Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4031/2023 29.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-490_2023_Q002 nömrəli aktın ləğv edilməsinə və həmin aktın əsasında hesablanmış 1556,98 manatlıq borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. 09 may 2023-cü il tarixində mülkiyyətində olan fərdi yaşayış evindəki Abonent kodu **********00000 olan qaz sayğacının yoxlanılması üçün əraziyə gəlmiş "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ******* nömrəli sayğac çıxarılaraq aparılmış və bununla bağlı hər-hansı akt imzalanması üçün ona təqdim edilməmişdir. Sonradan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz” İB-nin Qaz sayğacının yoxlanılması barədə 10 may 2023-cü il tarixli MSK-14-2-2/3-5- 4903_2023 Q002 nömrəli Aktı əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edilməsi əsası ilə xx.xx.2023-cü il tarixində ünvanına göndərilmiş Bildiriş-xəbərdarlıqda 1556,98 (min beş yüz əlli altı manat doxsan səkkiz qəpik) ödəniləcək borcumun olduğu bildirilmişdir. Cavabdeh təşkilatın əməkdaşlarına müraciət edərək bu məbləğdə qaz sərfiyyatı olmadığı halda hansı səbəbdən bu qədər məbləğin yazıldığını soruşduqda isə bildirildi ki, qaz sayğacı 5 ildən artıqdır ki, istifadə olunur və həmin qaz sayğacını yenisi ilə əvəz eləməli olduğu halda bunu etmədiyindən qeyd olunan məbləğ ona hesablanmışdır. "Qaz təchizatı haqqında" AR Qanununun 13-cü maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) va quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Çox maraqlıdır ki, fərdi yaşayış evindən çıxarılmış qaz sayğacına əlavə sərfiyatının hesablanması təsdiq edən hallar nədir? Belə ki, Az.X8 Haqqında Qanunun 13-cü maddəsində qeyd edilən hallardan hansı tərəfimdən törədilmişdir ki, cavabdeh tərəfindən ona əlavə sərfiyyat hesablanmışdır. Belə ki, istər sayğacın dəyişdirilməsi üçün əsas olan akt, istərsə də borcun hesablanması üçün əsas olan aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edilməsi göstərilsədə bu tamamilə əsassızdır.Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerǝ görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Yuxarıda qeyd edilən hallar və qanunvericiliyin tələbləri Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 10 may 2023-cü il tarixli MSK-14-2-2/3- 5-4903_2023_Q002 nömrəli aktın ləğv edilməsinə və həmin aktın əsasında hesablanmış 1556,98 (min beş yüz əlli altı manat doxsan səkkiz qəpik) manatlıq borcun silinməsinə dəlalət təşkil edir. Belə ki, fərdi yaşayış evinin mülkiyyətçisinin iştirakını təmin etmədən, bu aktın tərtib edilməsi və rəy tərtib edilməsi üçün sayğacın laboratoriyaya göndərilməsi və həmin rəylə fərdi yaşayış evi mülkiyyətçisinin tanış edilməməsi halları həm cavabdehin, həm də onun əməkdaşlarının qərəzliliyindən və istehlakçı kimi mənim hüquqlarımın pozulmasından xəbər verir ki, bu qanunsuz akt bu səbəblərdən ləğv edilməli, onun əsasında hesablanmış 1944 (bir min doqquz yüz qırx dörd) manatlıq borc məbləği silinməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, sayğac 2006-cı ildə quraşdırılmışdır. Hesablanmış borcun yaranma mənbəyi məlum deyil.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı onun atasıdır. xx.xx.2023-cü il tarixdə Azəriqaz İB-nin əməkdaşları mexaniki sayğacı yeni mexaniki sayğac ilə əvəzləmişlər. Sonradan Azəriqaz İB-nin Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli akta əsasən heç bir əsas olmadan 1556,98(saldoya əsasən hesablanmış borc 1555.2 manat təşkil edir) manat borc hesablanmışdır. Belə ki, sayğac Azəriqaz İB-nin əməkdaşları tərəfindən 2006-cı ildə quraşdırılıb və bu müddət ərzində bir dəfə olsun sayğaca baxış keçirilməmişdir. Ev 2 mərtəbədən ibarət fərdi yaşayış evidir. Lakin evin ikinci mərtəbəsindən istifadə olunmur. Evdə valideynləri yaşayır.Lakin onlar da, ilin 6-7 ayı rayonda olurlar. Bu vaxta kimi aylıq 15-20 manat ödənişlər etmişlər.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, sayğacın istehlak müddəti 20-25 ildir. Lakin 5 ildən bir texniki yoxlanışdan keçirilir.
6. Cavabdehin nümayəndəsi iddiaya xx.xx.2023-cü il tarixində etirazını təqdim edərək, iddia tələbinin qanunsuz və əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün "Azəriqaz” İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, "Qaz sayğacının yoxlanılması barədə" 14-2-2/3- 5-4903-1 saylı Akta əsasən "sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu, qaz itkisi, müdaxilə" barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı "Təbii X3nın pozulması haqqında" Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m³ təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin may ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş "X3"nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evindəki ******* nömrəli sayğac əvəzlənməsi səbəbindən dəyişdirilməsi üçün çıxarılmış, çıxarılma səbəbi kimi istismar müddətinin bitməsi qeyd edilmişdir.
9. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-4903_2023_Q002 saylı akt tərtib edilmiş, akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Sayğac istismara yarasızdır.
10. M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evinə təqdim olunmuş bildiriş-xəbərdarlıqdan görünür ki, qalıq borc kimi ödəniləcək məbləğ 1556,98 manat qeyd olunmuşdur. Qalıq borc 1554.58 manat və sərfiyyata görə 2.4 manat hesablanmışdır.
11. Təbii X3nın pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus ünvanda zavod nömrəsi ******* olan sayğaca baxış keçirilmiş, sayğacı hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Dəymiş ziyanın araşdırılması qeyd edilmişdir.
12. 31 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı məxsus M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsi, ev 36 ünvanında sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 10 may 2023-cü il tarixli MSK-14-2-2/3-5-4903_2023_Q002 saylı aktına əsasən G-4 markalı, ******* №-li sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. Dəymiş ziyanın məbləği 12960 kub.metr hesablanmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. Qazla təchiz olunmuş və abonent kodu **********00000 olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X4 küçəsi, ev 36 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İstehsalçı tərəfindən abonentin qaz sayğacına xx.xx.2023-cü ildə baxış keçirilmiş, c-6 markalı, mexaniki tipli qaz sayğacı istismar müddəti bitdiyindən çıxarılmış və başqa mexaniki qaz sayğacı ilə əvəzlənmişdir. Bu barədə ******* saylı AKT tərtib edilmiş və həmin AKT istehlakçı tərəfindən də imzalanmışdır. Həmin AKT-da eyni zamanda çıxarılan sayğacın mexaniki göstəricisinin 32520 kub.m olduğu, plombun istehsalçının nümayəndələri tərəfindən qırıldığı da göstərilmişdir.
14. Daha sonra çıxarılan sayğac Cavabdeh laboratoriyasında yoxlamadan keçirilmiş, 10 may 2023-cü il tarixdə təsdiq edilmiş AKT-da sayğaca baxış keçirildiyi, Sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun aşkar edildiyi, sayğacın istismara yararsız olduğu, sayğacın qüusuruna görə gəlinən nəticənin “qaz itkisi müdaxilə” olduğu, araşdırılmalı olduğu qeyd edilmişdir.
15. Bundan sonra istehsalçı tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli AKT tərtib edilmiş və AKT-da laboratoriya yoxlamasının nəticəsinə uyğun eyni məzmunlu qeydlər aparılmışdır. Bununla bağlı 31 may 2023-cü il tarixdə istehsalçı tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və qaz sayğacının maksimal qaz sərfi 6 kub.metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 12960 kub.metr itirilmiş qaza görə 1555.2 manat ziyan hesablanaraq abonentin hesabına köçürülmüşdür.
16. İddiaçı qaz sayğacına hər hansı müdaxilə etmədiyini, sərfiyyata görə mütəmadi olaraq ödənişlər etdiyini bildirərək AKT-lara əsasən əsassız hesablanmış borcun silinməsini xahiş edir.
17. Cavabdeh isə apardığı yoxlamaların nəticəsinə və tərtib etdiyi AKT-lara istinad edərək qaz sayğacına müdaxilə edildiyinə və təbii qazın hesabatının düzgün aparılmasına maneə törədildiyinə görə iddianı əsassız hesab edir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
20. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
21. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
22. 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
23. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir.
26. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
27. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
29. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
31. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
32. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
33. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
34. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
35. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
36. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
37. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
38. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmənin mövqeyi:
39. Məhkəmə Mülki-Prosessual Məcəllənin müəyyən etdiyi sübutetmə yükünün bölgüsü baxımından hesab edir ki, istehlakçıya hesablanmış borcun düzgünlüyünü sübut etmək yükü istehsalçının üzərinə düşür.
40. “X3”nın tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin qeyd edilməlidir ki, işlək vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir.
41. Bundan əlavə laboratoriya yoxlaması zamanı aşkar olunan qüsurun cavabdehin etirazında göstərildiyi kimi təbii qazın dəqiq hesabatının aparılmasına hansı formada mane olduğu əsaslandırılmamış, ümumiyyətlə sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plombun olmasının qaz itkisinə necə səbəb olduğu araşdırılmamışdır.
42. Bununla yanaşı 2010-cu ildən istismar olunan qaz sayğacının saldosundan görünür ki, istehlakçı tərəfindən mütəmadi olaraq hər illər üzrə, hər ay sayğacın göstəricisinə uyğun olaraq ödənişlər edilmiş və hər hansı müddət kəsiyində qazdan istifadə edilmədiyi müəyyən edilməmişdir.
43. Bu səbəbdən də məhkəmə hesab edir ki, istehlakçının qaz itkisinə səbəb olan sayğaca müdaxiləsi halı öz təsdiqini tapmadığından, bu barədə tərtib edilmiş AKT-lar etibarlı deyildir və həmin AKT-lara görə hesablanmış borc silinməlidir.
44. Borcun məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçının faktiki tələbi aktın ləğv edilməsi və akta görə hesablanmış borcun silinməsi olduğundan, baxmayaraq ki, iddiaçı texniki səhv olaraq 1556.98 manatın silinməsini göstərmişdir, silinməli olan borc 1555.2 manat hesab edilməlidir.
45. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin tərtib elədiyi AKT-lar qeyri-normativ xarakterli akt hesab edilmədiyindən və onlar hər hansı hüquqi nəticə doğurmadığından AKT-ın etibarsız hesab olunması məzmunlu ifadələr iddia tələbi kimi qiymətləndirilməli deyildir. Bu səbəbdən də məhkəmə iddia tələbinə əsassız hesablanmış borcun silinməsi kimi yanaşmaqla hüquqi qiymət vermişdir. Tətbiq edilən prosessual normalar
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
47. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
48. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
49. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
50. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
51. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
52. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
53. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
54. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
55. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən ******* nömrəli AKT-a əsasən hesablanmış 1555,20 məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********00000) silinməli və iddiaçının ödəməkdən azad olduğu 35.5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
56. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh tərəfindən ******* nömrəli AKT-a əsasən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********00000) silinsin. İddiaçının ödəməkdən azad olduğu 35.5(otuz beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev