Məhkəmə qərarları › İş №2(001)-4092/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4092/2024

31.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4092/2024 31.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X7, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə məhkəməyə barəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi istənilən X2 bacısı Ərizəçi tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. -317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. -152-ci maddəsinə əsasən qanunvericiliyin göstərilən tələblərinə riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-ci bəndinə əsasən məhkəmələr nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. X3 əldə edilmiş çıxarışdan görünür ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxs X1 rayonu, M.C.Paşayev, küçəsi 2 ünvanında qeydiyyatdadır. Belə olan halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-c maddəsinin tələbinə əsasən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsin qeydiyyat ünvanı üzrə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilməlidir. Bundan başqa ərizəçi tərəfindən X4 nə məqsədlə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsində əsaslandırmamış, bu məslənin məhkəmədənkənar qaydada müvafiq orqanda həll edilməsi imkanının olmamasına dair müvafiq sənədi (Qəyyumluq və Himayəçilik Komissiyası imtinası) ərizəsinə əlavə etməmişdir. Bununla da məhkəməyə daxil olmuş ərizəni nəzərdən keçirib hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2 və 317.2-ci maddələrinə əsasən ərizə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsin qeydiyyat ünvanı üzrə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilməli olduğu halda, yanlış olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verildiyindən, mübahisənin məhkəməyədək həll proseduruna əməl etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci və 317-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. Ərizəçiyə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar