Məhkəmə qərarları › İş №2(001)-411/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-411/2022

19.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-411/2022 19.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmədən Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evində quraşdırılmış qaz sayğacı üzrə əsassız hesablanmış 3014 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evində quraşdırılmış smart kart qaz sayğacı bir il əvvəl çıxarılmış və yeni mexaniki qaz sayğacı quraşdırılmışdır və sayğac dəyişdirilərkən məlumatı olmamışdır. 20 aprel 2020-ci il tarixdə cavabdehin nümayəndələri guya mənzilə baxış keçirmiş və sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar etmişlər və bu barədə akt tərtib etmişlər. Akt tərtib edilərkən o iştirak etməmişdir, həmçinin həmin tarixdə sayğacdan kənar xəttin ləğv olunması barədə akt tərtib edilmişdir. 20.04.2020-ci il tarixdə dəymiş ziyanın bərpasəna dair tələbnamə hazırlanmışdır. Əslində mənzilə heç bir baxış keçirilməmiş və hər hansı kənar xətdən söhbət gedə bilməz və aktların tərtib edilməsindən, tələbnamə verilməsindən məlumatı olmamışdır. Fotoşəkillərdə ümumiyyətlə kənar xəttin mövcudluğu sübut olunmur, kənar xəttin haradan çəkilməsi, harada yerləşməsi barədə sübut yoxdur. Aktlar formal olaraq tərtib edilmiş və şahid olmamışdır. Həmçinin fotoşəkildə əks edilən daş hasar ona məxsus deyildir. Qaz sayğacına heç bir kənar müdaxilə olmamışdır, yəni qaz qayğacına və xəttinə onun tərəfindən müdaxilə olmamışdır. Odur ki, hesablanmış qaz borcu əsassızdır, halbuki bu barədə nə ona xəbərdarlıq olunub, nə abonentin saldosunda qeyd edilən ödənişlər buna əsas verib, nə də bu barədə sübut vardır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Əvvəlki məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddiasını müdafiə etmişdir. Eyni zamanda iddiaçı bildirmişdir ki, əslində abonent müqaviləsi onun atası ilə cavabdeh arasında bağlanmışdır. Atası vəfat edəndən sonra halhazırda qazdan o istifadə edir. Bundan başqa cavabdeh əsassız olaraq atası ilə eyni adlı oğluna qarşı iddia qaldırmışdır.Hətta atasının adını həmin iddia ərizəsində iddiaçı səhv qeyd etmişdir.

4. Sonuncu məhkəmə iclasında iddiaçı bildirmişdir ki, borcun yarısı onun tərəfindən cavabdehə ödənilmişdir və onun başqa borcu yoxdur və o cərimə ilə müəyyən edilmiş məbləğdən başqa ödəniş etmək fikrində deyildir. Bundan başqa cavabdehin onun oğluna qarşı qaldırmış olduğu iddiadan və qəbul edilmiş qətnamədən xəbərdar olduğunu bildirdi. Həmçinin abonent müqaviləsinin onun atası ilə bağlanmış olmasının mümkünsüzlüyü ilə bağlı məhkəmənin tərəflərlə müzakirəsində, atasının 2002-ci ildə vəfat etməsinə əsaslanaraq qeyd edilən fikirlə razılaşdı. Eyni zamanda cavabdehdən qaz xətdində olan borucuqların əvvəlki vəziyyətə qaytarılmasını tələb edərək, cavabdehdən indidən belə həmin borucuqlara görə şantaj edilməməsinə dair təminat istədi. Cavabdehin nümayəndəsinin tələb edilənlərin onun səlahiyyətinə aid olmadığı və bu barədə rəhbərliyə məruzə edəcəyini bildirməsi və eyni zamanda iddiaçının istehlak edilmiş qaza görə borcunun olduğu barədə fikirlərini eşitdikdən sonra iddiaçı məhkəmə zalını xəbərdarlıq etmədən tərk etdi.

5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanı üzrə istehlakçının hesab nömrəsi **********00000 olan abonentlə daha öncə və ən sonuncu dəfə 25.05.2017-ci il tarixdə 07/17095 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə imzalanmışdır. İddiaçı tərəf müqavilənin şərtlərini pozmuşdur. İstehlakçı təqsirli hərəkətləri ilə qaz paylayıcısına ziyan vurmuş, beləliklə onun müqavilənin 2.3.6-cı bəndində nəzərdə tutulan məsuliyyəti yaranmışdır. İddiaçının 06/2020-ci il tarixə olan 3014.4 manat borc məbləğinin yaranma əsasları aşağıdakı kimidir.1) sayğacdan kənar qeyri-qanuni qoşulma ilə bağlı 03/2018-04/2020 tarixləri arasında yazılmış aktlar üzrə 2291.4 manat,2)20.04.2020-ci il tarixdə quraşdırılmış 12529934 nömrəli mexaniki sayğac üzrə 04/2020-06/2021-ci il tarixləri üçün sayğac göstəricisi üzrə 644.5(273.8+370.7) manat borc,3) limit həddini keçdiyinə görə 80.5 manat borc. Odur ki, 05.2020-ci il tarixdə aparılmış 2 manat ödəniş nəzərə alındıqda istehlakçının borcu 3014.4(2291.4+644.5+80.5-2) manat təşkil etmişdir.

6. Sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, nümayəndəsi olduğu şirkətin iddiaçının oğluna qarşı iddia tələbindən xəbəri olmamışdır. Belə ki, o şirkətin cavabdeh olduğu işlərdə onu təmsil edir, şirkətin iddiaçı olduğu işlər barədə onun məlumatı yoxdur. Eyni zamanda abonent müqaviləsinin iddiaçının atası ilə deyil, əslində oğlu ilə bağlanmış olması barədə məqam nəzərindən yayınmışdır. Belə ki, məhkəmə iclasında Cavabdeh X4 qarşı iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş qətnamənin dəlilləri ilə tanış olduqdan sonra həmin məqam ona aydın olmuşdur. Bundan başqa cavabdehin nümayəndəsi iddiaçının məhkəmə zalını özbaşına tərk etməsindən sonra işə mahiyyəti üzrə baxılmasını məhkəmədən tələb etdiyini bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi.

7. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinin tələblərini, o cümlədən iddiaçının iddia tələbini müdafiə etməsi ilə bağlı izahatlarını nəzərə alıb, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qənaətinə gəlmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Zahidov Ağaəli barəsində olan Abonentin saldosundan görünür ki, ünvanı ünvan 3erilən abonent kodu **********00000-dir. Həmin saldodan görünür ki, 06.2021-ci il tarixədək abonentin borcu 3014.4 manat təşkil edir.

9. Cavabdeh nümayəndələri tərəfindən tərtib edilən 20.04.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, X2 abonenti olduğu sayğacın yerləşdiyi Binəqədi, Hacı Həsən kəndində yerləşən mənzilə baxı. Keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri0qanuni xətt vasitəsilə istifadə edildiyi aşkar olunmuşdur. Zahidov Ağaəlinin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.Eyni zamanda həmin tarixdə sayğacdan kənar xəttin ləğv olunması barədə akt tərtib edilmişdir.

10. 20.04.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 20.04.2020-ci il tarixli, ******* nömrəli akta əsasən vurulmuş zərərin məbləği 1968 kub.metr-dir.

11. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 25.08.2021-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında İddiaçı ilə yanaşı, X5(29.08.1994) və digər şəxslər qeydiyyatdadırlar.

12. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 25.05.2017-ci il tarixli, 07/17095 saylı müqavilədən görünür ki, istehlakçı Ağami İddiaçı oğlu ilə(AZE ********) qaz paylayıcı Cavabdeh arasında qazın alqı-satıqısına dair müqavilə bağlanmışdır.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2(001)- 7269/2021 saylı qərardadına əsasən keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı AR-nın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2022-ci il tarixli, 10/284 saylı Rəyindən görünür ki, ekspertə təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, F.Ağazadə küçəsində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda qaz sayğacından kənar qoşulmaqla istifadə halı aşkar edilməmişdir, qeyd olunan ünvanda daşıyıcı qaz xətti üzərində iki ədəd sonluqları bağlı vəziyyətdə olan borucuqlar vardır. Həmin borcuqların sonluğunun açıq olduğu halda, borucuqlar vasitəsi ilə sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(001)- 7686/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X1 itirilmiş qazın bərpasına görə hesablanmış 2328 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması müəyyən edilmişdir.

15. Həmin qətnamədən görünür ki, iddiaçı Cavabdeh tərəfindən cavabdeh X4 qarşı qaldırılmış iddianın predmeti “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 25.05.2017-ci il tarixli, 07/17095 saylı müqaviləyə əsasən qazdan istifadə edən abonent X1 qaz sayğacından kənar qanunsuz qoşulmaya görə vurulmuş zərərin əvəzinin tutulmasıdır.

16. Həmin mülki iş üzrə cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf etmiş və 2328 manat məbləğində qazdan istifadəyə görə borcunu qəbul etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

17. ünvan 1 ünvanında yerləşən evdə iddiaçı və onun ailə üzvləri yaşayırlar. Həmin ünvana dair əvvəllər də qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış, sonuncu dəfə isə müqavilə qaz paylayıcısı ilə iddiaçın oğlu X5 arasında bağlanmışdır. İddiaçı iddia verilən zaman həmin müqavilənin onun atası ilə bağlanmış olduğuna ehtimal etmiş və atasının ölümündən sonra müqavilə münasibətlərinin onunla qaz paylayıcısı arasında davam etdiyini zənn etmişdir. Halbuki “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin tərəfi iddiaçı yox, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7686/2021 saylı mülki işi üzrə cavabdeh olan X5 olmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış, o cümlədən “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmiş mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. Bundan başqa Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. İşin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının hazırki mübahisə üzrə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı tərəfi olduğunu iddia etdiyi müqavilə üzrə öhdəliyini pozmadığını bildirir və bununla bağlı cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Halbuki iddiaçı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 25.05.2017-ci il tarixli, 07/17095 saylı müqavilə üzrə tərəf deyildir və həmin müqavilə üzrə tərəf onun oğludur. Hərçənd ki iddiaçı müqavilənin onun oğlu ilə bağlanmış olmasını sonradan bilmişdir, buna baxmayaraq həmin hal iddiaçının subyektiv hüququnun olmamasını istisna etmir.

21. Eyni zamanda iddiaçının oğlunun barəsində həmin predmetlə bağlı məhkəmə mübahisəsinin olması onu əsl iddiaçı ilə əvəz edilmə prosessual hüquqdan çəkindirmişdir.

22. Odur ki, irəli sürülən tələb iddiaçının subyektiv hüququnun olmaması əsası ilə təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:

24. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

25. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar