Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3870/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 4-cü küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə ilə (sayğaca müdaxilə ilə) əlaqədar qaz idarəsinin işçiləri tərəfindən tərtib edilmiş ******* saylı, 19 yanvar 2022-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında qanunsuz və əsassız olaraq hesablanmış 539,24 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 4-cü küçəsində yerləşən fərdi yaşayış evində qazdan istifadə ilə (sayğaca müdaxilə ilə) əlaqədar hesablanmış 518,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, , ailə üzvləri ilə birlikdə 2011-ci il tarixdən yuxarıda göstərdiyi ünvanda yaşayır. Ailə üzvləri üç nəfərdən ibarətdir. Ona məxsus olan həmin ev yerdən bir neçə daş qəlbi, dörd otaq, bir mətbəx və kolidordan ibarət bir mərtəbəli həyət evidir. Evdə qazla işləyən cihaz mətbəxdə olan dörd gözlü qaz plitəsindən ibarətdir. Adı gedən evə qanuni əsaslarla öz adına kod açdırıb, qaz xətti çəkdirmişdir. İlk vaxtlar onun evinə smart kartla işləyən qaz sayğacı qoyulmuşdu. Sonradan isə həmin sayğacı dəyişib, yerinə mexaniki sayğac qoyuldu. Uzun illərdir ki, onun evinə aid qaz sayğacı mexaniki sayğacdır. Özü qanunu sevən və ona riayət edən bir insan kimi komunal xərclərini daima vaxtlı vaxtında ödəmişdir. Bu günə kimi heç vaxt komunal xidmətlər üzrə borcu və ya ödənişlərdə hər-hansı bir gecikməsi olmamışdır. Həmin evdə qazdan istifadə ilə əlaqədar ünvan belədir: ünvan 1net kodu: **********11950 saylıdır. Onun həmin evinə aid qaz sayğacı evdən təxminən 50-60 metr kənarda, küçədə, yolun kənarında quraşdırılmışdır.Smartkart sayğacını dəyişib mexaniki sayğacla əvəz edəndən sonra isə o, həmin sayğaca yaxın getməmiş və evinə gələn qaz istifadəsinə dair qəbzlər əsasında işlətdiyi qaza dair vaxtlı-vaxtında ödənişlər etmişdir. Təxminən 3-4 ay əvvəl hiss etmişdir ki, sayğacdan səs gəlir. Bu hal müxtəlif vaxtlarda bir neçə dəfə baş verdi. Bir neçə qonşudan bu barədə soruşanda onlardan bir neçəsi də bildirdilər ki, onlarında qaz sayğaclarından hərdən qeyri adi səslər gəlir. Odur ki, bu vəziyyət barədə dərhal aidiyyəti qaz idarəsinə məlumat vermiş və xahiş etmişdir ki, sayğaca onun iştirakı ilə baxış keçirib, onda hər-hansı bir qüsur və çatışmamazlığın olub-olmamasını aşkar etsinlər. Lakin qaz idarəsindən onun müraciətinə cavab verilmədi. Bundan sonra müxtəlif vaxtlarda çoxlu müraciətlərindən sonra ona zəng edib nə vaxsa gələcəklərini bildirdilər. Lakin heç bir nəticəsi olmadı. Nəhayət təkrar etdiyi müraciətlərdən sonra ona gəldiklərini bildirdilər. O da, sayğacının yanına gələndə görmuşdur ki, qaz idarəsinin işçiləri onun sayğacını iştirakı olmadan söküblər. Onlara öz etirazımı bildirmiş və onların bu hərəkətləri barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Sonra onlar tərəfindən bildirildi ki, guya onun qaz sayğacına müdaxilə edilib. Onlar cihazın üzərində olan deşiyi göstərib dedilər ki, sayğacına müdaxilə olunub. Özü eşitmişdir ki, sayğaclara qaz işçilərinin özləri müdaxilə edirlər. Yəni onlar sayğacı açarkən abonenti (ev sahibini) çağırmır və özbaşına açıb, istədiyi qanunsuz hərəkətləri edirlər. Sonra da guya sayğaca müdaxilə olunduğunu bildirərək abonentə qanunsuz cərimə yazdırırlar. Onlar dedilər ki, ola bilsin ki, münaqişədə olan qonşular onun sayğacına müdaxilə ediblər. İşçilərə bildirmişdir ki, birinci onunla münaqişədə olan qonşusu yoxdur. İkincisi də qonşunun nəyinə gərəkdir ki, onun sayğacına müdaxilə etsin. Bu mümkünsüz haldır. Onlar açdıqları sayğacın yerinə yeni mexaniki sayğac bağlayıb, açdıqları sayğacı isə özləri ilə apardılar.Təxminən bir həftə əvvəl məlum oldu ki, ona 539,24 manat cərimə yazılmışdır. Özü bunu dəqiqləşdirmək üçün Xırdalan şəhərində yerləşən QAZ idarəsinə müraciət etmişdir. Oradan təqdim edilmiş "Abonentin Sandosu" nda onun 2022-ci ilin aprel ayına 539,24 manat borcu olduğu göstərilmişdir. Lakin onun bu qədər borcu ola bilməz çünki, hər ay heç bir gecikdirmə olmadan işlətdiyi qazın haqqını vaxtlı-vaxtında ödəyir. Orada bildirdilər ki, bu cərimə sayğaca edilən müdaxiləyə görə yazılmışdır. Qaz idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, 19 yanvar 2022-ci il tarixli AKT-da da göstərilir ki, guya onun evinə aid qaz sayğacına müdaxilə olunmuşdur. Həmin əməkdaşların yazdıqları həqiqətə uyğun deyil. Ona görə ki, o, həmin AKT-da adları yazılmış qaz idarəsinin işçiləri sayğacı yanında və ya iştirakı ilə açmamış və öz başına açmışlar. Həmin AKT əsasında ona qanunsuz və əsassız olarq 539,24 manat cərimə yazılmışdır. Adına qanunsuz və əsassız cərimə yazılmasına əsas olan ******* saylı, 19 yanvar 2022-ci il tarixli AKT məndə olan digər sənədlərlə birlikdə iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, ona məxsus evə qazdan istifadə ilə əlaqədar 539,24 manat cərimənin yazılması əsassız və qanunsuzdur. Çünki, əgər onların qeyd etdikləri kimi tərəfindən sayğaca müdaxilə aşkar edilsəydi, bu zaman onun iştirakı təmin edilər və sayğac onun iştirakı ilə açılardı. Lakin yuxarıda göstərdiyi kimi onlar iştirakı olmadan bu hərəkətləri etmişlər. Ümumiyyətlə, həmin ərazidə qaz idarəsinin əməkdaşları tərəfindən belə qanunsuz hərəkətlər eşitdiyinə görə tez-tez baş verir. Belə ki, cavabdeh idarənin ərazi üzrə əməkdaşları tərəfindən təkcə ona deyil, ümumiyyətlə, qazdan istifadə ilə əlaqədar həmin ərazidə yaşayan sakinlərin barəsində qanunsuz və əsassız cərimələr yazılmış və ödəmək istəməyənlərin qazları qanuni əsas olmadan dayandırılmışdır. Odur ki, adına yazılmış bu cəriməni qanunsuz və əsassız hesab edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, Onun qaz sərfiyyatına görə borcu yoxdur. Akta görə hesablanmış borc məbləğini isə qəbul etmir. Təxminən 3-4 ay əvvəl sayğacından səs gəldiyini müşahidə etmişdir. Qaynar xəttə zəng vuraraq sayğacda nasazlıq olduğunu onlara desə də, əməkdaşlar gəlib sayğaca baxmamışlar. Bundan sonra təkrar müraciətlərindən sonra onun iştirakı olmadan gəlib sayğacı sökərək ,sayğaca qanunsuz müdaxilə olunduğunu bildirib akt tərtib etmişlər. Sayğac mexaniki idi, evə qaz gəlsə də, sayğac fırlanmırdı. Sayğac evdən təxmini 50 metr aralıda yerləşir. Onun sayğaca heç bir qanunsuz müdaxiləsi olmamışdır. Əgər müdaxilə etmişsə, nəyə görə qaynar xəttə zəng vurub onlara məlumat versin ki. Evdə 4 göz qaz qurğusu, su qızdırıcı, ceyran peçi, bayırda 1 ədəd 2 göz qaz qurğusu vardır. Kombi yoxdur. Qaz sərfiyyatına görə nə qədər ödəniş etdiyini bilmir, çünki ödənişləri qardaşı həyata keçirir. Artıq 2 aydır ki ünvana yeni qaz sayğacı qoyulmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, borc məbləği iddiaçının təqdim etdiyi akta görə hesablanmayıb. İddiaçının 518,40 manat borcu var. Belə ki, hər kuba görə 12 qəpik olmaqla itirilmiş sərfiyyat üzrə borc hesablanmışdır. İddiaçının evinə quraşdırılmış sayğac dəyişdirilmiş və itirilmiş sərfiyyat hesablanmışdır. Sayğacın mexaniki hissəsində göstərici dəqiq göstərir. Sayğac çıxarılan zaman sayğacdan keçən qaz 3150 kub.m olub. İddiaçının akt görə 518,40 manat məbləğində borcu var. Evdə ceyran peçi, 4 göz qaz qurğusu, su qızdırıcısı vardır. Bütün bu qurğulara baxmayaraq onun sərfiyyatı həddindən artıq az göstərilir. Sərfiyyatın az olması sayğaca müdaxilə olunduğuna əsas verir.
6. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixində elektron qaydada iddiaya etirazını təqdim edərək, iddia tələbinin qanunsuz və əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı əsassız olaraq ona Birlik tərəfindən 533.40 manat (reallıqda isə sayğaca müdaxilə faktına görə hesablanmış məbləğ 518.40 manat təşkil edir, bu məbləğ saldodan da aydın şəkildə əks olunmaqdadır) borc hesablandığını iddia edərək həmin borcun silinməsini xahiş etmişdir. Belə ki, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilməklə **********64 saylı sayğac yeni sayğacla əvəz edilmiş və çıxarılmış sayğac laboratoriyada yoxlamadan keçirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, **********64 nömrəli sayğacın yoxlanması barədə xx.xx.2022ci il tarixli 29/1710-00443-1 nömrəli akt əsasında "Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşilmişdir" şəklində rəy verilmişdir. "Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə" "Azəriqaz” İB-nin direktoru tərəfindən xx.xx.2018ci il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022 ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 518.40 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı" Müqaviləsinin 2.3.4.-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı "Azəriqaz” İB-yə tərəfindən hesablanmış 533.40 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. BRQDS-nin böyük mühəndisi Verdiyev Mahir və çilingər Mehtiyev Elçin və istehlakçının nümayəndəsi Cəbrayılov Cəbrayılın iştirakı ilə tərtib edilən 29 iyun 2022-ci il tarizli istehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, İddiaçı aid mənzilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, G-4 markalı, 40032477 nömrəli qaz sayğacı 344 №-li qutuda yerləşir.Hal-hazırda mənzildə təmir işləri gedir və qaz cihazları qaz xəttinə qoşulmayıb. QP-4 qaz cihazı eyvanda açıq şəraitdə quraşdırılıb.Mətbəxdə,hamam otağında qaz cihazı yoxdur, boru sonluğu vardır.
9. Abonentin saldosundan görünür ki, 2022-ci ilin fevral ayında abonentə 518,40 manat məbləğində qalıq borc hesablanmışdır.
10. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı 19 yanvar 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus G-4 **********4 markalı zavod nömrəsi olan mexaniki tipli sayğac, G-4 Natek markalı, 40032477 nömrəli sayğacla dəyişdirilmiş, sayğacın quraşdırılması səbəbi kimi sayğaca müdaxilə qeyd edilmişdir. Həmçinin aktda sayğacın hesablayıcı mexanizminin alt tərəfində iki ədəd deşik olduğu aşkarlandığı qeyd edilmişdir.
11. Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə № MSK 29/1710-00443-1 saylı aktdan görünür ki, **********4 zavod nömrəli sayğacda 11847878 №-li plomb kəsilərək, G-4 SM /6188 saylı qutu açılmışdır. Sayğaca baxış keçirilmişdir. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşici alətlə deşilib.
12. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus ünvanda MSK-29/1710-00443-1 saylı rəyinə əsasən **********4 saylı sayğacdan qaz keçir, sayğacın hesablanma mexanizmi keçən qazın həcmini qeyd etmir.
13. 28 fevral 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, 045 Müşviqabad yeni yaşayış-0001-1950 ünvanında sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 28 fevral 2022-ci il tarixli 29/1710-00443-1 №-li aktına əsasən G-4 markalı, **********4 №-li sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşilib. Nəticədə dəymiş ziyanın məbləği 4320 kub.m hesablanmışdır.
14. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı iştirakı ilə tərtib edilən 18 fevral 2022-ci il tarixli aktdan görünür ki, BRQSD-nin Metrologiya departamentinə gətirdiyi G-4 **********4 markalı zavod nömrəli olan mexaniki tipli qaz sayğacına birlikdə baxış keçirilmişdir. 11847878 №-li plomb kəsilərək, G-4 SM/6188 saylı qutu açıldı. Sayğaca baxış keçirildi. Sayğacdan qaz keçir. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacn hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşici alətlə deşilib. Mexaniki göstərici 03150 kub.m-dir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia edir ki, onun abonent hesabına əsassız olaraq 518,40 manat borc hesablanmışdır. O, tərəfindən sayğaca qanunsuz müdaxilə edilmədiyini, əksinə öz təşəbbüsü ilə sayğacın işlək vəziyyət saxlamaq niyyətində olduğunu bildirir. Belə ki, sayğacının nasaz vəziyyətdə olması barədə o, özü cavabdehə məlumat vermişdir. Həmçinin hər ay sərfiyyata uyğun ödənişləri vaxtında həyata keçirmişdir.
16. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək, bildirir ki, xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilməklə **********64 saylı sayğac yeni sayğacla əvəz edilmiş və çıxarılmış sayğac laboratoriyada yoxlamadan keçirilmiş, **********64 nömrəli sayğacın yoxlanması barədə xx.xx.2022-ci il tarixli 29/1710-00443-1 nömrəli akt əsasında "Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən deşilmişdir" şəklində rəy verilmişdir. Rəy əsasında "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022 ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 518.40 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir.
17. Faktiki olaraq, iddiaçıya məxsus **********64 saylı sayğac dəyişdirilən zaman sayğacın mexaniki göstəricisi 3150 kub.m olmuş, sayğac yoxlanması zamanı dəymiş ziyanın məbləği isə 4320 kub.m hesablanmışdır. Nəticədə itirilmiş sərfiyyata görə borc, hər kub.m üçün 0,12 qəpikdən hesablanmaqla, 518,40 manat məbləğində borc hesablanmış və 2022-ci ilin fevral ayında abonentin saldosuna daxil edilmişdir
18. Abonentin saldosundan görünür ki, istehlakçı tərəfindən qış aylarında ortalama 300- 500 kub.m, yay aylarında isə 50-150 kub.m qaz sərfiyyatı edilmişdir. İddiaçı tərəfindən də, sərfiyyata müvafiq ödənişlər edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
19. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
21. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
22. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
23. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
24. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
25. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
26. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
27. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
28. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
29. Məhkəmə Mülki-Prosessual Məcəllənin müəyyən etdiyi sübutetmə yükünün bölgüsü baxımından hesab edir ki, istehlakçıya hesablanmış borcun düzgünlüyünü sübut etmək yükü istehsalçının üzərinə düşür.
30. Çünki istehsalçı tərəfindən iddiaçıya məxsus **********64 saylı sayğac yeni sayğacla əvəz edilmiş və çıxarılmış sayğac laboratoriyada yoxlamadan keçirilmiş və sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi əsas gətirilərək xx.xx.2022 ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 4320 kub.m hesablanmışdır.
31. İddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsidir. Buna baxmayaraq, iddiaçı sayğacında yaranmış nasazlıqlarla əlaqədar dəfələrlə iddiaçıya müraciət etsə də, göstərilən nasazlıqlar aradan qaldırılmamışdır. Belə olan halda sayğacın hesablama mexanizminin işləməməsində istehlakçının təqsirinin olması sübut edilmir.
32. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
34. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
35. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, sayğaca müdaxilə faktı və bunda iddiaçının təqsiri müəyyən edilmədiyindən, yəni sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilməsi barədə sübut təqdim olunmadığından, iddiaçı cavabdehə sayğacın işləmədiyi barədə vaxtında xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh lazımi tədbirləri görmədiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borc silinməlidir.
37. Eyni zamanda qeyd edilməlidir ki, abonentin saldosundan da müəyyən edildiyi kimi iddiaçı əvvəlki illərdə də sərf məbləğinə mütənasib olaraq ödənişlər etmiş və onun qazdan orta aylıq sərfinin həcmi 300-400 kub metr olmuşdur. Odur ki, iddiaçının sayğacın mexaniki göstəricisinə uyğun olaraq da hüquqa zidd hərəkət etməsi halı müəyyən edilmir. Belə ki, sayğacın dəyişdirilməsinə qədər sonuncu göstəricisi 2847 kub metr olmuş və sayğacın çıxarıldığı zaman qeyd edilən mexaniki göstəricisinə uyğun sərfin həcmi 303(3150-2847) kub metr təşkil etmişdir. Bu səbəbdən cavabdehin itirilmiş qazın dəyəri kimi 4320 kub metr həcmində iddiaçıdan zərər tələb etməsi də əsassız olmuşdur. Tətbiq edilən prosessual normalar
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
41. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
42. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
44. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
45. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
47. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 518,40 məbləğində pul vəsaiti İddiaçı abonent hesabından (abonent kodu **********11950) silinməli və istehlakçının ödəməkdən azad olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 518,40 (beş yüz otuz üç manat, qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabından (abonent kodu **********11950) silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev