Məhkəmə qərarları › İş №2(001)-3916/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3916/2024

06.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3916/2024 06.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X5 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-yə qarşı “su sərfinə görə əsassız yazılmış ödənişin ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X5 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-yə qarşı “su sərfinə görə əsassız yazılmış ödənişin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun ünvan 1 ünvanındakı mülkiyyət hüquqlu fərdi yaşayış evinə içməli sudan istifadəyə görə başqa şəxsin adına əsassız yazılmış 619 manat pul vəsaitinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda satılan fərdi yaşayış evini alqı-satqı edərək mülkiyyətinə almışdır. 3 ay müddətdən sonra, yəni, iyun 2022-ci il tarixdən alqı-satqı yolu ilə mülkiyyətinə aldığı evə köçmüşdür. Bir gün keçməmiş Bakı şəhəri, Binəqədi Rayon Sukanal İdarəsinin işçisi şifahi olaraq ona bildirmişdir ki, onun suya olan borcu 800 manatdır, borcunu ödəməlidir. O, işçiyə bildirmişdir ki, o, 1-ci gündür ki evə köçmüş, bu borcu necə və nəyin hesabına hesablayırlar. Həmin zaman işçi söz demədən çıxıb getmişdir. Həmin hadisənin sabahı gün o, Bakı şəhəri, Binəqədi Rayon Sukanal İdarəsinə getmiş və bunun nə olduğunu soruşmuşdur. Bildirmişdir ki, o, evin yeni sakinidir və xahiş etmişdir ki, evinə su sayğacı quraşdırsınlar. Su sayğacının quraşdırılmasına ondan 300 manat pul istəmişlər. O, etirazını bildirmiş və idarə rəisinin qəbuluna keçmək istəmişdir. Bir saat gözlədikdən sonra ona qarşı biganəliyi görüb idarəni tərk etmişdir. Noyabr 2023-cü il tarixdə ona evi aldığı şəxsin adından deyil, digər tanımadığı şəxs Hənifəzadə Sadiqin adına yazılmış hesabfakturanı təqdim edərək suya görə qalıq borcun 809,42 manat təşkil etdiyini bildirmişdir. Sayğac quraşdırılması üçün onu məcbur etdilər ki, 275 manat pul vəsaiti ödəməlisən, sonra ona yeni sayğacı quraşdıracaqlar. O, Sadiq Hənifəzadənin adına suya görə 100 manat ödəmiş, razılaşmışlar, amma sayğac quraşdırılmamışdır. Bir neçə dəfə pul vəsaiti ödəməyə onu məcbur etmişlər, ödəməyəcəyi təqdirdə suyu kəsəcəklərini bildirmişlər. Hazırda ondan 619 manat pul ödəməsini tələb edirlər. Ümumi qaydalara əsasən ev yalnız onun adına qeydiyyata alındığı üçün alıq 5 manat miqdarında pul vəsaiti ödənilməlidir. Qeyd olunan ünvanda üumi yaşayışı 19 ay təşkil etdiyi halda xx.xx.2024-cü il tarixdə tərəfindən ödəmə 95 manat olmalıdır, o isə 100 manat bir ödəmiş, xx.xx.2023-cü il tarixdən sayğac quraşdırılmasına ödəniş sayğacın göstəricisinə əsasən həyata keçirilməlidir. Qapıya gələn nəzarətçilərin hər biri müxtəlif məbləğlər tələb edirlər, 2 gündən bir su borusu kəsirlər, sonradan birləşdirməyə 25 manat pul vəsaiti tələb edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli hesab fakturanın surətindən görünür ki, **********000 nömrəli abonent kodu olan ünvan 2 ünvanına 619 manat məbləğində borc hesablanmışdır. Sonuncu ödənişi: xx.xx.2024-cü il tarixdə 21,42 manat məbləğində olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X3 adına 2/15 hissədə, X1 adına 2/15 hissədə, xx.xx.2021-ci il tarixdən X8 adına 3/5 hissə-dən 32,8 kv.m (5 nömrəli otağın y/s-16,0 mv.m-ni, 3 və 6 nömrəli sahələrin k/s-16,8 kv.m-ni), xx.xx.2021-ci il tarixdən X4 adına 3/5 hissədən qalan hissə, xx.xx.2022ci il tarixdən X2 adına 1/15 hissə 9,36 kv.m, xx.xx.2022-ci il tarixdən İddiaçı adına 1/15 hissə 9,36 kv.m qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə (X12-Zadə) 100 manat məbləğində sudan istifadəyə görə borc ödənilmişdir. xx.xx.2023-cü il tarixli hesab fakturanın surətindən görünür ki, **********000 nömrəli abonent kodu olan ünvan 2 ünvanına 809,42 manat məbləğində borc hesablanmışdır. Sonuncu ödənişi: xx.xx.2020-ci il tarixdə 20 manat məbləğində olmuşdur. **********000 nömrəli abonent kodu olan abonent kartından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mirzə Abdin küçəsi, 10/C nömrəli evə 2012-ci il üzrə 10,8 manat, 2014-cü il üzrə 15,8 manat, 2016-cı il üzrə 62,24 manat, 2017-ci il üzrə 95 manat, 2018-ci il üzrə 12 manat, 2019-cu il üzrə 13,5 manat, 2020-ci il üzrə 45,5 manat, 2021-ci il üzrə 111,5 manat, 2022-ci il üzrə (xx.xx.2022-ci il tarixdən hesablanmaqla) 119 manat, 2023-cü il üzrə 84 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan abonentin saldo cədvəlinə əsasən, “Abonent haqqında məlumat”dan göründüyü kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış su sayğacı (abonent kodu-**********000) üzrə istifadə edilmiş su təchizatı 215,33 manat qalıq borc məbləği abonentin saldo cədvəli məlumatlarında öz əksini tapır. Qeyd edilir ki, iş materiallarında abonentin saldo cədvəlindəki məlumatlara əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə olan borcu 492,88 manat məbləğində müəyən olunur. Həmin borc 2015-ci il tarixdən 2023-cü il tarixinədək olan dövr ərzində İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən evin (abonent kodu- **********000) su sərfiyyatına görə yaranmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 30-cu maddəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Mülki iş materiallarından göründüyü kimi, iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi alqı-satqı yolu almış və həmin fərdi yaşayış evi iddiaçının adına 1/15 hissə 9,36 kv.m-də xx.xx.2022-ci il tarixdən qeydiyyatdan keçmişdir. İddiaçı hazırda həmin ünvana yazılmış 619 manat borcun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdən iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu- **********000) 215,33 manat borc hesablanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının adına xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçdiyindən, həmin ünvana hesablanan borcdan yalnız xx.xx.2022-ci il tarixə qədər olan məbləğ, yəni 403,67 manat (619-215,33=403,67) əsassız hesab edilərək silinməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış (abonent kodu **********000) 403,67 (dörd yüz üç manat, altmış yeddi qəpik) manat məbləğində borc cavabdeh Azərbaycan Dövlət Su X5 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ tərəfindən silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh Azərbaycan Dövlət Su X5 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-dən 45,92 (qırx beş manat, doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait cavabdeh Azərbaycan Dövlət Su X5 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar