sıfır xətti vasitəsi ilə sayğac dövrədən kənarlaşdırılmışdır. Akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları A.Quliyev, G.Vəliyev tərəfindən imzalanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 22 may 2023-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərinin surətindən görünür ki, İddiaçı məxsus ünvanda **********4002A saylı abunə kodlu elektrik sayğacının girişində sxem pozulmuşdur. Belə ki, faza xəttinin qrifinə sıfır xəttə daxil olur, sıfır xəttinin qrifinə isə faza xətti daxil olur. Kənar mənbədən götürülmüş sıfır xətti vasitəsilə sayğac dövrədən kənarlaşdırılıb. İstehlakçıya itirilmiş enerji sərfiyyatına görə 753,17 manat cərimə hesablanması qərara alınmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qərarın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qərarın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 18 may 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********4002A) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, həmin ünvanda sayğaca müdaxilə edilməsi faktı aşkar edilmiş, bununla əlaqədar NDM 032793 nömrəli akt tərtib edilmiş və akta əsasən iddiaçıya 753,17 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, akt tərtib edilərkən cavabdehin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin) iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilməmişdir. Həmçinin, iş materialları ilə sayğacın iddiaçının evin çöl divarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş 18 may 2023-cü il tarixli NDM 032793 nömrəli akt etibarlı deyildir. Lakin iddiaçı iddia tələbində 18 may 2023-cü il tarixli akta əsasən hesablanmış 763,67 manat borcun silinməsini xahiş etsə də, iş materialları ilə mübahisəli akta əsasən 753,17 manat borcun hesablanmasını nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli və hesablanmış 753,17 manat məbləğində borc silinməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti də 753,17 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli NDM 032793 saylı akta əsasən hesablanmış 753,17 manat məbləğində borc İddiaçı məxsus **********4002A saylı abunə hesabından silinməli, habelə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 18 may 2023-cü il tarixli NDM 032793 saylı akta əsasən hesablanmış 753,17 (yeddi yüz əlli üç manat 17 qəpik) manat məbləğində borc İddiaçı məxsus **********4002A saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3820/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3820/2023
04.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver