Məhkəmə qərarları › İş №2(001)-4050/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4050/2025

14.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4050/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Binəqədi rayonu Sukanal İdarəsinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Binəqədi rayonu Sukanal İdarəsi tərəfindən iddiaçının adına yazılmış 9847,00 manat borcun silinməsi və məhkəməyə ödənilən 119 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır, cavabdeh xx.xx.2025-ci il tarixində fiziki şəxs olaraq, ona ********* №-li hesab faktura təqdim edərək, 9847 Kub metr sudan istifadə etdiyini əsas gətirməklə, 2025-ci il aprel ayında istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqının ödənişi üçün ümumilikdə 9847 manat borcunun olduğu haqqında bildiriş vermişdir. O, cavabdehə müraciət edərək, qanunsuz tələbi nə ilə əsaslandırıldığını öyrənmək istəsə də, ona rəsmi məlumat verilməmiş, şikayəti olduğu halda, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, balıqçılıq, bağ-bostançılıq və ya avto yuma ilə, eləcə də, sənaye işləri ilə məşğul olmur ki, 10 000 kub metr su istifadə etsin. Fiziki şəxs olaraq, ona hesablanmış bu məbləğ qanunsuzluqdan başqa bir şey deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, ünvanda 5 mərtəbəli, 16 mənzilli bina var. Həmin binanın birinci mərtəbəsində 6 fərqli obyekt fəaliyyət göstərir. Bina kodlaşdırılıb və özünün balans sayğacı var. Həmin sayğacdan akt tərtib olunan tarixdə 21261 kub metr su keçmişdir. Hazırda sudan istifadə ilə bağlı 9847 manat borc qalmışdır. Suyun kubu 1 manatdan hesablanmışdır ki, onun da tərkibinə 0,70 manat təmiz suyun xərci, 0,30 manat isə çirkab suyun xərcidir. İlk olaraq ora sayğac quraşdırılması üçün bağlanan müqavilə fiziki şəxsə istehlak xidmətlərinin göstərilməsi üçün bağlanmışdır. Rəhbərlik soyuq sudan istifadə ilə bağlı xərcləri ödəsə də, isti sudan istifadə ilə bağlı xərcləri ödəməmişdir. Belə ki, onlar tərəfindən çəkilən su xətti ilə alınan su binanın öz rezervuarında yığılır. Daha sonra ordan sakinlərə paylanır. Binanın altındakı qeyri yaşayış sahələrinin öz kodları var. Misal “Araz” Market sudan istifadə edir, pulunu ödəyir. Hazırda problem binanın özü ilə bağlıdır, orada olan obyektlərlə bağlı deyildir. Onlar su satırlar və satdıqlarının fiziki və hüquqi şəxs olmasının onlar üçün əhəmiyyəti yoxdur. Əhali və qeyri-əhali kodları açılır. Qeyri-əhali kodları onların suyundan gəlir məqsədi ilə istifadə olunduğu təqdirdə açılır. 2019-cu ildən vətəndaşdan soyuq sudan istifadə pulunu alıblar, lakin iddiaçı isti sudan istifadə ilə bağlı yaranmış borcu ödəməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli Sərəncamından görünür ki, vətəndaş İddiaçı Binəqədi rayonu, 7-ci mkr, Xarici Dairəvi küçəsi, 22 saylı yaşayış binasının qarşısında Binəqədi bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7/762 saylı müqaviləsinə əsasən icarəsinə verilmiş 800 kv.m torpaq sahəsinin 450 kv.metr hissəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihə əsasında ofis binasının tikintisinə və qalan hissədə isə əhalinin ümumi istifadəsində saxlanılmaqla abadlıq işlərinin aparılmasına icazə verilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Binəqədi rayonu Su Kanal İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixinə olan hesab fakturadan görünür ki, 7-ci mkr, A.Kunanbayev küçəsində, ev 244 ünvanına 9847 kub.m sərfiyyata görə, 9847 manat borc hesablanmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Binəqədi rayonu Su Kanal İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli aktdan görünür ki,7-ci mkr, A.Kunanbayev küçəsində, ev 244 ünvanında yerləşən 16 mənzilli yaşayış apartmanının su xəttinə və su sayğacına baxış keçirilən zaman apartmanın giriş sayğacının qeydiyyatda olmadığı, binalara fərdi d=20 mm-lik boru ilə qazanxanasının müqaviləsiz sudan istifadə etməsi aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixli sərfiyyat protokoluna görə fakt aşkarlanan zaman sayğacın texniki göstəricisi 21261 kub. metr olmuşdur. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Binəqədi rayonu Su Kanal İdarəsi ilə İddiaçı arasında bağlanan xx.xx.2025-ci il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” müqavilədən görünür ki, müəssisə istehlakçını 1 kub metr su üçün 1 manat olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidməti ilə təmin edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və cavabdeh tərəfin izahatında məlum oldu ki, faktiki olaraq 7-ci mkr, A.Kunanbayev küçəsində, ev 244 ünvanında 5 mərtəbəli 16 mənzilli binanın ilk birinci mərtəbəsində 6 qeyri-yaşayış obyekti (market, gözəllik salonu) var, qalan yuxarı mərtəbələrdə hər mərtəbədə 4 mənzil yerləşir. İddiaçı isə binanın tiktintisinə icazə alan və cavabdehlə xx.xx.2025-ci il tarixində su təchizatına dair müqavilə bağlamış fiziki şəxsdir. Müqavilədə istehlakçı qurupu qeyri-əhali kimi qeyd edilmişdir. Mənzillərin və qeyri-yaşayış obyeklərinin öz sayğacları var və həmin sayğaca görə sudan istifadə ilə bağlı ödənişlər edilir. Lakin cavabehin əməkdaşları tərəfindən xx.xx.2025-ci aktla müəyyən edilir ki, binanın sayğacından 21261 kub.metr su keçsə də, keçən suya mütənasib ödənişlər edilməmişdir. Hətta binanda olan mənzillər və qeyri yaşayış sahələri tərəfindən sayğaclarına münasibətdə mütəmadi ödənişlər edilsə də, iddiaçı binanın öz ambarına yığılan su ilə sakinləri və obyektləri isti su ilə təmin etmiş və buna görə edilən ödənişlərin cavabdeh təşkilata ödənilməsini təmin etməmiş, dolayısı ilə isti su xidmətindən gəlir əldə etməklə, bina hesabında 9847 manat borc yığılmasına səbəb olmuşdur. “Azemis” Elektron Məhkəmə sistemindən həmçinin müəyyən edildi ki, iddiaçı ********** saylı VÖEN – i var və fəaliyyət istiqaməti Tikinti Materialları Bazarının İcarəyə Verilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. -25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Bundan başqa, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında çoxmərtəbəli yaşayış binasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır və həmin müqavilənin başlığından da müəyyən edilir ki, bu müqavilənin növü hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə təchizatçı arasında bağlanan müqavilədir. İddiaçı isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkardır və mübahisə onun şəxsi istehlakı ilə bağlı deyildir. Belə ki, cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçının idarə etdiyi(fərdi sahibkar kimi bina onun tərəfindən inşa edilmişdir) çoxmərtəbəli yaşayış binasının sakinləri ilə ayrıca müqavilə bağlanmışdır və hesablanan borc sakinlərin sayğac vasitəsilə istifadə etdiyi suyun dəyəri ilə bağlı deyildir. Mübahisə binanın ümumi çəninə daxil olan və dəyəri ödənilməyən suyun həcmi ilə bağlıdır, hansı ki, iddiaçı onu isti su kimi kommunal xidmət olaraq sakinlərə satır. Beləliklə hesab edirəm ki, mübahisə fərdi sahibkar olan iddiaçı ilə təbii inhisar subyekti arasında olan kommersiya mübahisəsi olduğundan mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Eyni zamanda məhkəmə tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, hazırki qərardaddan şikayət verildiyi təqdirdə MPM-nin 269-cu maddəsinin tələblərini və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilən xüsusatları nəzərə alsınlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Binəqədi rayonu Sukanal İdarəsinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar