Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4102/2023 17.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı X7 Şirkətinin Cavabdeh qarşı 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143050 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 401169.316 4479900.383; 2. 401184.950 4479903.102; 3. 401185.339 4479890.866; 4. 401170.190 4479886.642 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X7 Şirkəti Cavabdeh qarşı 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143050 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 401169.316 4479900.383; 2. 401184.950 4479903.102; 3. 401185.339 4479890.866; 4. 401170.190 4479886.642 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh tərəfindən X7 Şirkətinin Saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143050 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, X7 şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Belə ki, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X8 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli xx.xx.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X8 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X7 şirkətləri arasında imzalanmış X4 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən X7 şirkətinə (Şirkət) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (Hökumət) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya İcra Hakimiyyətinin sərəncamının olması, cavabdehin özbaşına tikilidə pasport qeydiyyatında olması mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur. Belə ki, sözügedən Saziş qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilən bilən bütün hüquq və vəzifələr ləğv edilir. Bundan başqa, cavabdeh tərəfindən Dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsi zəbt olunaraq üzərində özbaşına tikili inşa edilməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də, iddia ərizəsinin təmin edilərək Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 111.3-cü maddələrinin, Yerin təki haqqında Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə əsasən, Cavabdeh 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143050 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 401169.316 4479900.383; 2. 401184.950 4479903.102; 3. 401185.339 4479890.866; 4. 401170.190 4479886.642 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı X7 Şirkətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazından müəyyən olunur ki, o, 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə ünvan 1 ünvan üzrə rəsmi qeydiyyata alınmışlar. O, yaşadığı evi 2007-ci ildə 35000 ABŞ dollarına almışdır. İddiaçı onun yaşadığı evi qeyri-qanuni hesab etsə də, həmin ərazidə müxtəlif şəxslər tərəfindən yeni evlərin tikilməsi işləri davam etdirilir, iddiaçı tərəfindən həmin tikinti işləri dayandırılmır. Onun yaşadığı ev bütün kommunal xidmətlərlə təmin edilmiş və o, bütün kommunal xidmət haqlarını ödəyir. Həmin ünvanda olan torpaq sahəsində 100 il öncə yaşayış olmuş, həmin şəxslərin ailələri hal-hazırda da bu ünvanda yaşayırlar. O, evi də həmin insanlardan almışdır. Onun və ailəsinin bu evdən başqa yaşayış sahəsi yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib etirazın məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 111. 1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; 3.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında (xx.xx.2005-ci il tarixli 901-İİQD №-li) Azərbaycan Respublikası Qanununun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. X8 Bi.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixdə bağlanmış, 15 may 2005-ci il tarixindən qüvvəyə minmiş Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişdən müəyyən olunur ki, Saziş üzrə Əməliyyat şirkəti qismində X7 şirkəti fəaliyyət göstərir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan cavabdehin inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin coğrafi kordinatlarından müəyyən olunur ki, 1. 401169.316 4479900.383; 2. 401184.950 4479903.102; 3. 401185.339 4479890.866; 4. 401170.190 4479886.642 koordinatlarda yerləşən torpaq sahəsi 901-İİQD №-li xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli № 296 Sərəncamı əsasında iddiaçıya ayrılan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Binəqədi rayon Hərbi Komissarlığının 31 saylı xx.xx.2004-cü il tarixli arayışından müyyən olunur ki, İsmiyev X2 uğrunda gedən döyüşlərin iştirakçısıdır. Prezidentin 841 saylı xx.xx.1994-cü il tarixli fərmanına əsasən veteran sayılır və müharibə veteranları üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X8 Bi.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixdə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Saziş («Saziş») imzalanmış, 15 may 2005-ci il tarixdən qüvvəyə minmiş Saziş üzrə Əməliyyat şirkəti qismində X7 şirkəti fəaliyyət göstərir. Daha sonra araşdırma zamanı tədqiq olunmuş sübutlarla cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, iddiaçının isə saziş üzrə istifadəsində olan torpaq sahəsində, yəni şirkətin saziş ərazisi hüdudları (1. 401169.316 4479900.383; 2. 401184.950 4479903.102; 3. 401185.339 4479890.866; 4. 401170.190 4479886.642 koordinatlar) daxilində özbaşına tikili inşa etməsi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin inşa etdiyi tikilinin Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratmasını bildirsə də, hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdehin uzun müddət yaşadığı yaşayış evinin cavabdehin öz hesabına sökülərək torpaq sahəsindən çıxarılmasını xahiş edir. Əhmədovanın Azərbaycana qarşı işi üzrə 18 noyabr 2021-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). İstinad olunan işdə Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın: İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il). Hazırkı işdə ərizəçi evi özü tikməmişdir, başqa şəxsdən almışdır. Daxili qanunlar daşınmaz əmlakla bağlı əqdlərin notarius tərəfindən təsdiqini açıq şəkildə tələb edir. Mübahisəli tikili ilə bağlı Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə uyğun olaraq Dövlət reyestrinə heç bir qeyd daxil olmamışdır. Ərizəçinin alqı-satqı müqaviləsinin notarius tərəfindən təsdiq edilməməsi və dövlət reyestrində qeyd edilməməsi Hökumətin iddia etdiyi kimi, evə dair müvafiq tikinti və mülkiyyət sənədlərinin olmaması ilə izah edilə bilər. Buna görə də ərizəçi evi alarkən onun icazəsiz tikinti olduğunu bilirmiş və ya bilməli imiş. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdir və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018, ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007 V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin). Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonaviçius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahona Quachamin və başqaları, §§ 67-68 baxın). Məhkəmə qeyd etmişdir ki, iş materiallarından ərizəçinin evi aldıqdan sonra təmir etdirdiyi görünsə də, evin qanuni sahibi olmayan ərizəçi bilməli idi ki, evdə abadlıq işləri aparmaqla ona məxsus olmayan daşınmaz əmlaka investisiya etmişdir. Bundan əlavə, ərizəçi söküntü qərarının onun daşınan şəxsi əşyalarına təhlükə yaradacaq şəkildə icra olunacağını iddia etməmişdir. Ona görə məhkəmə belə qənaətə gəlmişdir ki, şikayətin bu hissəsi (1 saylı Protokolun 1-ci maddəsi) 35-ci maddənin 3-cü bəndinin (a) yarımbəndinin mənasında Konvensiyanın müddəaları ilə bir araya sığmır və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir. Avropa Məhkəməsi ərizəçinin onun əmlakının sökülməsi ilə bağlı ona pul ödənilməli olması ilə əlaqədar şikayəti ilə bağlı qeyd etmişdir ki, ərizəçiyə sözügedən evi onun hesabına sökmək barədə qərar verilmişdir. Ərizəçinin üzərinə qoyulan belə bir öhdəlik onun mülkiyyətindən dinc istifadə etmək hüququna müdaxilədir. Buna görə də söküntü sifarişinin həmin hissəsinə 1 saylı Protokolun 1-ci maddəsi tətbiq edilir. Bununla belə, ərizəçi şikayətin bu hissəsini sözügedən müdaxilənin qanuniliyi və ya mütənasibliyi məsələsinin olduğunu sübut edən dəlillərlə əsaslandırmamışdır. Ona görə şikayətin həmin hissəsi də açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir. İstinad olunan qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Məhkəmə qeyd etmişdir ki, bu şikayət nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməzdir. Buna görə də o, məqbul elan edilməlidir. Bununla bağlı məhkəmənin əsaslandırması belə olmuşdur: Ərizəçi bildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X1rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə... zəruri olduğunu” iddia etsə də, hazırki işin vəziyyətində Məhkəmə bu müdaxilənin “Azneft”in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50., AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin). Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri). Hökumət ərizəçinin daxili qanunvericiliyə uyğun olaraq digər hüquqi müdafiə vasitələrindən istifadə etməklə onun çıxarılmasının mütənasibliyinə dair lazımi ekspertiza əldə edə biləcəyini iddia etməmişdir. Düzdür, daxili qanunvericilik ümumilikdə məhkəmələrdən qanuni qüvvəyə minmiş qərarın icrasının təxirə salınmasını və ya məhkəmə icraçılarının qərarın icrasının təxirə salınmasını tələb etmək imkanını nəzərdə tutmuşdur. Bununla belə, müvafiq presedent hüququna istinadlarla dəstəklənən bu ehtimalın münasibliyinə aid inandırıcı dəlillər olmadığına görə Məhkəmə belə nəticəyə gəlməlidir ki, ərizəçi bu yoldan istifadə etsə belə, onun əldə edə biləcəyi yeganə şey evdən çıxarılması qərarının mütənasibliyinin hərtərəfli yoxlanılmasının təsirlərindən daha çox müvəqqəti möhlət olarmış. (yuxarıda adı çəkilən İvanova və Çerkezovla müqayisə edin, § 57). Nəhayət, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da iddia edilməmişdir. Bundan əlavə, ərizəçi dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda, hazırki şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi onların sığınacaqda yerləşdirilməsinin qəbul edilən olacağını da iddia etməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. İstinad olunan qərardan daha sonra müəyyən olunur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikili cavabdehin və ailəsinin yeganə yaşayış yeri olduğundan, neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində yerləşən mübahisəli tikilidə yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğundan, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab edir. Belə ki, iddia ərizəsinin hazırkı vəziyyətdə təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad olunan Azərbaycana qarşı qərarına əsasən Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnəcəkdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı X7 Şirkətinin Cavabdeh qarşı 1 saylı mədənin 4-cü sahəsində yerləşən 143050 saylı neft quyusunun mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları (1. 401169.316 4479900.383; 2. 401184.950 4479903.102; 3. 401185.339 4479890.866; 4. 401170.190 4479886.642 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4102/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4102/2023
17.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver