Məhkəmə qərarları › İş №2(001)-4183/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4183/2022

08.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4183/2022 08.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı cavabdehin inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 394849.363 4475139.941; 2. 394859.049 4475140.003; 3. 394859.204 4475130.967; 4. 394849.394 4475131.431 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ("xxxx"), X2 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Qanunla Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X2 Bi.Vi. və ARDNŞ-nin ortaq neft şirkəti arasında Sazişi qəbul və təsdiq etmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun imzalanmasından sonra həmin Saziş qanun statusu almışdır. Saziş tərəfləri arasında imzalanmış Birgə əməliyyat sazişinin 5-ci maddəsinin müddəalarına əsasən İddiaçı əməliyyatçı təyin edilmiş və ona tərəflərin adından bütün Birgə əməliyyatları həyata keçirməyə və bu Birgə əməliyyatlara rəhbərlik etməyə müstəsna hüquq verilmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından olan çıxarışdan görünür ki, Cavabdeh adına dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, cavabdeh İddiaçı şirkətinin qanuni sahibliyində olan kontrakt sahəsinin hüdudları daxilində tikinti aparmışdır. Hal-hazıradək nə torpaq sahəsi, nə də ki, onun üzərində tikilmiş tikiliyə dair cavabdehin hüquqlarının dövlət reyestrində qeydə alınması məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, özbaşına tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmənin bu qənaəti həm də ona görə əsaslıdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. Hazırkı iddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir. Hazırkı vəziyyətdə məhkəmədə belə bir halın mövcudluğu müəyyən edilmir. Əksinə sübut edilir ki, torpaq cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil, ona görə də iş üzrə mövcud olan sübutlar əsasında iddianın təmin edilməsini istisna edən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 394849.363 4475139.941; 2. 394859.049 4475140.003; 3. 394859.204 4475130.967; 4. 394849.394 4475131.431 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar