Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3909/2024 13.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq hesablanmış 777,60 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Motodram ərazisi (Abonent kodu **********00490) ünvanında ailəsi ilə birlikdə yaşayır. “Azərqaz” İB-nə qaz sayğacının yük maşını tərəfindən vurub sındırılması və qazın gəlməməsi barədə məlumat vermişdir. Daha sonra “Azərqaz” İB-nin öz işçiləri gəlib plombu qırıb, qaz sayğacını çıxarıb, yeni qaz sayğacı quraşdırmışdırlar. Lakin sonradan akt tərtib edilmişdir ki, sayğacın giriş plastmas borusu çatlayıb və sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın plombunun “Azərqaz” İB-nin öz işçiləri tərəfindən qırılıb dəyişilməsinə baxmayaraq sonradan müdaxiləyə görə akt tərtib edilib və 777,60 manat cərimə borcu yazılmışdır.
İddia ərizəsinə qarşı etiraz:
3. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh İB əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00490 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3-12316/Q002 saylı akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu örtüyü sınıb və gövdəsi kənar təsir nəticəsində deformasiyaya uğrayıb, sayğacın çıxış plastmas borusu çatlayıb, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “təbii X2nın pozulması haqqında haqqında akt tərdib edilmiş və 777,60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmin məbləğdən 102,50 manat cavabdeh tərəfindən ödənilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işin materialları:
7. xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğaca maşınla zədə yetirilmiş, bununla bağlı İddiaçı polisdən arayış təqdim etmişdir. Bundan başqa, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir.
8. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Motodram ərazisində yerləşən fərdi yaşayış evinə yeni sayğac quraşdırılmışdır.
9. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii X2nın pozulması haqqında aktdan görünür ki, sayğacın çıxış plastmas borusu çatlaması, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi qeyd olunmuşdur. Akt abonent tərəfindən imzalanmamışdır.
10. Abonent saldosundan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Motodram ərazisi ünvanında yerləşən mənzilə (abonent kodu **********00490) abonent borcu 2023-cü ilin sonu üçün 777,60 manat borc qeyd edilmişdir.
11. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Motodram ərazisi ünvanında yerləşən mənzilə (abonent kodu **********00490) 6480m³ qaz dəymiş ziyan hesablanmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun:
21. 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
22. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
24. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun:
25. 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26. 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın:
27. 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
28. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
29. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
30. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
31. 5.2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
32. 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
33. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
34. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
Məhkəmənin mövqeyi:
39. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslıdır və təmin edilməlidir.
40. Müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Motodram ərazisi (Abonent kodu **********00490) abonentin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı yoldan keçən avtomobil tərəfindən zədələnmiş, iddiaçı bu bağlı Polis orqanlarına məlumat vermişdir. Cavabdehin əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğaca maşınla zədə yetirilmiş, bununla bağlı İddiaçı polis orqınından arayış təqdim etmişdir. Bundan sonra isə cavabdeh təşkilat tərəfindən tərtib edilmiş artdan görünür ki, iddiaçının təqsiri ucbatından sayğacın yararsız hala düşməsi müəyyən olunmuş və buna görə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Lakin akt onun iştirakı olmadan tərtib edilmiş, istehlakçı tərəfindən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilməmişdir.
41. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona ziyan hesablamışdır.
42. Belə ki, qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında öz iddiasını əsaslandırarq sübuta yetirmişdir. Belə ki, məhkəmə arsaşdırması ilə müəyyən edildi ki, sayğac iddiaçının evindən kənarda quraşdırılmış, yoldan keçən avtomobil tərəfindən zədələnmişdir ki, bu da cavabdeh təşkilatın əməkdaşlarının tərtib etdiyi aktda öz əksini tapmışdır. Yəni iddiaçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilməmiş, sayğac onun tərəfindən yararsız hala salınmamışdır.
44. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Motodram ərazisi ünvanında (Abonent kodu **********00490) İddiaçı afdına hesablanmış cərimə borcu əsassız olduğundan 777,60 manat məbləğində borc silinməlidir.
45. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Motodram ərazisi ünvanında (Abonent kodu **********00490) İddiaçı adına əsassız hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altımış qəpik) manat məbləğində borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova