Məhkəmə qərarları › İş №2(001)-4165/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4165/2024

01.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4165/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 veni qaydalarla AZ 1124, ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında sözügedən mənzilə dair Cavabdeh adına Əmlak Məsələləri Dövlət Xidməti Daşmımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2002-ci ildə X9 ilə rəsmi nikaha daxil olmuşlar. Aralarında ailə münasibətləri ilk vaxtlarda normal olmuş, lakin sonradan bu münasibətlər pozulmuş və nəticədə X9 ona qarşı "nikahın ləğv edilməsi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və sözügedən iddia ərizəsi hal-hazırda Binəqədi rayon Məhkəməsində baxılmaqdadır. O, 2002-ci ildə X9 ilə ailə qurduqdan sonra ilk öncə Bakı şəhəri, 4-cü mkr-da yerləşən mənzilə gəlin köçmüşdür. Daha sonra 2003-cü ildə həmin ev 10.500 manat məbləğinə satılmış və həmin məbləğ dəyərində yenidən 7-ci mkrda yerləşən mənzil alınmışdır. Həmin mənzil də 2018-ci ildə 78.500 manat məbləğinə satılmış və üzərinə ailənin birgə təsərrüfatı nəticəsində əldə edilmiş vəsait hesabına əlavə məbləğ qoyularaq 110.000 manat məbləğinə ünvan 4 (yeni qaydalarla AZ 1124, ünvan 2 ünvanında mənzil əldə etmişlər. Qeyd etdiyi kimi, sözügedən mənzil 110.000 manat məbləğinə alınarkən bir öncəki mənzilin satış qiymətinin (78500 manat) üzərinə qoyulan əlavə məbləğ tamamilə onun və həyat yoldaşının birgə təsərrüfatı nəticəsində əldə olunmuş məbləğdir və cavabdeh - qaynanası Cavabdeh həmin məbləğ üzərinə heç bir əlavə məbləğ qoymamışdır. Ev üçün nəzərdə tutulmuş mebel və digər ev əşyaları da eyni qayda ilə ailənin birgə təsərrüfatı nəticəsində əldə olunmuş vəsait hesabına alınmışdır. Bildirmək istəyir ki, Cavabdeh təqaüdçüdür və heç bir əlavə gəlir yeri yoxdur. Eyni zamanda Cavabdehnm həyat yoldaşı - qaynatası da təqaüdçüdür və onun da heç bir əlavə gəlir yeri yoxdur. Buradan da anlaşıldığı üzrə, Cavabdeh həmin məbləğdə bir mənzili əldə etməsi qeyri-realdır. Sadəcə olaraq, sözügedən mənzil alınarkən onu aldadaraq bildirdilər ki, əgər mənzil onun və ya həyat yoldaşının X4 adına əldə olunarsa o, zaman dövlət tərəfindən qaçqın statusu daşıyan şəxslərə veriləcək mənzildən və digər yardımlardan məhrum olacaqlar. Bu səbəbdən də mənzili qaynanası, iş üzrə Cavabdeh adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Qeyd etmək istəyir ki, sözügedən mənzil alındıqdan bu günə qədər Cavabdeh heç bir zaman həmin mənzildə yaşamamış və həmin mənzildə daim o, öz həyat yoldaşı X9 və qızı X8 ilə birgə yaşamışlar. Buna baxmayaraq, Cavabdeh məhkəmə qarşısında əsassız bir iddia qaldıraraq, faktiki olaraq ona məxsus olmayan ünvan 4 (yeni qaydalarla AZ 1124, ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmağımı tələb etməkdədir və sözügedən iddia ərizəsinə hal- hazırda Binəqədi rayon Məhkəməsində baxılmaqdadır. Hesab edir ki, ünvan 4 (yeni qaydalarla AZ 1124, ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqısı zamanı alıcı qismində əsl alıcı iştirak etmədiyindən, sözügedən alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin alqısatqı müqaviləsi əsasında sözügedən mənzilə dair Cavabdeh adına Əmlak Məsələləri Dövlət Xidməti Daşmmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" ləğv edilməlidir. Bildirmək istəyir ki, sözügedən mənzilin alqısatqısına dair müqavilənin surəti onda olmadığından, həmin müqavilənin surətinin iddia ərizəsinə əlavə etmək hal- hazırda mümkün olmamışdır. Buna baxmayaraq, qeyd olunan müqavilənin surətinin əldə olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə vəkil sorğusu verilmişdir və müqavilənin surəti əldə olunduqdan sonra məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onun keçmiş qaynanasıdır. Cavabdehin oğlu ilə 2002-ci ildə ailə qurmuş, 2024-cü ildə aralarındakı nikah pozulmuşdur. Yaşadıqları mənzil cavabdehin adına olmuşdur, əri ilə birgə nikah dövründə evi 78000 manata satmış və Binəqədi rayonun 7-ci mikrorayonda 110000 manata ev almışlar. Evdə ailəsi və uşaqları yaşamış, cavabdeh isə orada yaşamamışdır. 1-ci evi qaynanası alıb, ikinci evi isə onun əri alıb. Sadəcə sənədləşmə olub qaynanasının adına. Onlara Füzuli rayonundan ev verilməli idi. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli ev onundur və yoldaşı tərəfindən alınmışdır. İddiaçı Dərnəgüldə yaşayır. İddiaçı onun keçmiş gəlinidir. Onu təhqir edir, evdən qovur. Ev onun özünündür. Evi 6 ildir almış, çıxarışı iddiaçı evdən oğurlayıb, ona görə də onda yoxdur. Yoldaşızəhmət çəkib ev alıb, indi o evə köçüb yaşamaq istəyir. Dərnəgüldə evi var, gedib orada yaşasın. Göstərdiklərini nəzərə alaraq ddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iddiaçı anasıdır, cavabdeh isə nənəsi. O, doğulandan 7-ci mikrorayondakı mənzildə yaşamış, sonra isə 8 mikrorayona köçmüşlər. O, atası və anası ilə yaşamışdır, nənəsi heç vaxt yaşamamışdır. Mübahisəli mənzili 6 il olar ki, atası alıbdır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 63,93 ha olan ünvan 4, (yeni qaydalarla: AZ 1124, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Vəkil İbrahim Hüseynovun müraciətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən verilmiş 30 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 4, (yeni qaydalarla: AZ 1124, ünvan 2 ünvanında yerləşən mənzilə dair Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi müəyyən edilmiş, eyni zamanda Bakı şəhəri 11 saylı notariat ofisində 2018-ci ildə rəsmiləşdirilmiş notariat sənədlərinin arxivə təhvil verilməməsi qeyd edilmişdir. Qeyd edilənlərlə bağlı Bakı şəhəri 11 saylı notariat ofisinə müraciət edilməsi tövsiyyə edilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 249228 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mkr, ev 7, 46,73 kv/metr, yaşayış sahəsindən ibarət, 3 otaqlı, 169 saylı mənzil xx.xx.2005-ci il tarixdə X5 adına 132878 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrdən arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2018-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X10 ilə X3 10 oktyabr 2001-ci ildə nikaha daxil olmuşlar X2 Bakı şəhəri 44 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, X5 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə etiraz etməmişdir. X10 ilə Cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisində birgə verdikləri ərizələrindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin 60000 manat satılmasına razılaşmış, həmçinin alıcı (Cavabdeh) daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsinin öz üzərinə götürmüşdür. Bakı şəhəri 11 saylı notariat ofisində 15 sentyabr 2018-ci il tarixdə təsdiq edilmiş AN-İ N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv/metr olan mənzili bütünlüklə 60000 manata Cavabdeh satmışdır. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız gorünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: İstənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hazırki tələblə iddiaçı iddia edir ki, ailənin birgə təsərrüfatı nəticəsində əldə edilmiş vəsait hesabına əlavə məbləğ qoyularaq 110.000 manat məbləğinə ünvan 4 ünvanında mənzil əldə etmişlər. Bu zaman sözügedən mənzil alınarkən onu aldadaraq bildirmişlər ki, əgər mənzil onun və ya həyat yoldaşının X4 adına əldə olunarsa o, zaman dövlət tərəfindən qaçqın statusu daşıyan şəxslərə veriləcək mənzildən və digər yardımlardan məhrum olacaqlar. Bu səbəbdən də mənzili qaynanası, iş üzrə Cavabdeh adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Hazırda iddiaçı qeyd olunan hallara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə istinad edərək ünvan 4 ünvanında yerləşən mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında sözügedən mənzilə dair Cavabdeh adına Əmlak Məsələləri Dövlət Xidməti Daşmımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Yəni mübahisəli mənzilin birgə nikah dövründə qazanılmış gəlirlər hesabına əldə olunmasını və 15 sentyabr 2018-ci il tarixli, AN-İ N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanasını sübüt etmək iddiaçının üzərinə düşür. İş materialları ilə müəyyən edilmişdir ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 249228 nömrəli Qeydiyyat Vəsiqəsinin surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8ci mkr, ev 7, 46,73 kv/metr, yaşayış sahəsindən ibarət, 3 otaqlı, 169 saylı mənzil xx.xx.2005-ci il tarixdə X5 adına 132878 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Bakı şəhəri 11 saylı notariat ofisində 15 sentyabr 2018-ci il tarixdə təsdiq edilmiş AN-İ N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X10 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv/metr olan mənzili bütünlüklə 60000 manata Cavabdeh satmışdır. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən, ümumi sahəsi 63,93 ha olan ünvan 4, (yeni qaydalarla: AZ 1124, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının ünvan 4 yeni qaydalarla AZ 1124, ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi mövqeyinin hüquqi əsasları müəyyən edilməmişdir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halla bağlı məhkəməyə mötəbər və tutarlı sübut növü təqdim etməmiş, irəli sürdüyü dəlillər isə mübahisələndirdiyi müqavilənin etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. Mülki qanunvericilikdə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Hazırkı halda isə 15 sentyabr 2018-ci il tarixdə təsdiq edilmiş AN-İ N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə münasibətdə qeyd olunan şərtlərin övcudluğuna dair heç bir sübut təqdim edilməməklə yanaşı, belə bir halların işin məhkəmə araşdırılması ilə də müəyyən edilmir. Bununla yanaşı mübahisə predmeti olan mənzilin iddiaçının birgə ailə vəsaiti hesabına alınması ilə bağlı da heç bir mötəbər sübut təqdim edilməmiş, iş üzrə şahid qismində dindirilmiş X8 isə mübahisəli mənzildə yalnız anası və atası ilə birgə yaşadıqlarını bildirmişdir. Məhkəmə həmçinin şahid ifadəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Aytac İmanova 2003-cü il təvəllüdlü olmaqla, onun hazırda 21 yaşı var. O, ifadəsində göstərir ki, 6 il qabaq qeyd edilən mənzili atası almışdır. Bununla bağlı məhkəmə bildirir ki, dindirilmiş şahidin 6 il qabaq 15 yaşı olduğunu, evin alınması, alqı-satqı müqaviləsinin bağlanması və sair halları hələ tam dərk etmək qabiliyyətində olmadığından, məhkəmə onun ifadəsini inandırıcı hesab etmir. Hər hansı iddia tələbi üzrə ilkin olaraq iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmənin qənaətinə görə, iddiaçının alqı-satqı müqaviləsinin etibarsız olması ilə bağlı mülahizəsinə əsasən irəli sürdüyü, öz təsdiqini tapmayan, faktiki hesab etdiyi hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Buna görədə məhkəmə hesab edir ki, iddia tələbinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi əsassızdır və təmin edilməməldir. Məhkəmə eyni zamanda iddia tələbinin Cavabdeh adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, sözügedən çıxarış etibarlı əqd əsasında tərtib edilərək verildiyindən, tələbin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsi də əsaslı sayıla bilməz və iddia həmin hissədə də, rədd edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ünvan 4, (yeni qaydalarla AZ 1124, ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında sözügedən mənzilə dair Cavabdeh adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ünvan 4, (yeni qaydalarla AZ 1124, ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında sözügedən mənzilə dair Cavabdeh adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar