Məhkəmə qərarları › İş №2(001)-3907/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3907/2022

19.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3907/2022 19.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Azərsu ASC-yə qarşı su sərfiyyatına görə hesablanmış 1577,68 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərsu ASC-yə qarşı su sərfiyyatına görə hesablanmış 1577,68 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, mülkiyyətində olan ünvan 2ov küçəsi 76 saylı evin 19 saylı mənzilində o, ailə üzvləri, mərhum həyat yoldaşı X8, qızı X1, oğlu X9 və qardaşı X3 ilə birlikdə yaşamışdır. Həyat yoldaşı X8 2017-ci ildə vəfat etmiş, qızı X1 2007-ci ildə ailə qurararq başqa mənzilə köçmüşdür. Qızı ailə qurduqdan sonra dünyaya gəlmiş nəvəsinə baxmaq üçün o, 2008-cu ildən qızının yaşadığı ünvan 1 ünvanına köçmüş, həmin vaxtdan qızının ailəsi ilə birlikdə kirayədə yaşayır. Hazırda onun mülkiyyətində olan mənzildə qardaşı X3 və oğlu X12 yaşayırlar. Mənzil cavabdeh Azərsu ASC tərəfindən su ilə təmin olunur. Həmin mənzildə, habelə mənzilin yerləşdiyi binadakı mənzilərin heç birində sayğac quraşdırılmadığından su sərfiyyatının dəyəri Azərsu ASC tərəfindən mənzildə faktiki yaşayan şəxslərin sayına görə hesablanmışdır. 2 ay əvvəl Azərsu ASC-nin əməkdaşları onun mülkiyyətində olan mənzilə gələrək bütün mənzillərə yeni su sayğaclarının quraşdırılacağını bildirmiş, bu barədə qardaşı ona məlumat vermişdir. O da bütün binada olan mənzillərə həqiqətən su sayğaclarının quraşdırıldığı barədə məlumat aldıqdan sonra ona məxsus mənzildə də su sayğacının quraşdırılmasına razılıq vermişdir. Bütün binada yerləşən mənzillərə, o cümlədən də onun mənzilinə Azərsu əməkdaşları tərəfindən yeni su sayğacları quraşdırılmışdır. Lakin xx.xx.2022-ci il tarixdə Azərsu ASC-nin əməkdaşları ona Azərsu ASC-yə su sərfiyyatına görə 1577,68 manat borcu olmasını bildirmişlər. Azərsu ASC tərəfindən su sərfiyatı üçün mənzilə hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Belə ki, borc onun ailə üzvlərinin sayına görə hesablansa da, həyat yoldaşı X8 xx.xx.2017ci il tarixdə vəfat etmiş, o, qızı ilə birlikdə başqa ünvanda yaşayır. Lakin buna baxmayaraq, 2017-ci ildən 2022-ci ilədək, yəni mənzildə sayğac quraşdırılanadək Azərsu ASC ölmüş şəxsin və onların adını da su istifadəçilərin sırasına aid etmiş və müvafiq olaraq borc hesablanmışdır. O, cavabdehə dəfələrlə mənzilində faktiki yaşayan şəxslər barədə məlumat vermiş, lakin onun məlumatları nəzərə alınmamışdır. Digər tərəfdən 2011-ci ildə ölkə başçısı tərəfindən su borcları silinmişdir. Ona görə də Azərsu ASC tərəfindən qanunsuz hesablanmaqla ondan tələb olunan su sərfiyyatı üçün 1577,68 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərsu ASC-nin nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərsu ASC ilə istehlakçı Qədirova arasında bağlanmış xx.xx.2007-ci il tarixli 12280630 saylı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən Azərsu ASC ailə tərkibi 5 nəfər olan istehlakçı Qədirovaya ünvan 2ov küçəsi 76 saylı evin 19 saylı mənzil ünvanı üzrə ASC-yə məxsus su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82-li Dövlət Standartlarının tələblərinə uyğun içməli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, istehlakçı isə su sayğacının göstəricisinə, sayğac olmadığı halda isə qüvvədə olan normativ hüquqi aktlara əsasən dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Azərsu ASC-nin Qədirova ilə bağlanmış № 12280630 saylı müqavilə üzrə abonent kartına əsasən, xx.xx.2021-ci il tarixdə sayğac quraşdırılmış ünvan 3 ünvanı üzrə istehlakçının 2015-ci il üzrə 479,12 manat, 2016-cı il üzrə 113,19 manat, 2017-ci il üzrə 149,5 manat, 2018-ci il üzrə 150,5 manat, 2019-cu il üzrə 153 manat, 2020-ci il üzrə 151,5 manat, 2021ci il üzrə 289,87 manat, 2022-ci il üzrə 174 manat olmaqla yekun borcu 1659,68 manat təşkil edir. İddiaçıdan tələb olunan 1577,68 manat borc 2015-ci ildən sayğac quraşdırılan xx.xx.2021-ci il tarixdək olan dövrü əhatə edir. Mənzildə faktiki olaraq kimlərin yaşamaları, iddiaçının ərinin ölməsi barədə sənədlər Azərsu ASC-yə mülki işə baxılan ərəfədə təqdim edildiyindən həmin sənədlər təqidm olunan tarixdən sonra yaranacaq borc hesablanarkən nəzərə alınacaqdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərsu ASC ilə istehlakçı Qədirova arasında bağlanmış xx.xx.2007-ci il tarixli 12280630 saylı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin surətindən müəyyən olunur ki, Azərsu ASC ailə tərkibi 5 nəfər olan istehlakçı Qədirovaya ünvan 2ov küçəsi 76 saylı evin 19 saylı mənzil ünvanı üzrə ASC-yə məxsus su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82-li Dövlət Standartlarının tələblərinə uyğun içməli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, istehlakçı isə su sayğacının göstəricisinə, sayğac olmadığı halda isə qüvvədə olan normativ hüquqi aktlara əsasən dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli İİ-JQ 448713 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X2 nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında 177 saylı akt qeydi tərtib olunmuş, nikaha daxil olduqdan sonra arvada Qədirova soyadı verilmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 908350 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2017-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1711 № ilə qeyd edilmişdir. Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 358 saylı arayışından müəyyən olunur ki, ünvan 3ndə qeydiyyatda olan X1 2007-ci ildən ailə həyatı qurması ilə əlaqədar anası İddiaçı ilə birlikdə qeyd olunan mənzildə qeydiyyatda olmalarına baxmayaraq 2007-ci ildən həmin mənzildə yaşamırlar. Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 466 saylı arayışından müəyyən olunur ki, İddiaçı ilə birlikdə ünvan 3ndə 4 nəfər qeydiyyatda olsalarda həmin mənzildə 2 nəfər X9 və X4 yaşayırlar. Milliön ödəmə sistemindən çıxarışdan müəyyən olunur ki, abunə kodu **********190 olan Qədirovanın Azərsu ASC-yə borcu 1577,68 manat təşkil edir. Azərsu ASC-nin Qədirova ilə bağlanmış № 12280630 saylı müqavilə üzrə abonent kartından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə sayğac quraşdırılmış ünvan 3 ünvanı üzrə istehlakçının 2015-ci il üzrə 479,12 manat, 2016-cı il üzrə 113,19 manat, 2017-ci il üzrə 149,5 manat, 2018-ci il üzrə 150,5 manat, 2019-cu il üzrə 153 manat, 2020-ci il üzrə 151,5 manat, 2021-ci il üzrə 289,87 manat, 2022-ci il üzrə 174 manat olmaqla yekun borcu 1659,68 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan ünvan 2ov küçəsi 76 saylı evin 19 saylı mənzilində faktiki olaraq İddiaçı, qardaşı X3 və oğlu X12 yaşadıqları halda həmin mənzilə sayğac quraşdırılanadək cavabdeh tərəfindən iddiaçının xx.xx.2017-ci il tarixdə vəfat etmiş əri və 2007-ci ildən nikaha daxil olduqdan sonra mənzildən köçən qızı da nəzərə alınmaqla su sərfiyyatına üçün istehlakçıya 5 nəfər ailə üzvünə görə 1577,68 manat borc hesablanmışdır. İddiaçı mülkiyyətində olan mənzildə yaşamadığını bildirsə də, bu halı sübuta yetirə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışlarına münasibət bildirib qeyd edir ki, bu sübut növləri mülkiyyətində mənzili olan iddiaçının da kirayədə yaşamasını təsdiq edən mötəbər sübut olaraq qəbul edilə bilməz. Azərbaycan Respublikası MM-nin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; Həmin Məcəllənin 552.1.-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1.-cü maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.2.-ci maddəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, 2015-ci ildən öz öhdəliklərini icra etməyən istehlakçının 2017-ci ilədək yaranmış öhdəliklərinə müddətin keçməsinə görə xitam verildiyindən, araşdırma zaman 2017-ci ildən iddiaçının mülkiyyətində olan mənzildə 3 nəfərin yaşaması, həmin ünvana xx.xx.2021-ci il tarixdə su sayğacı quraşdırılması, cavabdehin tələb etdiyi 1577,68 manat borcun mənzilə sayğac quraşdırılanadək olan dövrü əhatə etməsi müəyyən olunduğundan, iddia ərizəsi qismən təmin edilərək cavabdehin iddiaçıya 2017-ci ilədək hesabladığı borc silinməli, 2017-ci ildən 2021-ci ildə daxil olmaqla hesabladığı borc 3 nəfərə görə hesablanmaqla borc məbləği 591,82 manat müəyyən edilməklə 985,86 manat borc silinməlidir. ((1577,68-478,12-113,19=986,37) (986,37:5x3=591,82)) Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Azərsu ASC-nin İddiaçı tələb etdiyi 1577,68 manat borcun 985,86 manatı silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar