Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3870/2025 02.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Daxil oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzil hədiyyəsinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Daxil oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən mənzil hədiyyə müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin onun adına geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı bir neçə əsasa görə mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır; Hazırda iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununu müəyyən edən prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilə bilməz. Birincisi, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların göstərilmədiyi və bu barədə müvafiq sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir, halbuki prosessual qanunvericiliyin imperativ tələbinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman cavabdehin soyadı, adı, atasının adından başqa, onun şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatları(şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya FİN nömrəsi) göstərilməlidir. Hansı ki, elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlarda Cavabdeh1 adlı şəxsin aktiv sənədi aşkar edilməmiş, Cavabdeh2 adlı isə 6 şəxs aşkar edilmişdir. İkincisi, mülki-prosessual qanunvericiliyin mənasına görə iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Lakin iddia ərizəsində 2 cavabdeh cəlb edilsə də, onların hər birinə qarşı yönəldilən tələbin nədən ibarət olması qeyrimüəyyəndir, bundan əlavə etibarsızlığı tələb edilən müqavilənin surəti qoşma kimi iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında göstərilsə də, əlavə edilməmişdir. Üçüncüsü, iddia ərizəsinə cavabdehlərin sayına uyğun iddia ərizəsi əlavə edilməmişdir. Dördüncüsü, hazırki iddia ərizəsinin məhkəmə icraatı dövlət rüsumunun lazımi qaydada ödənilməməsinə görə də mümkün deyildir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 4.3-cü maddəsinə əsasən dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.İddiaçının dövlət rüsumunun ödənilməsindən azad edilməsi halı isə iş materialları ilə müəyyən edilmir. Nəzərə alınmalıdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa görə qiymətləndirilməyən iddialar üzrə dövlət rüsumunun məbləği 100 manat, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi, iddia ərizəsi prosessual məcəllənin forma və məzmun tələbinə uyğun təqdim edilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir və aşağıdakı normalara əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 39, 149-152-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Daxil oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzil hədiyyəsinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3870/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3870/2025
02.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver