Məhkəmə qərarları › İş №2(001)-4125/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4125/2021

07.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4125/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil - İstismar hissəsinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olan “ünvan 1 ünvanında yaşayan Cavabdeh həyətində tikintiyə aid heç bir icazə sənədi olmadan, sahəsi 40 m2 olan qeyri-qanuni inşa edilmiş mağazanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi iddiaçının hüquq məsləhətçisi X1 tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə əlavə edilmiş etibarnamədə iddiaçı tərəfindən bu şəxsə onun adından iddia ərizəsinin imzalanması səlahiyyətinin verilməsi göstərilməmişdir. Halbuki, qüvvədə olan mülki-prosessual qanunvericilikdə etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyətinin xüsusi göstərilməsi təsbit edilmişdir. Başqa sözlə, hazırki vəziyyətdə iddia ərizəsi buna hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, Cavabdeh fərdi sahibkar kimi vergi orqanlarında qeydə alınmışdır (VÖEN **********) və iddiaçı tərəfindən mübahisələndirilən mağazanı da fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə inşa etmişdir. Bu halın mövcudluğu isə iddiaya həmçinin, məhkəmə aidiyyəti baxımından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir; 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onun imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzlandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, iddia ərizəsinin onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığını nəzərə alıb hesab edirəm ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəmə aidiyyəti qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar