Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4158/2021 04.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 811 nömrəli Hərbi Hissənin komandirinin 01 avqust 1992-ci il tarixli 015 nömrəli və 01 yanvar 1993-cü il tarixli 028 nömrəli Ərizəçi aid əmrlərin xx xxxx 1974-cü il tarixdə Laçın rayonunda anadan olmuş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində adı göstərilən Ərizəçi aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, 811 nömrəli Hərbi Hissənin komandirinin 01 avqust 1992-ci il tarixli 015 nömrəli və 01 yanvar 1993-cü il tarixli 028 nömrəli Ərizəçi aid əmrlərində ərizəçinin adı və soyadı yazılsa da, atasının adı qeyd edilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarının 4, 4.1 və 4.1.1-ci bəndlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və onun idarə, şöbə və xidmətləri inzibati orqan kimi göstərilmişdir. Beləliklə, qeyd edilən prosessual normaların tələbindən göründüyü kimi, məhkəmə tərəfindən xüsusi icraat qaydasında hərbi sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə yol verilmir. Belə olan halda hesab edirəm ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda ərizəçiyə inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və ya onun idarə, şöbə və xidmətlərinə müraciət etmək hüququnun olması, inzibati orqanın imtinası ilə qarşılaşdığı halda isə ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, inzibati orqanın qərarlarının, hərəkət və ya hərəkətsizliyinin mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmələr tərəfindən baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və ya onun idarə, şöbə və xidmətlərinə müraciət etmək hüququnun olması, inzibati orqanın imtinası ilə qarşılaşdığı halda isə ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində ondan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4158/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4158/2021
04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver