Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-389/2021 03.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X7, Birləşdirilmiş iş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinə digərlərinin hüquqlarının pozulmasının aradan qaldırılması, vurulmuş zərərlərin tutulması” tələbi və birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh və üçüncü şəxs Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, 151 saylı uşaq bağçasının yanındakı ünvan Cavabdeh qanunsuz zəbt etdiyi 636 kv.m olan torpaq sahəsi üzərində hüquqlarını müəyyən edilməsi haqqında sənədlər tələb edilməklə, torpaq sahəsini tikintidən əvvəlki vəziyyətə qaytarılması barədə öhdəlik qoyulması,cavabdehin özbaşına tutduğu torpaq sahəsində apardığı tikinti inşaat işləri nəticəsində vurduğu ziyanın dəyəri olaraq təxminən 300.000 manat məbləğində pul vəsaitinin tutularaq bələdiyyənin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edərək,cavabdeh X6 digərinin hüquqlarının pozulması ilə müşayiət olunan hərəkətlərinin qarşısının alınmasına, istinad etdiyi torpağa və üzərində inşa etdiyi tikililərə hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması, cavabdehin faktiki istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, 151 saylı uşaq bağçasının yanında 636 kv.m torpaq sahəsinə görə 318000 manat və itirilmiş fayda kimi 826,8 manat, ümumilikdə 318826,8 manat vurulmuş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh torpaq üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədləri olmadan, saxta sənədlər tərtib edərək, Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin balansında olan 636 kv.m torpaq sahəsi üzərində özbaşına tikili aparmışdır. 7-ci mkr, 244 saylı məktəbin yanında “Ekomark” adlı obyekt inşa etmişdir. Belə ki, cavabdeh həmin ünvanda yerləşən torpaq sahəsinin guya onun mülkiyyətinə verilməsi haqqında 187 saylı xx.xx.2007-ci il tarixli saxta sənəd, saxta bələdiyyə qərarı hazırlayaraq , sözügedən ərazini zəbt etmişdir. Saxta sənəddə göstərilir ki, guya həmin ərazi bələdiyyə tərəfindən cavabdehə verilmişdir. Bələdiyyənin elektron bazasında həmin şəxsə dair heç bir məlumat yoxdur. Şəxs bu günə kimi əmlak və torpaq verisi ödəməkdən yayınır. Nəticədə bəlli məbləğdə maliyyə vəsaiti təxminən 300000 manat məbləğində vəsait əldən çıxmış fayda kimi qəbul edilməlidir. Belə ki, 636 kv.m torpaq sahəsinin sotunun hazırda bazar qiyməti 50000 manat məbləğindədir. Eyni zamanda cavabdeh Bələdiyyənin qeyd olunan ünvanda torpaq sahəsini zəbt edərək, Binəqədi Bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli, 19 saylı ümumi iclasının qərarı ilə Binəqədi rayonu, 7-ci kr, S.S.Axundov küçəsi 151 saylı uşaq bağçasının yanında sahibkarlıq məqsədilə İddiaçı2 ayrılmış 100 kv.m torpaq sahəsinə nüfuz edərək , bir hissəsini zəbt edərək qanunsuz ələ keçirmiş, isifadəsiə götürmüşdür. Cavabdeh 636 kv.m torpaq sahəsini zəbt etməklə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” Əsasnamənin müddəalarının pozmaqla digərlərinin mülkiyyət hüquqlarına ciddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İkinci iddia üzrə İddiaçı2 Cavabdeh və üçüncü şəxs Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən özbaşına tutulmuş Binəqədi rayonu, 7-ci mkr, 151 saylı uşaq bağçasının yanında yerləşən 100 kv.m torpaq sahəsinin onun sahibliyinə qaytarılması, cavabeh tərəfindən qanunsuz işa edilmiş tikilinin ö vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ərizə ilə müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Müraciəti əsasında ona Binəqədi rayonu, 7-ci mkr, 151 saylı uşaq bağçasının yanında 100 kv.m torpaq sahəsinin bələdiyyənin xx.xx.2004-cü il tarixli 19 saylı qərarı ilə icarə əsasında ayrılması məqsədəuyğun hesab edilmişdir. Bələdiyyə tərəfindən ona torpaq sahəsi situasiya planı planı və nəzərdə tutulan torpaq sahəsinin texniki vəziyyəti haqqında xx.xx.2004-cü il tarixli akt ilə təsdiq edilərək verilmişdir. Lakin bir neçə müddətdir ki, onun istifadəsində olan 100 kv.m torpaq sahəsi Cavabdeh tərəfindən özbaşına tutularaq zəbt edilmişdir. Cavabdeh ona məxsus olan ərazidə “Ekomark” adlı obyekt tikmişdir. Bununla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edərək, torpaq sahəsi üzərində aparılan tikintinin dayandırılması, torpaq sahəsinin əvvəlki vəziyətə qaytarılmasını tələb etmişdir. Cavabdeh isə bu xəbərdarlıqlara məhəl qoymamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-4114/2020 saylı mülki iş iddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(001)- 3662/2020 saylı mülki işlə bir icraatda birləşdirilməsi və həmin işlərə bir icraatda baxılması, birləşdirilən mülki işdə 2(001)-3662/2020 nömrəsinin saxlanması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçı Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi birinci iddiaya münasibətində izahatında bildirmişdir ki, torpaq sahəsinə cavabdehin hüquqlarının olması müəyyən edilməmişdir. Nə DƏDRX tərəfindən, nə də vergi təşkilatında vergi ödəyicisi kimi adı qeydiyyatdadır. 2000-ci ilin sərəncamla həmin torpaqlar bələdiylərə verilmişdir. Sərəncamın özündə cizgilər vardır. Həmin cizgilərlə Bələdiyənin sərhədləri müəyyən olunur. Qeyd etdiyi sərəncam Bakı şəhəri İHB-nin xx xxxxxx 2000-ci il tarixli sərəncamıdır. Ədliyə nazirliyi bələdiylərlə iş mrəkzəi məktubu vardır ki belə bir qərar aşkar olunmamışdır DƏDRX-də Sabitə dair heç bir hüquq qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilən cavabda 187 saylı qərarın tarixinin xx.xx.2007-ci il yox, xx.xx.2007-ci il olaraq qeyd edilməsi və həmin qərarın X3 barəsində olması qeyd edilir. Cavabdehin məhkəməyə təqdim etdiyi sənəd əslində qəbul edilməmişdir. Əgər sənədin əsli varsa ekspertiza təyin edilsin. Həmin vaxt Bələdiyyənin sədri vəzifəsində işləmiş şəxs sağdir. Və ora vurulmuş möhür qüvvədə olan möhür deyildir. Bələdiyyə elə bir sənəd qəbul etməmişdir. Ortada qanunsuz sənəd vardır. Torpaq isə bələdiyənin torpağıdir. Bələdiyənin həmin torpaq sahəsi üzərində hüquqları vardır. Müəyyən prosedurla icarəyə verilə bilər. Lakin faktiki olaraq bələdiyyənin mülkiyətində olan torpaqlarla bagli çıxarışlar yoxdur. Mülkiyətlərində olan torpaq sahələrinin çıxarışla təsdiq olunmasına ehtiyac yoxdur. İkinci iddiaya münasibətdə müstəqil təəb irəli sürməyən üçüncü şəxs kimi iddianı əsaslı hesab etdiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmışsa, həmin müqavilə üzrə ödəniş qəbzi olmalıdır. İddiaçını tikintinin sökülməsini tələb etməyə subyektiv hüququ vardır. Məhkəmə iclasında iştirak edən hər iki iddia üzrə Cavabdeh nümayəndəsi, Vəkil1 izahatında 1-ci iddiaya münasibətdə bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S. Axundov küçəsi, 151 saylı uşaq bağçasının yanındakı ünvanda 636 kv.m torpaq sahəsinin qanunsuz zəbt etdiyini bildirir. Halbuki, həmin ərazidə nə cavabdehə məxsus torpaq sahəsinin ölçüsü 636 kv.m-dir, nədə ki, cavabdeh tərəfindən heç bir özbaşına tikili inşa edilməmişdir. Əksinə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 187 №-li qərarına əsasən iddia ərizəsində göstərilən ərazinin ölçüsü 636 kv.m deyil, 180 kv.m olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün cavabdehin mülkiyyətinə verilmişdir. Torpağın cavabdehin mülkiyyətinə verilməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Binəqədi Bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış xx xxxx 2007-ci il tarixli 119 №-li alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən həmin ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin memarlıq planlaşdırma həlli Binəqədi RİH ilə razılaşdırılmış və icra hakimiyyəti tərəfindən onun tikintisinə icazə verilmiş, inşa edilmiş obyektin qazlaşdırılması üçün “xxxx” MMC tərəfindən hazırlanaraq, “Azəriqaz” İB ilə razılaşdırılmış və Azərbaycamn Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində qeydə alınmış işçi layihə əsasında qaz təchizatı üçün texniki şərtlər , eləcə də, su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması və elektrik enerjisi təchizatı üçün bütün müvafiq texniki şərtlər alınmışdır. Digər tərəfdən cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaması cavabdehin həmin torpaq sahəsindən istifadə etmək imkanını istisna etmir. Bundan əlavə iddiaçının iddiasının əsasını təşkil edən hallara dair sübut təqdim edə bilməməsi onun iddiasının əsassız olmasına dəlalət edir. Göründüyü kimi nə cavabdeh tərəfindən torpaq sahəsi qanusuz tutularaq özbaşına tikinti inşa edilmiş, nə də üumiyyətlə cavabdehin mülkiyyətində iddia ərizəsində göstərildiyi ölçüdə, yəni 636 kv.m ölçüdə torpaq sahəsi mövcud deyil. Həmçinin bildirmişdir ki, 13 il ərzində nə üçün bələdiyyənin saxta sənədlərdən məlumatı olmamışdır. Ərazi 2007-ci ildən cavabdehin sahibliyindədir. Bələdiyyəyə alınan torpaq sahəsinə dair ödəniş qəbzi yoxdur. Tikinti isə 2017-ci ildə aparılmışdır. Hər iki iddia üzrə Cavabdeh nümayəndəsi, Vəkil1 ikinci iddiaya münasibətdə qeyd edir ki, Cavabdeh mübahisəli torpaq sahəsinin hüququnun olmasını təsdiq edən bələdiyənin 187 saylı qərarı və xx.xx.2007-ci il tarixli 119 saylı alğı-satqı müqaviləsi və icarəyə verilən torpaq sahəsinin ayrıc aktı mövcuddur. İkinci iddia üzrə iddiaçının isə həmin torpaq sahəsinə dair alğı-satqı müqaviləsi belə yoxdur. Qəbul edilən qərarın isə qüvvədə olub-olmaması mübahisəlidir. Məhkəmə iclasında iştirak edən X4 nümayəndəsi, Vəkil2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hər iki iddia üzrə cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərin həqiqiliyində şübhə vardır. Mübahisənin düzgün həlli üçün birinci iddia üzrə iddiaçının qeyd etdiyi kimi ekspertiza təyin edilməlidir. X4 mübahisəli torpaq sahəsinin 100 kv.m sahəsinə hüququnu təsdiq edən bələdiyyə qərarı vardır. Həmin qərar isə qanuni şəkildə qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinə digərlərinin hüquqlarının pozulmasının aradan qaldırılması, vurulmuş zərərlərin tutulması” tələbinə dair iddiası və birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh və üçüncü şəxs Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilən xx xxxx 2007ci il tarixli 187 saylı “vətəndaş Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında qərardan görünür ki, Binəqədi rayonu, 7-ci mkr, S.S. Axundov küçəsi, 151 saylı uşaq bağçasının yanında 180 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Cavabdeh mülkiyyətinə verilməsi, Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinə vətəndaş Cavabdeh ilə alğı-satqı müqaviləsinin bağlanmasının tapşırılması qərara alınmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alğısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx xxxx 2017-ci il tarixli 119 saylı müqavilədən görünür ki, satıcı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri X10 tərəfindən alıcı Cavabdeh mülkiyyətindəki 7-ci mkr, S.S.Axundov küçəsi, 151 saylı bağçanın yanında sahəsi 180 kv.m olan ərazini Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx xxxxx 2007-ci il tarixli Pr N 05 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti üçün alıcıya təqdim edir, alıcı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün təklif edilən sahəni qəbul edir. Torpağın satış qiyməti bazar məzənnəsi, tələb və təklif, sahənin təyinatı, coğrafi, yeri, ölçüsü, keyfiyyəti və digər amillər nəzərə alınmaqla, hər kv.m üçün yan ilə 10 manat məbləğində razılaşdırılmışdır. Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən verilən xx xxxxxx 2004cü il tarixli, 163 saylı vətəndaş İddiaçı2 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin icarəyə verilməsi haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, vətəndaş İddiaçı2 bələdiyyəyə xx xxxx 2004-cü il tarixli ərizə ilə müraciət edərək, Binəqədi rayonu, 7-ci mkr, 151 saylı uşaq bağçasının yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 kv.m torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. Ərizəyə bələdiyyənin xx xxxx 2004-cü il tarixli, 19 saylı ümumi iclasında baxılaraq İddiaçı2 100 kv.m torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir.Nəticədə Binəqədi rayonu, 7-ci mkr, 151 saylı uşaq bağçasının yanında 100 kv.m torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş İddiaçı2 icarə əsasında ayrılması qərara alınmışdır. İqtisadiyyat , sosial məsələlər və ekoloiya şöbəsinin mühəndisi Talıb Talıbov və ərizəçi İddiaçı2 Əlibaba qızı tərəfindən tərtib edilən icarəyə, istifadəyə, mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin texniki vəziyyəti haqqında xx.xx.2004-cü il tarixli, aktdan görünür ki, 7-ci mkr, 151 saylı bağçasının yanında yerləşən Binəqədi rayonu Binəqədi bələdiyyəsinin mülkiyyətində olan 100 kv.m torpaq sahəsi məişəttəsərrüfat tullantıları ilə doldurulan, külək, yağış erroziyasına uğrayaraq dərə-təpəliyə çevrilən qeyri-münbit torpaq sahəsidir. Torpaq sahəsinin altından, üstündən və yaxınlığından yüksək gərginlikli elektrik xətləri keçmir. Yaxınlığıda sənaye, mədəniyyət obyektləri, yaşayış evləri yoxdur. Gələcəkdə dövlət əhəmiyyətli, eləcə də, yüksək mərtəbəli evlərin tikilməsi üçün yararsızdır. Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən verilən xx xxxx 2007-ci il tarixli, 187 saylı vətəndaş X1 fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında qərarın surətindən görünür ki, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 36 saylı yaşayış binasının yanında 100 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş cizgi əsasında X3nun mülkiyyətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminova göndərilən xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, 151 saylı uşaq bağçasının yanında yerləşən “Ekomart” adlı marketdə fəaliyyət göstərən X11 ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınmış və onun fəaliyyət göstərdiyi təsərrüfat subyekti **********-10001 kodla qeydiyyata götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən tərəfindən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminova göndərilən 09/6-6 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 187 saylı qərarının Bələdiyyələrlə iş mərkəzinə təqdim edilib-edilməməsi barədə sorğuya baxılmış və qeyd olunan qərar Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə göndərilən xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin məsləhətçisi S.Hümbətli tərəfindən verilən xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “xxxx” MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi 151 saylı uşaq bağçasını yanındakı faktiki sahəsi 242 kv.m olan torpaq sahəsi Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmə Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinə digərlərinin hüquqlarının pozulmasının aradan qaldırılması, vurulmuş zərərlərin tutulması” tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir. İddiaçı iddia tələbinin qanuni əsası kimi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Torpaq Məcəlləsinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında “ Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmişdir. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin faktiki əsası Mülki Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyət hüquqların pozulması ilə bağlı mülkiyyətçiyə vurulmuş zərərin əvəzinin ödənilməsidir. Yəni iddiaçı iddia ərizəsini ilkin versiyada torpağın əvvəlki vəziyyətə qaytarılmasını və vurulmuş zərərin əvəzini tələb etmiş, lakin sonradan iddia tələbini dəyişərək hüquq müəyyənedici sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 318000 manat torpağın dəyərinin və əldən çıxmış fayda üçün 826.8 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. Tələbini faktiki olaraq onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində tikilən “Ekomark” adlı obyektin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir və faktiki olaraq 636 kv.m torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir, həmin ərazidə 1 “ar”(0.01Xha) torpaq sahəsinin qiyməti 50000 manatdır, bu halda ümumi məbləğ 318000 manat təşkil edir, torpaq sahəsi bələdiyyənin sahibliyində olsaydı həmin torpaq sahəsinin 1 ili üçün 63.6 manat, 2007-ci ilin iyul ayından hal-hazıradək isə 826.8 manat fayda əldə edəcəkdi. Bununla baqğlı məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddianı verərkən subyektiv hüququnun olması ilə bağlı istinad edə biləcəyi dəlilləri mövcud deyildir. İddiaçı torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirsə də, iş materiallarında olan mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, həmin torpaq sahəsi Binəqədi bələdiyyəsinə ayrılması nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsidir. İddiaçı isə mübahisəli torpaq sahəsinə dair mülkiyyətini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən 636 kv.m torpaq sahəsinin zəbt edildiyi iddia etsə də, cavabdeh ona ayrılan torpaq sahəsinin 180 kv.m olduğunu iddia edir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilən xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi 151 saylı uşaq bağçasını yanındakı torpaq sahəsinin faktiki sahəsi 242 kv.m-dir. Bundan başqa iş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyətinin İstifadəyə(icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktından görünür ki, Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx xxx 2017-ci il tarixli 115 saylı sərəncamı ilə koordinatları Cizgi planında göstərilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində 180 kv.m torpaq sahəsi qeyri-yaşayış binasının tikintisi üçün Cavabdeh ayrılmışdır. Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mübahsiənin yuxarıda qeyd olunan faktiki mahiyyətindən və qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçı əvvəla mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu, cavabdehin sahibliyinin qanunsuz olduğunu sübut etməli və bundan sonra pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı vurulmuş zərəri tələb etməlidir. Lakin iddiaçı mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı hesab edir ki, cavabdehin sənədləri arxiv məlumatlarında yoxdur və onlar saxta hesab edilməlidir. Cavabdeh isə iddiaya etiraz edərək torpaq sahəsini özbaşına zəbt edərək orda tikinti işlərini aparmadığını bildirmiş və etirazını torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə verildiyi və tikintinin Binəqədi rayon İcra Hakimiyyəti ilə müvafiq sənədlər əsasında razılaşdırıldığı ilə əsaslandırmışdır. Eyni zamanda o bildirmişdir ki, həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ rəsmiləşdirilməsə də, onun sahiblik və istifadə hüququ olmuş, bu isə özbaşına zəbt iddialarını istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq edilməsi baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə hər nə qədər vicdanlılıq prinsipi daşınmaz əmlakın reyestrdəki qeydin həqiqiliyi prezupsiyasına əsaslansa da, hazırki mübahisədə cavabdeh Bələdiyyə orqanının qərarına, alqı-satqı müqaviləsinə, ayrıc aktına, müvafiq icra hakimiyyəti orqanın razılığına əsaslanaraq tikinti işləri aparmış və həmin obyektə 4 ildirki faktiki sahiblik etməklə fəaliyyət göstərmişdir. Bu baxımdan cavabdehin mübahisəli torpaq sahəsinə sahibliyinin qanunsuz olduğu qənaətinə gəlmək əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında Cavabdeh adına olan sənədlərin arxiv idarələrində aşkar edilmədiyini əsas gətirərək onun adına verilmiş Bələdiyyə qərarının saxta olmasını bildirir. Bununla bağlı məhkəmə hesab edir ki, dövlət və yerli özünü idarəetmə orqanlarının inzibati aktlarının qanuniliyini(etibarsızlığını, saxtalığını) yoxlamaq mülki məhkəmə icraatının səlahiyyətlərinə aid edilməmişdir. Nə qədər ki qeyd olunan sənədlərin etibarsızlığı məhkəmə qərarı ilə təsbit olunmamışdır, iddiaçının həmin sənədlərin saxta olması ilə bağlı mülahizələri hüquqi nəticə doğurmur. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçı cavabdehin mübahisə predmetini təşkil edən torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu sübut edə bilmədiyindən zərərin tutulması ilə bağlı tələbi əsaslı hesab edilməməklə təmin edilməməlidir. Məhkəmə iddia ərizəsində sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsini də əsassız hesab edir. Belə ki, məhkəmə prosesində artıq həmin sənədlər təqdim edilmiş və iş materiallarına əlavə edilməklə tələbin mahiyyəti aradan qalxmışdır. Məhkəmə birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh və üçüncü şəxs Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı “mülkiyyətin müdafiəsi” tələbinə münasibətdə isə hesab edir ki, yuxarıda qeyd olunan hüquqi mövqeyin təkrarlanması kifayətdir. Belə ki, ikinci iddia üzrə İddiaçı2 Binəqədi rayonu, 7-ci mkr, 151 saylı uşaq bağçasının yanında yerləşən 100 kv.m torpaq sahəsinin onun sahibliyinə qaytarılması və həmin torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı İddiaçı2 tələbini Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli, 163 nömrəli qərarına istinad edərək həmin torpaq sahəsinin onun icarəsinə verildiyi ilə əsaslandırmışdır. Lakin məhkəmə yuxarıda qeyd edilən hüquqi mövqeyini təkrarlayaraq hesab edir ki, hazırki mübahisədə dövlət orqanlarının və ya yerli özünü idarəetmə orqanlarının inzibati aktlarının qanuniliyini(etibarsızlığını, saxtalığını) yoxlamaq mülki məhkəmə icraatının səlahiyyətlərinə aid edilməmişdir. Mülki Məcəllənin 19-cu maddəsində qeyd edilsə də ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər, lakin bu norma dövlət və yerli özünü idarəetmə orqanlarının qəbul etdiyi inzibati aktların qanuniliyini yoxlamaq səlahiyyətini ehtiva etmir. Belə ki, “İnzibati icraat haqqında “ Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilmişdir ki, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli qərarında da, Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqanların təsnifatına aid edilmişdir. Odur ki, ikinci iddia üzrə də iddiaçının hazırki faktiki əsasla sözügedən iddia tələbini vermək üçün subyektiv hüququ olmadığından onun da iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinə digərlərinin hüquqlarının pozulmasının aradan qaldırılması, vurulmuş zərərlərin tutulması” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, birləşdirilmiş iş ürə İddiaçı2 Cavabdeh və üçüncü şəxs Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddiası rədd edilməli,iş üzrə ödənilmiş dövlət rüsumu birləşdirilmiş iş üzrə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinə digərlərinin hüquqlarının pozulmasının aradan qaldırılması, vurulmuş zərərlərin tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Birləşdirilmiş iş ürə İddiaçı2 Cavabdeh və üçüncü şəxs Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu birləşdirilmiş iş üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-389/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-389/2021
03.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver