Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-41/2021 26.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı Əlbəşir oğlunun iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli və 2018-ci ilin noyabr ayına aid aktların etibarsız hesab edilməsi, qanunsuz hesbalanmış 1346,4 manat əsassız borcun abonentin hesabından silinməsi və fərdi yaşayış evinin həyətinin hasarından keçən qanunsuz qaz xəttinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun yaşadığı Bakı şəhəri, Sulutəpə qəsəbəsi, X5 yerləşən fərdi yaşayı evinə quraşdırılmış qaz sayğacı xx.xx.2018-ci il tarixdə “aşağı sərfiyyat” səbəbi ilə dəyişdirilmişdir. Həmin vaxt akt tərtib edilmişdir. Həmin akt onun tərəfindən imzalanmamış, cavabdehin əməkdaşlarını isə görməmişdir. Ona bu yaxınlarda məlum olmuşdur ki, qərəzli və qeyri-qanuni olaraq xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və 2018-ci ilin noyabr ayında aktlar tərtib edilmişdir. Aktlarda təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunduğu qeyd edilmişdir. Bu barədə xx.xx.2018-ci il tarixdə Cavabdeh İB-nə ərizə ilə müraciət etmişdir. Ərizəsində qanunsuz mövcud olan və ona aid olmayan qaz xəttinin olmasını və həmin qaz xəttinin ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən bu barədə heç bir araşdırılma aparılmamış və heç bir tədbir görülməmişdir. Bildirir ki. hər 3 akt tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Aktların surətlərindən görünür ki, heç birində imza yoxdur. Ümumiyyətlə onun bu aktlardan məlumatı olmamışdır. Cavabdeh isə onun bu aktları imza etməkdən imtina etməsini qeyd etmişdir. Təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, qeyri-qanuni xəttin haradan çəkilməsi, harada istiadə edilməsi, haraya birləşdirilməsi, həmin xəttin onun yaşadığı evə aid edilməsi müəyyən edilməmişdir. Yəni həmin qanunsuz xəttin onun yaşadığı evə aidolmasını təsdiq edəcək heç bir mötəbər sübut mövcud deyildir. Tərəfindən qaz xəttinə heç bir müdaxilə olmamışdır. Ona məxsus fərdi yaşayış evinin kənarından, həyətinin hasarından keçən və ona heç bir aiddiyatı olmayan qaz xəttini fotoşəklini çəkmişdir. Həmçinin istifadə edilən qaz sayğacının giriş və çıxış hissəsində heç bir qüsur aşkar edilməmişdir. Qeyd olunur ki, tərtib edilən aktlarda qaz sərfiyyatı qətiyyən düzgün hesablanmamışdır. Belə ki, akt isti aylara münasibətdə tərtib olunmuş, həddindən artıq şişirdilmiş rəqəmlər göstərilmişdir. Belə çıxır ki, o hansısa sev və ya digər işlədicilərdən işlədir. Bu isə həqiqət uyğun deyildir. Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Q.İ.Q-nın 6.5-ci bəndinin tələbinə görə qanunsuz xətt aşkar edildiyi təqdirdə kəsilərək ləğv edilməli və qüsur aradan qaldırılmalı idi. Lakin cavabdeh tərəfindən sayğacdan kənar xətt aşkar edilməsini göstərsə də, heç bir qaz xətti ləğv edilməmişdir. Qeyd edilir ki, istehlak edilmiş qaz sərfiyyatınıın məbləği tərəfindən hər ay ödənilmişdir. Əlavə qaz sərfiyyatının hesablanması tamamilə əsassızdır. Belə ki, tərəfindən əvvəllər istifadə edilmiş qaz sərfiyyatına 3 ay müddətinə uyğun olaraq araşdırılmalı və tutuşdurulmalı idi. Belə olan təqdirdə təbii ki, onun əlavə qaz sərfiyyatından istifadə etmədiyi müəyyən olunacaqdı. Lakin cavabdeh tərəf heç bir araşdırma apamadan qeyri-qanuni akt tərtib edilmiş akta əsaslanmış və borc məbləği hesablamışdır. Onun hasarından keçən qanunsuz xəttin oradan götürülməsinə dair Cavabdeh İB-nə müraciət etmişdir. Onun müraciətindən sonra həmin aktlar tərtib edilmişdir. Həmin xətti dəfələrlə sökməyə cəhd etmişdir. Bu barədə Binəqədi RPİ-nin 40-cı PB-nə müraciət etmişdir. Ona verilmiş xx.xx.2018-ci il tarixli cavadda özbaşına heç bir şey etməmək və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdeh İB-nə müraciət etsə də, bu barədə heç bir tədbir görülməmişdir. Bununla da, bir istehlakçı kimi hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, qazdan qanunsuz istifadəyə görə mənzilə qazın verilişi kəsilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının yaşadığı evin həyətindən qonşuya keçən boru xəttinə onun tərəfindən qanunsuz qoşulma aşkar edildiyi və sayğacdan kənar təbii qazdan istifadə edildiyi üçün istehlakçı barəsində akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, o, Cavabdeh İB-də mühəndis vəzifəsində çalışır. İddiaçı istifadəsində olan sayğacın işlək vəziyyətdə olmadığı aşkar edildikdə qaz borusuna baxış keçirilmiş və istehlakçının yaşadığı həyətindən qonşuya keçən boru xəttinə qanunsuz qoşulma aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, o, Cavabdeh İB-də qrup rəhbəri olaraq çalışır. İddiaçı istifadəsində olan sayğacın işlək vəziyyətdə olmadığı aşkar edildikdə qaz borusuna baxış keçirilmiş və istehlakçının yaşadığı həyətindən qonşuya keçən boru xəttinə qanunsuz qoşulma aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, Bakı Regional Qazın satışı Departamentində mühəndis vəzifəsində çalışır. İddiaçı istifadəsində olan sayğacın işlək vəziyyətdə olmadığı aşkar edildikdə qaz borusuna baxış keçirilmiş və istehlakçının yaşadığı həyətindən qonşuya keçən boru xəttinə qanunsuz qoşulma aşkar edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Təbii qazdan istifadə qaydalarının pozulması haqqınd xx xxxxxxxx 2018-ci il tarixli, №0179755 saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus sayğaca qeyri-qanuni qoşularaq təbii qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx xxxxxxxx 2018-ci il tarixli, №0179755 saylı akt əsasında qəbul edilən xx.xx.2018-ci il tarixli qərardan görünür ki, qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.9 m3/ saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nun maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/ saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ cəmi 5724 m3 müəyyən edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2018-ci il tarixli, №0187578 saylı aktdan görünür ki, 734№-li xidməti yazıcıya əsasən 2018-ci ilin oktyabrında mənzildə olan sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx xxxxxxx 2018-ci il tarixli, №0187578 saylı akt və 734 saylı xidməti yazı əsasında qəbul edilən xx.xx.2018-ci il tarixli qərardan görünür ki, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/ saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nun maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejjimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/ saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ cəmi 1008 m3 müəyyən edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2018-ci il tarixli, №0180446 saylı aktdan görünür ki, 874№-li xidməti yazıcıya əsasən 2018-ci ilin noyabr ayında mənzildə olan sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx xxxxxx 2018-ci il tarixli, №0180446 saylı akt və 874 saylı xidməti yazı əsasında qəbul edilən xx.xx.2018-ci il tarixli qərardan görünür ki, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/ saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nun maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejjimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/ saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ cəmi 1008 m3 müəyyən edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2018-ci il tarixli, №0193069 saylı aktdan görünür ki, 990№-li xidməti yazıya əsasən 2018-ci ilin noyabr ayında mənzildə olan sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx xxxxxx 2018-ci il tarixli, №0193069 saylı akt və 990 saylı xidməti yazı əsasında qəbul edilən xx.xx.2018-ci il tarixli qərardan görünür ki, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/ saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nun maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejjimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/ saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ cəmi 1008 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/1886 saylı ekspert rəyindən görünür ki,İddiaçı yaşadığı Bakı şəhəri, Sulutəpə qəsəbəsi, X5 yerləşən fərdi yaşayış evinin həyətindən qonşuya keçən boru xətləri,həyətin daxilində müxtəlif hissələrdə , torpağın, eləcə də onlardan biri sonradan həyətdə olan dəmir beton konstrukiyadan quraşdırılmış pilləkənin altından keçir və baxış zamanı boruların torpağın üzəri ilə keçən, yəni gözlə görünən hissələrində sayğacdan kənar qoşulma halları , o cümlədən də qanunsuz qoşulma üçün nəzərdə tutulan hər-hansı bir texniki dəyişiklik həmçinin kənardan qoşulmasına xarakterik olan müdaxilə izləri aşkar edilməmişdir. İddiaçı yaşadığı Bakı şəhəri, Sulutəpə qəsəbəsi, X5 yerləşən fərdi yaşayış evinin həyətindən qonşuya keçən boru xətləri qeyd edildiyi kimi, həyətin daxilində müxtəlif hissələrdə torpağın və borclulardan birinin sonradan həyətdə olan dəmir-beton konstruksiyalardan quraşdırılmış pilləkənin altından keçdiyinə görə qaz xətlərinin yeraltı keçən hissələrində sayğacdan kənar qanunsuz qoşulma üçün nəzərdə tutulan hər hansı bir texniki dəyişiklik və ya kənardan müdaxilənin izlərinin mövcud olmasının, eləcə də sayğacdan kənar qanunsuz qoşulmanın mümkün olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan qaz xətlərinin yeraltı hissələrinin üzəri açıldıqdan sonra sadalanan hallar müəyyən edilə bilər. Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı Əlibəşir oğluna ünvanlanan məktubdan görünür ki, onun xx.xx.2018-ci il tarixli Socar**********30560046X11904 saylı ərizəsi araşdırılmış və məlum olmuşdur ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə olunması aşkar edilmiş, bu barədə xx.xx.2018-ci il tarixli 0179755, 30.102018-ci il tarixli ******* saylı aktlar tərtib edilərək ümumilikdə 1245,60 manat borc hesablanmışdır. Beləliklə məhkəmə baxışında tədqiq olunan sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən istehlakçı İddiaçı barəsində xx.xx.2018-ci ildə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Həmin AKT-da yaşayış sahəsinə xx.xx.2018-ci il tarixdə baxış keçirildiyi və sayğacdan kənar qeyri-qanuni birləşmə olduğu müəyyən edilmişdir. Həmin AKT-a İddiaçı imza etməkdən imtina edildiyi də akt-da öz əksini tapmışdır. Eyni zamanda dəymiş ziyanın hesablanması üçün xx.xx.2018-ci il tarixdə Heasabat tərtib edilmiş və hesabatın tərtib edilməsi üçün əsasın xx.xx.2018-ci il tarixli AKT olduğu qeyd edilmişdir. Hesabat nəticəsində itirilmiş qazın həcminin 5724 kub.metr olduğu müəyyən edilmişdir. Bununla bağlı 2018-ci ilin sentyabr ayı üçün 1144.8 manat cərimə borcu hesablandığı abonentin saldosundan müəyyən edilir. Yəni itirilmiş hər kub metr qaz üçün 0.2 manat cərimə hesablanmışdır. Məhkəmə bu AKT-la bağlı əvvəla qeyd edir ki, AKT-ın tərtib edilmə tarixi 10 sentyabr qeyd edilsə də, lakin AKT-dan görünür ki, yaşayış sahəsinə və ya qaz xəttinə baxış 07 sentyabr qeyd edilmiş, üstəlik zərərin müəyyən edilməsi barədə Hesabatda itirilmiş qazın hesablanması üçün əsasın 30 sentyabr tarixli ******* saylı AKT olması göstərilmişdir. Həmin AKT-ın etibarsız olması ilk öncə ordan görünür ki, AKT-ın tərtib edilmə tarixi ilə baxış keçirilməsi vaxtı üst-üstə düşmür, hətta tərtib edilmiş hesabat isə məlum olmayan AKT-a əsaslanmışdır. Bu onu deməyə əsas verir ki, nə AKT, nə Hesabat tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş və ehtimallar əsasında borc hesablanmışdır. Ekspertiza tədqiqatı isə iddiaçının sayğacdan kənar qanunsuz qoşulma halının mövcudluğunu təsdiq etməmişdir. İddia tələbində göstərilən, iş materiallarında olan və abonentin saldosundan müəyyən edilən digər aktlardan isə aşağıdakılar müəyyən edilir. xx xxxxxxx 2018-ci ildə və xx xxxxxx 2018-ci ildə analoji qaydada AKT-lar tərtib edilmiş və hər AKT üzrə 100.8 manat məbləğində cərimə hesablanmışdır. Həmin aktların tərtib edilmə vaxtı və hesabatlarının tarixləri üst-üstə düşsə də faktın mövcudluğu şübhə doğurur. Belə ki, əvvəla iddiaçı məhkəmə proseslərində AKT-ın onun iştirakı olmadan tərtib edildiyini bildirsə də, cavabdeh iddiaçının AKT-lara imza etməkdən imtina etdiyini qeyd etmişdir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, AKT-lar cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının iştirakını təmin etmədən, hal şahidləri cəlb edilmədən, birtərəfli qaydada tərtib edilmişdir. Bundan başqa ekspertiza tədqiqatı da abonentin qanunsuz qoşulma halının olduğunu təsdiq etməmişdir. Odur ki, sübutetmə yükünün bölgüsü baxımından hazırki tələbdə AKT-ların həqiqliyini sübut etmək vəzifəsi AKT-ı tərtib edən orqanın üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bundan başqa mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/1886 saylı ekspert rəyindən görünür ki İddiaçı yaşadığı Bakı şəhəri, Sulutəpə qəsəbəsi, X5 yerləşən fərdi yaşayış evinin həyətindən qonşuya keçən boru xətlərinə baxış zamanı boruların torpağın üzəri ilə keçən, yəni gözlə görünən hissələrində sayğacdan kənar qoşulma halları, o cümlədən də qanunsuz qoşulma üçün nəzərdə tutulan hər-hansı bir texniki dəyişiklik həmçinin kənardan qoşulmasına xarakterik olan müdaxilə izləri aşkar edilməmişdir. Boru xətlərinin həyətin daxilində müxtəlif hissələrdə torpağın və borclulardan birinin sonradan həyətdə olan dəmir-beton konstruksiyalardan quraşdırılmış pilləkənin altından keçdiyinə görə qaz xətlərinin yeraltı keçən hissələrində sayğacdan kənar qanunsuz qoşulma üçün nəzərdə tutulan hər hansı bir texniki dəyişiklik və ya kənardan müdaxilənin izlərinin mövcud olmasının, eləcə də sayğacdan kənar qanunsuz qoşulmanın mümkün olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan qaz xətlərinin yeraltı hissələrinin üzəri açıldıqdan sonra sadalanan hallar müəyyən edilə bilər. Cavabdeh şirkətin əməkdaşları tərəfindən isə iddiaçının yaşayış sahəsinə və həmin ərazidə olan boru xətlərinə səthi baxış keçirilmişdir. Belə olduğu halda cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini,borcun hansı meyarlarla, hansı əsaslarla yaranmasını sübuta yetirmədən ona borc hesablaması qanunsuz və əsassızdır. Odur ki, işin faktiki hallarına əsasən iddiaçının qaz sayğacından kənar qanunsuz qoşulma halı sübut edilmədiyindən iddiaçının tələbi əsaslı hesab edilməlidir. Şahid ifadələrinə gəldikdə isə məhkəmə ifadə verən şəxslərin cavabdehlə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin ifadələrinə tənqidi yanaşır. Belə ki, həmin şəxslər aktların tərtib edilməsində tutduğu vəzifələri ilə əlaqədar ya birbaşa, ya da dolayı yola iştirak etmişlər. Beləliklə məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsində qeyd edilmişdir ki, Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında“ İddiaçı barəsində tərtib edilmiş 10 sentyabr(iddiaçının bildirdiyinə görə 20 sentyabr) 2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktları etibarsız hesab edilməli, 1346,4 manat məbləğində cərimə borcu abonent kodu **********00000 olan hesabdan silinməlidir. Məhkəmə iddia ərizəsinin xahiş etdim hissəsində qeyd edilmiş fərdi yaşayış evinin həyətinin hasarından keçən qanunsuz qaz xəttinin ləğv edilməsi barədə xahişinə tələb kimi qiymət verməmişdir. Belə ki, iddiaçı nə iddia ərizəsinin əsaslandırılmasında, nə məhkəmə iclaslarında həmin halı mübahisələndirməmiş, əksinə həmin qaz xəttinin ona aid olmadığını izahatlarında qeyd etmişdir. Bu baxımdan məhkəmə onun mübahisəsinin mahiyyətinə məhz hesablanmış cərimə borcunun silinməsi kimi qiymət vermişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında“ İddiaçı barəsində tərtib edilmiş xx xxxxxxxx 2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktları etibarsız hesab edilsin. Qanunsuz qoşulmaya görə hesablanmış 1346,4 (bir min üç yüz qırx altı manat, qırx qəpik) manat cərimə borcu İddiaçı abonent kodu **********00000 olan hesabından silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-41/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-41/2021
26.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver