Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4075/2021 09.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzilindən cavabdehin istifadə hüququna tərəfindən 10.000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 23 avqust 2002-ci il tarixdə rəsmi nikah bağlayıb ailə qurmuşlar, sonradan isə nikahları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-207/2017 saylı iş üzrə 10 mart 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin nikahdan olan 08 noyabr 2004-cü ii təvəllüdlü X6, 05 avqust 2007-ci il təvəllüdlü X4 və 04 mart 2015-ci il təvəllüdlü X5 onun yanında saxlanılmış və onların 18 yaşına çatanadək hər biri üçün 136,6 manat olmaqla hər ay cəmi 409,8 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Nikahın pozulması Binəqədi rayon qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 28 iyun 2018-ci ildə 248 nömrə ilə qeyd edilmişdir. Nikahları pozulsa da, cavabdeh ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzildə, yəni Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzilində yaşamaqda davam edir, hansı ki, onun başqa yaşayış yeri, mülkü və mənzili vardır. Lakin buna baxmayaraq cavabdeh ona məxsus mənzildə qərəzli surətdə qalaraq ona zülm etməkdə davam edir. Belə ki, cavabdeh ona dəfələrlə əl qaldırmış, mütəmadi olaraq onu incitmişdir ki, qanunsuz hərəkətlərindən bir neçə dəfə polisə və müxtəlif dövlət orqanalrma şikayətlər vermişdir. Bir sözlə, cavabdehin bu gün də ona qarşı davam edən ləyaqətsiz, vicdansız, şərəfsiz və təhqiramiz hərəkətləri ucbatından onların bir mənzildə birgə yaşamaqları qətiyyən mümkün deyildir. Bu səbəblərdən cavabdehin ona məxsus mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmış, lakin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1901/2020 saylı iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində göstərilmişdir ki, “hazırki iş üzrə cavabdeh - Cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli mənzildə uzun illər ərzində yaşadığından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onun həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüququ yaranmış və onun mənzilə olan hüquqlarının itirilməsi və mənzildən çıxarılmasına yalnız mülkiyyətçinin təklif etdiyi bazar qiyməti ilə kompensasiya ödənilməsi şərti ilə yol verilir”. Göstərilən qətnamədən narazı qaldığına görə tərəfindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 836/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1901/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində də eyni hüquqi mövqe təsdiq edilmişdir. Göründüyü kimi, həmin qətnamələrlə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququna yalnız onun tərəfindən kompensasiya verilməklə xitam verilə bilər (apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvəyə minmişdir). Göstərilənlərə əsasən o, cavabdehə 10.000 manat kompensasiya verməklə ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi niyyətindədir. Yuxarıda qeyd etdiyi kimi, o, cavabdehlə boşandığı və aralarında barışmaz münasibətlər olduğu, o cümlədən bu günədək cavabdehin evdə mütəmadi olaraq dava-dalaş salıb onu olmazın söyüşlərlə təhqir etdiyi və incitdiyi halda birgə yaşamaqları qətiyyən mümkün deyil, bir sözlə, belə bir şəraitdə yaşamaq dəhşətli və ağlasığmazdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etiraz verərək göstərmişdir ki, verilmiş iddia ərizəsi üzrə tələb əsassızdır və təmin oluna bilməz. İddia ərizəsində göstərildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 7 saylı evin 32 saylı mənzili onun mülkiyyətində olmuş və ərizədə göstərilmiş bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlanmışdır. İddiaçının təbirincə göstərilən mənzilə onun mülkiyyət hüququna xitam verilmişdir, lakin buna baxmayaraq o, bu günədək mənzili tərk etməmiş, həmin mənzildə qeydiyyatda qalmaqla orada yaşamaqda davam edir və bununla da mənzil üzərində onun mülkiyyət hüquqlarını pozur. İddiaçı maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, 203.1 və 152-ci maddələrinə istinad etməklə onun göstərilən mənzil üzərində mülkiyyət hüququnun itirilməsi ilə həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarıma da xitam verilmiş olduğunu bildirmiş və bu səbəbdən onun həmin mənzildən qeyd-şərtsiz çıxarılmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı hazırkı iddia tələbi əsassızdır və qeyd olunan maddi hüquq normaları bu tələbin təmini üçün əsas ola bilməz. Belə ki, ilk növbədə göstərir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 7 saylı evin 32 saylı mənzili 2000-ci ilin iyun ayında onun şəxsi vəsaiti hesabına əldə olunmuş, həmin dövrdə nişanlılıq vəziyyətində olduğu İddiaçı və ailə üzvlərinin tələbinə əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Həmin vaxtdan o, həmin mənzildə yaşamağa başlamış və hazırda da 3 övladı ilə birlikdə həmin mənzildə yaşamaqdadır. İddiaçı ilə onun nikahları qeydə alınıb evləndikləri 23 avqust 2002-ci il tarixdən isə İddiaçı həmin mənzilə köçüb orada yaşamağa başlamışdır. Göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 7 saylı evin 32 saylı mənzilinə onun istifadə hüququ 2000-ci ilin iyun ayından başlamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına görə bu mənzilə dair maddi hüquq norması kimi 2009-cu ilin 01 oktyabr ayına kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60 və 123-cü maddələrinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə görə “...həmin şəxslərin (mülkiyyətçinin ailə üzvləri nəzərdə tutulur) yaşayış sahəsindən istifadə hüququ yaşayış evi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin müddəalarına görə “... Bu maddəmin üçüncü hissəsində göstərilən vətəndaşlar (... arvadı (əri), uçaqları, valideynlər) icarədarm ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Hesab edir ki, İddiaçı iddia tələbi göstərilən maddi hüquq normaları ilə təkzib edilir və o, mənzilin alındığı 2000-ci ilin iyun ayından hal- hazıradək mübahisəli mənzildə ardıcıl, davamlı surətdə yaşadığı üçün İddiaçı hazırkı iddia tələbi təmin oluna bilməz. Digər tərəfdən bildirir ki, göstərdiyi kimi, hazırkı iş üzrə İddiaçı ilə birgə nikahlarından 3 övladları olmuşdur və hazırda onlar, İddiaçı, o və 3 övladı bir mənzildə yaşayırlar. İddiaçı övladlarına qarşı laqeyd münasibətləri, analıq vəzifələrini yerinə yetirməməsi və digər səbəblərdən övladlarının İddiaçı alınıb ona verilməsinə dair aralarında məhkəmə mübahisəsi davam edir. Binəqədi Rayon Məhkəməsi tərəfindən həmin iddiası, Bakı Apellyasiya məhkəməsi tərəfindən isə şikayəti təmin olunmamışdır və o, qətnamədən kassasiya şikayəti vermişdir. Həmin iddiasını o, övladlarının qəti surətdə cavabdehin yanında deyil, onun yanında qalmaqsı, onunla birlikdə yaşamaq istəyində olmaları ilə əsaslandırmışdır. Hazırkı iş üzrə İddiaçı nikahları məhkəmə qaydasında pozulduqdan sonrakı müddət ərzində onu iki dəfə, hər dəfə 2-3 gün olmaqla mənzilə buraxmadığı halda evin yaxınlığında, avtomaşında gecələdiyi vaxtlarda oğlanlarının hər ikisi gəlib onunla birlikdə gecələmiş, ondan ayrı qalmaq istəməmişlər. Təbiidir ki, məhkəmənin hazırkı iş üzrə hansı qətnamə qəbul edəcəyini əvvəlcədən müəyyən etmək mümkün deyil. Ancaq bu göstərilən halları qeyd edərək, İddiaçı hazırkı iddiasının təmin ediləcəyi halda uşaqların taleyi, İddiaçı hikkəsi səbəbindən “çat vermiş” ailə münasibətlərinin sonrakı vəziyyəti də məhkəmə tərəfindən mütləq surətdə nəzərə alınmalı və hazırkı iddia təmin edilməməlidir. Daha bir halda bu kimi xüsusatlar nəzərə alındıqda iddiaçının hazırkı iş üzrə mənə 10.000 manat məbləğində kompensasiya təklifi də əsaslı hesab oluna bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək yuxarıda göstərilən məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı əvvəlki məhkəmə iclasında bildirmişdir ki, o, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə qəti surətdə razı deyil. Belə ki, mübahisəli ərazidə kirayə haqqları rəydəki kimi yüksək deyil. Onların yaşadığı binanın alt mərtəbələrində verilmiş mənzillərin kirayə haqqları 250-300 manatdır. Belə olan halda, onun mənzilinin kirayə haqqı necə olar bilər ki, 450-500 manat olsun? Bundan əlavə, onun mənzilinin təmiri rəyə əlavə olunmuş fotoşəkillərdə səliqəli düşməsinə baxmayaraq, olduqca köhnədir. Hazırda həmin mənzilin ən yüksək satış qiyməti 90.000 manatdır. Hazırki məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirdi ki, hazırda onun mənzilini 120.000 manata almaq istəyən real alıcı vardır. O, mənzilini 120.000 manata satıb, cavabdehə iddia ərizəsində göstərilən kompensasiyanı ödəyəcəkdir. Əvvəkli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, ekspert rəyi həqiqəti əks etdirmədiyindən rəylə heç cürə razılaşmaq mümkün deyildir. Belə ki, rəy ümumiyyətlə əsaslandırılmamış, müqayisəli tədqiqat aparılmamışıdır. Hazırda həmin ərazidə çoxlu kirayə verilmiş mənzillər mövcuddur ki, onların kirayə haqqları maksimum 300 manat təşkil edir. Tədqiqatı aparan müətəxəssis həmin ərazidə yerləşən mənzillərində fotoşəkillərini rəyə əlavə etməli və müqayisəli tədqiqat aparmalı idi. Həmin evin satış qiyməti isə absurddur, həmin evin satış qiyməti maksimum 90.000 manatdır. Ona görə də rəylə razı deyillər. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o iş üzrə keçirilmiş ekspertiza rəyinə etiraz edir, belə ki, mübahisəli mənzili o, özü şəxsən almışdır və təmir etdirmişdir. Həmin mənzil 3 otaqlıdır. Mənzil uşaqların getdiyi məktəbin yaxınlığında yerləşir. Hazırda həmin mənzilin satış qiyməti 140.000 manat, kirayə haqqı isə 600 manat civarındadır. Əvvəlki məhkəmə iclasında iddiaçı ona bildirmişdir ki, 90.000 manata mənzili ona satmağa razıdır. O, bu təkilfə razılığını bildirmiş, lakin sonradan iddiaçı fikrini dəyişib, mənzilin qiymətini 120.000 manata qədər yüksəltmişdir. Eyni zamanda ona verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçı tərəfindən ona bir otaqlı mənzil verilərsə iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməsinə razı olar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, o, ekspertin rəy ilə razı deyil. Belə ki, mübahisəli mənzil 7-ci mərtəbədə yerləşməklə 3 otaqlıdır. Mənzil təmirli və səliqləlidir. Hazırda o cür mənzillərin kirayə haqqı 600 manat, satış qiyməti isə 140.000 manata yaxındır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 7, mənzil 32 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə 05 aprel 2017-ci il tarixdə qeydiyyat aparılmışdır; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(001)- 207/2017 saylı qətnaməsinə əsasən İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 23 avqust 2002-ci il tarixdə bağlanmış, 1058 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 08 noyabr 2004-cü il təvəllüdlü X3, 05 avqust 2007-ci il təvəllüdlü X1 və 04 mart 2015-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılmaları, Cavabdeh tərəflərin birgə nikahından olan övladları 08 noyabr 2004-cü il təvəllüdlü X3, 05 avqust 2007-ci il təvəllüdlü X1 və 04 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 136,6 manat olmaqla, cəmi 409,8 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; AZ-İ seriyalı 292060 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah 28 iyun 2018-ci il tarixdə ləğv edilmişdir; Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin polis mayoru Məhəmməd Tağıyev tərəfindən qəbul edilmiş 06 iyul 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, 04 mart 2019-cu il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, həmin tarixdə keçmiş əri Cavabdeh ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onu qəsdən vuraraq xəsarət yetirməsini bildirməsi faktı əsasında toplanmış ilkin yoxlama materialı olmuşdur. Aparılmış istintaqla müəyyən olunmuşdur ki, 04 mart 2019-cu il tarixdə Cavabdeh İddiaçı döyərək sonuncuya qəsdən bədən xəsarət yetirməsi sübuta yetmir. Nəticədə, Cavabdeh barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(001)- 1901/2020 saylı qətnaməsinə əsasən ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mübahisəli mənzilə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli mənzildə uzun illər ərzində yaşadığından həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüququ yaranmış və onun mənzilə olan hüquqlarının itirilməsi və mənzildən çıxarılmasına yalnız mülkiyyətçinin təklif etdiyi bazar qiyməti ilə kompensasiya ödənilməsi şərti ilə yol verilir. Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(103)-836/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(001)-1901/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli, LP-143/21 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə görə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzilinin hazırki bazar qiyməti 105.000 manat, orta aylıq kirayə haqqı 450-500 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzilinin mülkiyyətçisi iddiaçıdır. Tərəflər arasında bağlanmış nikah Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından olan uşaqların iddiaçının yanında qalmaları müəyyən edilmişdir. İddiaçı cavabdehə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etsə də, onun iddiası məhkəmənin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Sözügedən qətnamə ilə müəyyən edilmişdir ki, cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli mənzildə uzun illər ərzində yaşadığından həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüququ yaranmış və onun mənzilə olan hüquqlarının itirilməsi və mənzildən çıxarılmasına yalnız mülkiyyətçinin təklif etdiyi bazar qiyməti ilə kompensasiya ödənilməsi şərti ilə yol verilir. Hazırda iddiaçı cavabdehə 10.000 manat kompensasiya ödənilməklə cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb edir, cavabdeh tərəf isə kompensasiya məbləği ilə razılaşmayaraq iddianın təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənlı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçinin və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı onun elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İnsan hüquqları haqqında Ümumi Bəyənnamənin 25-ci maddəsinə əsasən hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq və yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən mərhum olduğu hallarda təminat hüququna malikdir. İqtisadi, sosial, və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsinə görə bu Paktda iştirak edən dövlətlər hər kəsin özü və ailəsi üçün, kifayət qədər qida, paltar, mənzil, həmçinin həyat şəraitinin fasiləsiz yüksəlişi daxil olmaqla, qənaətbəxş həyat səviyyəsinə nail olmaq hüququnu tanıyırlar. İştirakçı dövlətlər bununla əlaqədar azad razılığa əsaslanan beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini etiraf edərək, bu hüququn təmin olunması üçün lazımi tədbirlər görməyi qərarlaşdırmışlar. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İşdə olan rəydən göründüyü kimi, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə şəraiti, sahəsi, texniki göstəriciləri baxımından oxşar mənzillərin orta kirayə haqqı 450-500 manat təşkil edir. Eyni zamanda həmin mənzilin hazırki bazar dəyəri 105.000 manat təşkil edir. Məhkəmə hesab edir ki, kompensasiyanın məbləği hesablanarkən həmin məbləğlərin orta göstəricisi əsas götürülməlidir (450+500 / 2), yəni aylıq kirayə haqqı 475 manat məbləğində. Göründüyü kimi, həmin ərazidə oxşar mənzilin kirayə haqqı bir il üçün 5.700 manat, iki il üçün 11.400, üç il üçün isə 17.100 manat təşkil edir. Məhkəmə, iddiaçının kompensasiyanın məbləğini təklif edərkən mənzilin yerləşdiyi ərazidə real bazar qiymətlərini nəzərə almadığını qeyd edir və cavabdehə münasibətdə kompensasiyanın məbləğinin 10.000 manat məbləğində təklif edilməsini ağlabatan, reallığa uyğun, həmçinin ədalətli hesab etmir. Göründüyü kimi, təklif olunan məbləğ cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində (3 il) başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əvvəlki məhkəmə iclasında mütəxəssis rəyi ilə razı olmayaraq mənzilinin ən yüksək satış qiymətinin 90.000 manat olduğunu bildirmiş, cavabdeh isə mənzili həmin qiymətə ondan almağı təklif etmiş, iddiaçı isə buna razılıq vermişdir. Lakin sonradan tərəflər arasında mənzilin alqı-satqısı baş tutmamışdır. Hazırda isə iddiaçı özü bildirir ki, mənzili ondan 120.000 manata almaq istəyən real alıcı var və kompensasiyanı yalnız mənzili satdıqdan sonra cavabdehə ödəyə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin, iddia təmin edilmədiyindən, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində vəsait İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində vəsait İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin ("xxxx" ASC Yasamal filialı, Kod 512565, VÖEN **********, Müxbir hesab AZE02NABZ********************, SFİFT BİK AZRTAZ22, "xxxx" MMC, VÖEN **********, hesab AZE30AZRT********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4075/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4075/2021
09.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver