Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-392/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında “Bulaq-2 MTK-nın tikilməkdə olan binasında 1-ci blok, 2-ci mərtəbədə yerləşən 3 otaqdan ibarət olmaqla, ümumi sahəsi 112,2 kv.m, yaşayış sahəsi 63,2 kv.m olan 4 saylı mənzilə dair X8 ilə Cavabdeh1 MTK arasında bağlanmış 27.12.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2(001)- 7181/2021 saylı qərardadı ilə X3 ölməsi səbəbindən iddia ərizəsi üzrə icraata cavabdeh X4 aid hissədə xitam verilmişdir. Daha sonra iddiaçının ərizəsi əsasında cavabdeh X5 vərəsələri Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişlər.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-ci ilin dekabr ayının ortalarında "xxxx" MTK-ya müraciət edərək, mənzil almaq istədiyini bildirmişdir. "xxxx" MTK-dan ona bildirilmişdir ki, MTK tərəfindən hal hazırda Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi ünvanında yeni bina inşa edilir. O, kooperativin nümayəndəsi ilə binanın tikiləcəyi ünvana gəlmiş və binanın tikildiyi ərazi xoşuna gəldiyi üçün onların təklifi diqqətini çəkmişdir. 16 dekabr 2016-ci il tarixində "xxxx" MTK ilə onun arasında ünvan 2 ünvanında "Bulaq-2 MTK-nın tikilməkdə olan binasında 1-ci blok, 2-ci mərtəbadə yerləşən 3 otaqdan ibarət olmaqla, ümumi sahəsi 112.2 kv.m, yaşayış sahəsi 63.2 kv.m olan 4 saylı mənzilə dair Müqavilə bağlanmış və tərəfindən mənzilin ümumi dəyərinin hamısı, yəni 78.500 (yetmiş səkkiz min beş yüz) manat məbləğində pul "xxxx" MTK-ya ödənilmiş və bu barədə Kooperativ tərəfindən ona həmin mənzilin dəyərinin hamısının tərəfindən ödənilməsi barədə Kassa mədaxil orderinin qəbzi və Maliyyə arayışı verilmişdir. Hazırda "xxxx" MTK tərəfindən sözügedən binada tikinti işləri tam başa çatdığından kooperativə müraciət edərək, müqavilə əsasında ona məxsus olan mənzili sahibliyinə və istifadəsinə verilməsini tələb etməsinə baxmayaraq, "xxxx" MTK-nın nümayəndələri müxtəlif bəhanələr gətirərək, müqavilə əsasında ona məxsus olan sözügedən mənzili sahibliyinə vǝ istifadəsinə verilməsini təmin etməmişlər. Halbuki, sözügedən binada tikinti quraşdırma işləri tam başa çatmış, hətta binanın bəzi sakinlərinə mənzillərin açarları da təhvil verilmişdir. Hazırda isə ona məlum olmuşdur ki, mübahisəli mənzilə dair X7 ilə "xxxx" MTK (kooperativin sədri Elmira Şirinova) arasında 27.12.2010-cu il tarixdə müqavilə bağlanmışdır. Halbuki, X9 "xxxx" MTK üzvlərinin 30.11.2012-ci tarixli ümumi iclasında kooperativin sədri seçilmişdir. Bundan başqa ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa ediləcək binanın tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Sərancam 2012-ci il tarixdə verilmişdir. Belə olan halda hələ tikilib-tikilməyəcəyi məlum olmayan bir mənzilə dair müqavilənin bağlanması ağlabatan deyil və bütün bu hallar onun göstərir ki, həmin müqavilə sonradan geri tarixlə bağlanmış bir müqavilədir. Hər hansı əqdin etibarlılığı onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi mübahisəli mənzilə dair X8 ilə Cavabdeh1 MTK arasında bağlanmış 27.12.2010-cu il tarixli müqavilə mövcud qanunvericiliyin tələblərinə uyğun olmamış, həmin müqavilə sonradan bağlanmaqla uydurma əqd olmuşdur. Bu səbəbdən də həmin müqavilə etibarsız hesab edilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. İddiaçının nümayəndəsi, Vəkil 16 mart 2022-ci il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, iddia üzrə daha mötəbər sübutların təqdim edilməsi üçün qanunvericiliyə uyğun olaraq iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsinə əlavə edilən sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi, vəkil əvvəlki məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, Sevda Vəliyeva ilə Bulaq-2 MTK-nın sədri E.Şirinova arasında mübahisəli mənzilə dair 27.12.2010-cu il tarixdə müqavilə bağlanmışdır. Lakin Cavabdeh1 MTK tərəfindən inşa ediləcək binanın tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncam 2012-ci ildə verilmişdir. E.Şirinova isə 30.11.2012-ci ildə tarixdə MTK üzvlərinin ümumi iclasında sədr seçilmişdir. İddiaçı ilə Bulaq-2 MTK-nın sədri E.Şirinova arasında mənzilin tikintisinə dair müqavilə 2016-cı ildə bağlanmışdır. İddiaçı mənzili alarkən mənzil təmirsiz və boş vəziyyətdə olmuşdur. İddiaçı mənzili təmir etdirməmişdir. Evin dəyərinin ödənilməsinə 2017-ci ildən başlanılmışdır. Bununla bağlı arayışların surətini məhkəməyə təqdim edir. İddiaçıya mənzilin pulunu tam ödəməyinə dair arayış da verilmişdir. Göründüyü kimi Cavabdeh1 MTK ilə Sevda Vəliyeva arasında müqavilə MTK-ya torpaq sahəsinin ayrılmasına dair sərəncamdan əvvəl bağlanmışdır. Həmin müqavilənin saxta olması ehtimal olunur. MTK-nın həmin dövrdəki sədri E.Şirinova barəsində cinayət işi açılmışdır və daha sonra o, vəfat etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, işinə mahiyyəti üzrə baxılması barədə 03.03.2022-ci il tarixində məhkəməyə ərizə təqdim etmişdir. Odur ki, hazırki işə mahiyyəti üzrə baxılmasını tələb edir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, əvvəla iddiaçı iddia ərizəsini iddia müddətini ötürməklə vermişdir. Odur ki, iddia müddətinin ötürülməsi səbəbindən iddia rədd edilməlidir. Onlar mənzili 2010-cu ildə almışlar. 2010-cu ilin fevral ayında binanın layihəsi artıq hazır idi. Mənzilə görə MTK-ya ödənişlər edilmişdir. Belə ki, 2013, 2014 və 2015-ci illərə dair ödənişləri təsdiq edən arayışları məhkəməyə təqdim etmişdir. Göründüyü kimi onlar mənzili daha əvvəl almışlar və ödənişlərini də yerinə yetirmişlər. Ümumiyyətlə Cavabdeh1 MTK 12.07.2000-ci ildə təsis edilmişdir. Hazırki mənzil onlar tərəfindən təmir olunmuşdur. Mənzil hazırda onların faktiki istifadəsindədir.
8. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, özü və ya nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
10. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi, Vəkil 16 mart 2022-ci il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etsə də, Cavabdeh2 yazılı qaydada məhkəmə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını davam etdirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
11. Cavabdeh1 MTK-nın sədri E.Şirinova ilə X8 arasında bağlanan 18 iyun 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, MTK tikilməkdə olan binanın 4 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzilin dəyərini qabaqcadan müəyyənləşdirilmiş məbləğ əsasında ödəməyi öhdəsini götürür. Mənzilin ümumi dəyəri 40000 manat məbləğində müəyyənləşdirilmiş və həmin məbləğin 18 ay müddətində bərabər olaraq bölünməsi və payçı tərəfindən hər ay eyni vaxtda ödənilməsi nəzərdə tutulmuşdur.
12. Cavabdeh1 MTK-nın sədri E.Şirinova ilə İddiaçı arasında bağlanan 16 dekabr 2016-cı il tarixli mənzil tikintisinə dair müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK tikilməkdə olan binasında 4 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin pay haqqını müəyyənləşdirilən aylar üzrə ödəməyi öz üzərinə götürür və son nəticədə müqavilədə qeyd olunna mənzili kooperativdən qəbul edir. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin və ya qeyri-yaşayış sahəsinin hər kv. metrinin dəyəri 700 manat qiymətləndirilir. Mənzili ümumi dəyəri 78500 manat təşkil edir. Müqavilənin 5.1-ci maddəsinə əsasən ödənişlər 16.11.2016-cı il tarixindən başlayır.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsindən Binəqədi Rayon Məhkəməsinin hakimi E.Mustafayevə ünvanlanan məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Sevda Vəliyevanın adına Bakı şəhəri 12 saylı notariat ofisində vərəsəlik işi açılaraq, 13.11.2020ci il və 10.12.2020-ci il tarixlərdə Cavabdeh2(oğlu) və Cavabdeh3(anası) vərəsəlik şəhadətnamələrinin verildiyi müəyyən edilmişdir.
14. Azərbaycan Respublikası Qaçqınların və X10 Üzrə Dövlət Komitəsi tərəfindən Vəkil ünvanlanan məlumatdan görünür ki, Cavabdeh2 faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər üçün tikilmiş 1680 mənzillik yaşayış kompleksində, bina 10, mənzil 7 ünvanında, Cavabdeh3 isə Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayır.
15. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir.
16. Cavabdeh1 MTK tərəfindən verilən arayışların surətindən görünür ki, 2013, 2014, 2015, 2016-cı illər ərzində X7 tərəfindən mənzilə dair ödənişlər edilmişdir.
17. Cavabdeh1 MTK tərəfindən verilən arayışların surətindən görünür ki, 2016, 2017, 2018-ci il illər ərzində İddiaçı tərəfindən mənzilə dair ödənişlər edilmişdir.
18. Cavabdeh1 MTK-nın sədri tərəfindən İddiaçı verilən 10.10.2018-ci il tarixli arayışdan görünür ki, C.Xəndan küçəsində yerləşən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının 3 otaqlı 4 saylı mənzilinin payçısı İddiaçı mənzilin dəyərini tam ödəyib borc qalığı yoxdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
19. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında “Bulaq-2 MTK-nın tikilməkdə olan binasında 1-ci blok, 2-ci mərtəbədə yerləşən 3 otaqdan ibarət olmaqla, ümumi sahəsi 112,2 kv.m, yaşayış sahəsi 63,2 kv.m olan 4 saylı mənzilə dair X11 ilə Cavabdeh1 MTK arasında bağlanmış 27.12.2010-cu il(müqavilənin tarixi əslində 18.06.2010-cu ildir) tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir və mövqeyini onunla əsaslandırır ki, X8 ilə MTK arasında müqavilə bağlanan zaman MTK-ya bina tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Həmin torpaq sahəsi 2012-ci il tarixində müvafiq sərəncamla ayrılmışdır. Bundan əlavə həmin müqaviləni imzalayan X9 Cavabdeh1 MTK üzvlərinin 30.11.2012-ci il tarixli ümumi iclasında kooperativin sədri seçilmişdir. Belə olan halda hələ tikili-tikilməyəcəyi məlum olmayan bir mənzilə dair belə bir müqavilənin bağlanması ağlabatan olmadığını, həmin müqavilənin isə sonradan geri tarixlə bağlandığını iddia etməklə, həmin əqdin etibarsız hesab edilməsini xahiş edir. Mübahisə predmeti olan ünvan 1 ünvanında “Bulaq-2 MTKnın tikilməkdə olan binasında 1-ci blok, 2-ci mərtəbədə yerləşən 4 saylı mənzil 18 iyun 2010-cu il tarixli müqavilə əsasında X1. X8 vəfat etmiş və vərəsələri qismində Cavabdeh2 və Cavabdeh3 tanınmışlar. Odur ki, həmin şəxslər iddiaçının hazırki iddiasına cavab verməli olan şəxslər kimi iddiaçı tərəfindən cavabdeh qismində işə cəlb edilmişlər. Cavabdeh2 və onun nümayəndəsi X6 məhkəmə iclaslarında iştirak edərək, mənzilə dair müqavilənin 18 iyun 2010-cu il tarixində bağlandığını, hətta mənzillə bağlı 2013, 2014,2015,2016-cı illərdə edilmiş ödənişlərinin olduğunu, həmin mənzili özlərinin təmir etdirdiklərini və mənzildən faktiki olaraq istifadə etdiklərini bildirirlər. Bu səbəbdən iddanın rədd edilməsini xahiş edirlər. Həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə belə təqdim etmişlər. İddiaçının mənzilə dair pay haqqının tam ödənilməsi barədə maliyyə arayışı vardır. 18.06.2010-cu il tarixli müqavilənin tərəfi olan X3 borcun tam ödənilməsinə dair maliyyə arayışı iş materialları ilə müəyyən edilmir. Bundan başqa iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Halbuki iddiaçı MTK ilə X8 arasında bağlanmış müqavilənin puç əqd olduğunu onunla əsaslandırırdı ki, müqaviləni bağlayan şəxsin səlahiyyəti olmamış, həmçinin müqavilə bağlanan zaman MTK-ya nə torpaq sahəsi ayrılmış, nə də binanın gələcəkdə tikilməsi planlaşdırılmışdır.
20. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
21. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir;
22. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir;
23. 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
24. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;
25. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;
26. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir;
27. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
28. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır;
29. 391-ci maddəsinə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir.
30. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
31. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı pay haqqını tam ödəməklə sahiblik və istifadə hüququ əldə etdiyini iddia etdiyi mənzilə dair MTK-nın həmin mənzilə dair başqa şəxslə bağladığı müqavilənin etibarsızlığını tələb edir. Bu səbəbdən məhkəmə iddiaçının müvafiq tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olduğu qənaətinə gəlir.
32. Belə ki, iddiaçı MTK ilə onun arasında bağlanmış müqavilənin predmeti olan mənzilin MTK ilə mərhum X8 arasında bağlanmış müqavilənin predmeti olan mənzillə eynilik təşkil etməsini də faktiki olaraq qəbul etmişdir. Baxmayaraq ki, MTK ilə S.Vəliyeva arasında bağlanmış müqavilənin predmeti kimi Cavabdeh1 MTK-nın tikilməkdə olan balansında 4 saylı mənzil(3 otaqlı, ümumi sahəsi 112.2 kv.m, yaşayış sahəsi 63.2 kv.m) göstərilmişdir, bundan fərqli olaraq, iddiaçı ilə MTK arasında bağlanmış müqavilədə binanın yerləşdiyi ünvan tam göstərilmişdir. Bu fakt özlüyündə onu təsdiq edir ki, iddiaçı S.Vəliyeva ilə MTK arasında bağlanmış həmin müqavilənin predmetinin onunla MTK arasında bağlanmış müqavilənin predmeti ilə eynilik təşkil etməsini müəyyən etmişdir.
33. Lakin məhkəmə hesab edir ki, iddiaçı sözügedən müqavilənin etibarsızlığı ilə bağlı irəli sürdüyü tələbini sübut edə bilməmişdir.
34. Belə ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir.
35. İddiaçı tələbini səlahiyyətsiz şəxsin bağlamış olduğu əqdin və uydurma əqdin etibarsızlığı ilə əsaslandırmışdır.
36. Mülki Məcəllənin: 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
37. İddiaçı MTK-nın sədrinin müqavilə bağlayarkən səlahiyyətsizliyi barədə hər hansı sübut təqdim etməmişdir və bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilinin əsassız olması qənaətinə gəlir.
38. İddiaçının digər dəlili ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
39. Konstitusiya Məhkəməsinin bir çox qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.
40. Lakin mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
41. Məhkəmə iddiaçının sözügedən mənzildə yaşamamasını və cavabdehlərin həmin mənzildə yaşamasını işin mübahisələndirilməyən halı kimi qiymətləndirir. Belə ki, iddiaçı ərizəsində mənzilin ona təhvil verilmədiyini, mənzilin digər şəxsə satıldığını göstərmiş, cavabdehlərin(onların valideynlərinin) həmin mənzili təmir elətdirərək faktiki olaraq orada yaşamaları barədə dəlillərini mübahisələndirməmişdir. Eyni zamanda müqavilə bağlandıqdan sonra S.Vəliyevə tərəfindən uzun illər ərzində ödənişlərin aparıldığı da işin mübahisələndirilməyən halıdır. Yəni müqavilə tərəflərinin müqavilədən sonrakı davranışları da iradə ifadəsinin mövcud olduğunu deməyə əsas verir.
42. Bu baxımdan məhkəmə hesab edir ki, MTK ilə S.Vəliyeva arasında müqavilə bağlanarkən müqavilə tərəfləri arasında qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi mövcud olmuşdur.
43. Odur ki, iddiaçının torpaq sahəsinin MTK-ya ayrılması barədə sərəncamın müqavilədən sonra verilməsi barədə dəlili əqdin uydurma olduğu qənaətini formalaşdırmır. Hərçənd ki, iddiaçı bununla da bağlı məhkəməyə sübut təqdim etməmişdir. Hər bir halda iddiaçı torpaq sahəsinin ayrılması barədə Sərəncamın 2012-ci ildə, yəni müqavilədən 2 il sonra verilməsi ilə bağlı sübut təqdim etmiş olsa idi belə, MTK-nın hərəkətləri Mülki Məcəllənin 391-ci maddəsinin tələbinə uyğun olmuşdur.
44. Bundan başqa məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə isə aşağıdakıları qeyd edir.
45. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
46. Nəzərə alınsa ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
47. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər.
48. Əhəmiyyətsiz əqd əsassız varlanmaya səbəb olduğu, yəni müqavilənin predmetini əvəzedilən əşyalar təşkil etdiyi halda isə Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Odur ki, iddiaçının hazırki tələbi müqavilənin əhəmiyyətsizliyinin təsdiqi və nəticədə müqavilənin predmeti olan mənzil üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğuna görə iddia müddətinin tətbiqindən söhbət gedə bilməz.
49. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə iddiaçının MTK-ya qarşı vurulmuş zərərlə bağlı iddia irəli sürməsini istisna etmir. Tətbiq edilən prosessual normalar:
50. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
51. Həmin məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev