Məhkəmə qərarları › İş №2(001)-4024/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4024/2021

23.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4024/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20.09.1969-cu il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, onun bacısı X5 20.09.1969-cu il tarixdə anadan olmuşdur. O, anadangəlmə xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən bacısı 1-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Beləliklə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən bacısı öz hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyil, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Ailədə bacısına maddi və mənəvi köməklik göstərən şəxs odur, bacısının bütün ehtiyaclarını o qarşılayır və bacısına baxır. Bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Binəqədi RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş АЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 20.09.1969-cu il tarixində, Bakı şəhərində anadan olmuş, atası X6, anası X1. İş materiallarına əlavə edilmiş АЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixində, Bakı şəhərində anadan olmuş, atası X6, anası X1. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”nin 18 may 2021-ci il tarixli məktubundan görünür ki, 20.09.1969-cu il təvəllüdlü X4 orta dərəcəli əqli gerilik F71.0 diaqnozu qoyulmuşdur. Azərbaycan SSR Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri Tibbi və Əmək Ekspertiza Bürosunun 074383 saylı arayışından görünür ki, 1969-cu il təvəllüdlü X5 24.10.1986-cı il tarixdən müddətsiz 1-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Məhkəmə Psixiatrik Ekspertizasının 09.07.2021-ci il tarixli 2098 saylı rəyindən görünür ki, X3 orta dərəcəli əqli gerilik müəyyən edilir. X5 öz hərəkətlərinin mənasını anlaya və psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olundu ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 20.09.1969-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: Ərizə təmin edilsin. 20.09.1969-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar