Məhkəmə qərarları › İş №2(001)-4119/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4119/2021

11.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4119/2021 11.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi, mənəvi zərərin ödənilməsi və s. tələbi barədə mülki işə 11 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən 126 nömrəli ev üzrə (abonent kodu **********000) hesablanmış 155,44 manat məbləğində borcunvə fakturanın əsassız hesab edilməsi, yeni sayğacın alınması ilə bağlı cavabdehin işçilərinə ödədiyi 48 manat pulun, cavabdehin işçilərinə ödəməyə məcbur edildiyi 65 manatın və vurulmuş mənəvi zərərin əvəzi kimi 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, əvvəllər ünvan 2 ünvanında yaşamış, 2017-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək həmin evdə yaşayış olmamışdır. Həmin illər ərzində Cəmiyyətin işçiləri əraziyə baxış zamanı onun evində yaşayış olmadığını, buna görə su sərfiyyatının olmadığını müəyyən etmiş, heç bir borc tələb etməmişlər. Sudan istifadə olunmadığındna sayğac ərp bağlamış, beləliklə nasaz vəziyyətə düşmüşdür. O, 2020-ci ilin yanvar ayında Cəmiyyətin işçilərinə məlumat verərək yenidən həmin evdə yaşayış olacağını bildirmiş, buna görə də, nasaz vəziyyətdə olan sayğacın dəyişdirilməsini xahiş etmiş, bu zaman Cəmiyyətin əvvəllər tanımadığı Aydın adlı nümayəndəsi ona 155,44 manat su sərfiyyatına görə borcunun olduğunu bildirmiş, ondan yeni sayğacın quraşdırılması üçün 48 manat pul almışdır. 2020-ci ilin fevral ayında su sayğacı yenisi ilə əvəz olunmuş, həmin vaxtdan bəri cavabdeh Müəssisənin əməkdaşları ondan yaranmış borcun ödənilməsini tələb etmişlər. Halbuki, o, həmin borcun hansı əsasla yarandığını soruşduqda ona bildirilmişdir ki, borcdan 118 manatı 2020-ci ilin mart ayının 4-nə, 37 manatı isə 2017-ci ilin oktyabrından əvvəlki dövrdə yarandığını bildirmişlər. Sual yaranır ki, 2017-ci ilin oktyabr ayınadək 37 manat borc yaranmışdırsa, niyə indiyədək həmin borc ondan tələb olunmamışdır ?! Digər tərəfdən, 2017-ci ildən 2020-ci ilin yanvar ayınadək yaşayış olmayan mənzil üzrə həmin ilin mart ayına hansı əsasla 118 manat borc hesablanıb, bu da məlum deyil. Lakin, buna baxmayaraq, o, cavabdehin əməkdaşlarının təzyiqlərinə dözməyərək 2021-ci ildə borcundan ümumilikdə 65 manat ödəniş etmişdir. Cavabdeh Cəmiyyətin işçilərinin daim onu suyun verilişinin daynadırılacağı ilə bağlı təhdidləri ona psixoloji təsir göstərmiş, ona mənəvi zərər vurmuşdur ki, o, həmin zərərin miqdarını 500 manat kimi qiymətləndirir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçıya məxsus mənzildə 2017-ci ildən 2020-ci ilədək yaşayışın olmaması sübut olunmur. Həmin mənzilə yeni sayğac quraşdırılarkən mənzil üzrə hesabat hazırlanmış, borc olduğu müəyyən edilmişdir. Borcun ödənilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları dəfələrlə iddiaçını xəbərdar etsələr də, cavabdeh borcunu ödəməkdən yayınmış, suyun verilişinin dayandırılmasına isə iddiaçı tərəfindən maneələr törədilmişdir. Sonda R.S.Rüstəmov məhkədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan Cavabdeh ASC-nin 04 mart 2020-ci il tarixli hesab fakturasından görünür ki, İddiaçı 155,44 manat borc hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni Cavabdeh ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən 155,44 manat hansı səbəblə yaranmasını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia borcun silinməsi hissəsində əsaslı hesab edilməklə bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçının cavabdeh Cəmiyyətin əməkdaşına yeni sayğac qoyulması ilə bağlı 48 manat ödəniş etməsini təsdiq edən hər-hansı sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır. Həmçinin, iddiaçı tərəfindən Cəmiyyətə ödənilmiş 65 manat pul onun şəxsi abonent koduna hesablanır ki, iş materiallarında olan abonent kartından çıxarışdan görünür ki, edilmiş artıq ödənişlər istehlakçının abunə hesabında öz əksini tapır və növbəti ödənişlər zamanı nəzərə alınır. Buna görə də, həmin pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması üçün heç bir əsas olmadığından iddia bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olması, hansı əsasla zərərin miqdarının 500 manat ifadə olunması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia bu hissədə də rədd edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 126 nömrəli ev üzrə (abonent kodu **********000) hesablanmış 155,44 manat borc məlbəği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı hesablanmış 155,44 manat borc əsassız hesab edilərək silinsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar