Məhkəmə qərarları › İş №2(001)-4123/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4123/2021

18.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4123/2021 18.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə mülki işə 18 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 1476,18 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı 2017-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Bİnəqədi Qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında Binəqədi kəndi, İsfahani küçəsi, ev 0017, mənzil 0122 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. 2021-ci ilin fevral ayında cavabdeh Cəmiyyətin səlahiyyətli işçisi iddiaçıya işıq sayğacının istifadə müddətinin bitdiyini, yenisi ilə əvəz olunmasını bildirmiş, heç bir akt tərtib etmədən köhnə sayğacı yenisi ilə əvəz etmişdir. Yeni sayğac quraşdırıldıqdan sonra iddiaçıya 1476,18 manat borcunun olmasına dair bildiriş verilmişdir. İddiaçı bu barədə maraqlandıqda ona bildirilmişdir ki, sayğacdan kənar işıqdan istifadə olunduğu üçün bu məbləğdə borc müəyyən edilmişdir. Halbuki, 2017-ci ildən 4 il ərzində əraziyə nəzarət edən cavabdehin səlahiyyətli nümayəndəsi heç bir qanunsuz qoşulma müəyyən etmədiyi halda birdəfəyə bu məbləğdə borcun yaranmasının heç bir əsası yoxdur. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, Cəmiyyətin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə münasibət bildirilməmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı ünvan 1 ünvanı üzrə 10 aprel 2021-ci il tarixə 1476,18 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni “xxxx” ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə həmin aktın əsaslı olaraq tərtib edilməsi, həmin aktdan istehlakçının məlumatının olması və s. barədə heç bir sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə “xxxx” ASC tərəfindən hesablanmış 1476,18 manat borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5 – ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qiyməti 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə (abonent kodu: **********70122) hesablanmış 1476,18 manat məbləğində borc silinsin. Dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaiti “xxxx” ASC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar