Məhkəmə qərarları › İş №2(001)-3969/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3969/2021

25.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3969/2021 25.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “borcun tutulmasının cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bakı Regional Qazın Satışı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 mart 2018-ci il tarixli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında Bakı şəhəri, Binəqədi rayon, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 9, 12 saylı mənzilə əsassız hesablanmış 345,60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının razılığı ilə cavabdeh “Bakı Regional Qazın Satışı Departamentini əsas cavabdeh "xxxx" İstehsalat Birliyi ilə əvəz etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 9 saylı evin, 12 saylı mənzilində quraşdırılmış qaz sayğacına (Abonent kodu: **********00120) cərimə kimi hesablanmış 345,60 manat pulun ondan tutulmasının cavabdeh "xxxx" ASC-yə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X6 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, abonent kodu **********00120 olan qaz sayğacına müdaxilə edildiyi müəyyən edildiyindən bu barədə 30.03.2018-ci il tarixdə akt tərtib edilmiş və akta əsasən hesablanmış 345,60 manat məbləğində cərimənin ödənilməsi barədə 30.03.2018-ci il tarixli qərar qəbul edilmişdir. Başqa sözlə, həmin mənzil üzrə maye qazdan istifadə qaydaları pozulmuş və nəticədə "xxxx" İstehsalat Birliyinə 345,60 manat məbləğində maddi ziyan vurulmuşdur. Bu səbəbdən maye qazdan istifadə edilməsi üçün həmin mənzilə verilmiş abonent kodu üzrə aparılmış ödənişlərin müəyyən hissəsi hesabına həmin cərimə məbləği silinir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 9 saylı evin, 12 saylı mənzili X2 mülkiyyətində olmuşdur. Onunla cavabdeh "xxxx" İB-nin Bakı RQSD arasında 07 aprel 2017-ci il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin mənzilə qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00120). Abonentin saldosuna əsasən həmin mənzildə qazla işləyən cihaz qismində 4 gözlü qaz plitəsi (PQ-4) və samovar göstərilmişdir. "xxxx" İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin evdə olan qaz sayğacına 27.03.2018-ci il tarixdə keçirilmiş baxış nəticəsində sayğacın üzərində olan plombun sınıq vəziyyətdə olduğu aşkar edilmiş və itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 1.728 m3 həcmində ziyanın vurulması əsası ilə 30.03.2018-ci il tarixdə akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən (1.728 m3 x 0,20 manat = 345,60) 345,60 manat məbləğində pulun iddiaçıdan tutulması barədə 30.03.2018-ci il tarixdə qərar qəbul edilmişdir. Bundan sonra həmin mənzil aralarında bağlanmış 20.07.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 tərəfindən 75.000 manat pula İddiaçı satılmış və həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ 14.08.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır və hazırda da mülkiyyətindədir. Hazırda iddiaçı qaz sayğacının quraşdırıldığı mənzili 2019-cu ildə aldığını, qeyd edilən cərimənin əvvəlki mülkiyyətçinin dövründə yazıldığını, onun tərəfindən maye qazın istifadəsi ilə bağlı hər hansı pozuntuya yol verilmədiyini bildirir və qazdan istifadə qaylarının pozulmasına görə hesablanmış 345,60 manat məbləğində cərimənin ondan tutulmasının cavabdehə qadağan edilməsini xahiş edir. Cavabdeh tərəf iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bununla bağlı, məhkəmə vurğulayır ki, iddiaçı qeyd edilən mənzili 20.07.2019-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən almış və mənzilə dair onun mülkiyyət hüququ 14.08.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin mənzil üzrə maye qazdan istifadə qaydalarının pozulması halı isə 27.03.2018-ci il tarixdə aşkar edilmiş və bu hal 30.03.2018-ci il tarixdə aktlaşdırılmışdır. Bununla belə, həmin mənzil üzrə abonent koduna cərimə hesablanarkən iddiaçı həmin mənzilin mülkiyyətçisi olmamış və bu baxımdan onun həmin vaxt cavabdehə qarşı hər hansı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) ola bilməzdi. Başqa sözlə, həmin vaxt qeyd edilən mənzil üzrə maye qazdan istifadə edilməsi ilə bağlı hər hansı hüquqa zidd davranışa yol verilmişdirsə də, bu davranış iddiaçıya aid deyil və onun həmin davranışda təqsiri olmamışdır. Bu səbəbdən iddiaçı həmin mənzilin mülkiyyətçisi olanadək orada maye qazın istifadəsində cavabdehə qarşı hüquq pozuntusuna yol vermiş və nəticədə cavabdehə maddi zərərrvurmuş şəxs kimi qəbul edilə bilməz və ondan hesablanmış 345,60 manat məbləğində cərimənin tutulması yol verilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 9 saylı evin, 12 saylı mənzildə quraşdırılmış qaz sayğacına (Abonent kodu: **********00120) cərimə kimi hesablanmış 345,60 manat pulun ondan tutulması cavabdeh "xxxx" ASC-yə qadağan edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 9 saylı evin, 12 saylı mənzilində quraşdırılmış qaz sayğacına (Abonent kodu: **********00120) cərimə kimi hesablanmış 345,60 manat pulun ondan tutulması cavabdeh "xxxx" ASC-yə qadağan edilməlidir. İddianın qiyməti nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 20 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdeh "xxxx" İstehsalat Birliyindən tutularaq dövlət mədaxilinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 9 saylı evin, 12 saylı mənzilində quraşdırılmış qaz sayğacına (Abonent kodu: **********00120) cərimə kimi hesablanmış 345,60 (üç yüz qırx beş manat, altmış qəpik) manat pulun ondan tutulması cavabdeh "xxxx" ASC-yə qadağan edilsin. İddiaçı ödəməkdən azad edildiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" İstehsalat Birliyindən tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar