Məhkəmə qərarları › İş №2(001)-419/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-419/2023

21.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-419/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X23 oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Bakı şəhəri 20 saylı notariat ofisinə qarşı X1, X10, X11, X12 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “vəsiyyətnamə üzrə payın tanınması və müddətin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhəri 20 saylı notariat ofisinə qarşı X1, X10, X11, X12 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəsiyyətnamə üzrə üçüncü şəxslərin iştirakı ilə payların məhkəmə qaydasında tanınması və müddərin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, küçə 1-də Bələdiyyə sənədi əsasında, Binəqədi rayon İcra Hakimiyyətinin tikintiyə rəsmi icazəsi əsasında tikdiyi fərdi yaşayış evində 2008-ci ildən 2021-ci ilədək yaşamışdır. 0,7 ha. torpaq sahəsində atasına məxsus 2 mərtəbəli ev və ticarət obyektləri vardır. X22 20 saylı notariat ofisində 27 sentyabr 2019-cu il tarixdə vəsiyyətnamə tərtib etmiş, vəsiyyətnamədə ona məxsus əmlakın həyat yoldaşı X3 və övladlar – X19, X20, X21, X17 və İddiaçı arasında qanunvericiliyə müvafiq şəkildə bölünməsi göstərilmişdir. İddiaçının atası 27 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçı keçirdiyi stress nəticəsində səhhətində və psixoloji vəziyyətində yaranan problemlər səbəbi ilə vəsiyyətnamə üzrə payının tanınması üçün qanunvericiliklə nəzərdə tutulmş 6 ay müddəti ötürmüşdür. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə yazılı etiraz ünvalayaraq, etirazda göstərmişdir ki, iddiaçı ilə Pərviz Qədirov bacıqardaşdırlar. Mərhum ataları Qədir Qədirovun hazırki vəziyyətdə vərəsələri arasında bölünəcək heç bir əmlakı yoxdur. Düzdür, ataları Biləcəri qəsəbə Bələdiyyəsindən 24 noyabr 2004-cü il tarixli müqavilə əsasında 600 kv.metr boş torpaq sahəsini icarəyə götürmüşdür. Lakin, müqavilənin vaxtı 24 noyabr 2005-ci il tarixdə bitmiş, bundan sonra həmin müqavilənin vaxtı uzadılmamış, nə də tərəflər arasında yeni müqavilə imzalanmamışdır. Onlar həmin vaxt ailəliklə Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 12, mənzil 57 ünvanında yaşamışlar. Pərviz həmin torpaq sahəsində ev tikmək istəmiş, lakin müvafiq icazə ala bilməmişdir. O, tikinti işlərinə başlamışdır ki, bələdiyyə əməkdaşları gələrək tikinti işlərini saxlatmış, torpaq sahəsinə dair qüvvədə olan heç bir sənədin olmadığını demişlər. Nəticədə o, məcbur qalıb yenidən bələdiyyəyə müraciət etmiş, Biləcəri Bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli, 490a saylı Qərarı ilə həmin torpaq sahəsini alğı-satqı yolu ilə almış, bundan sonra Biləcəri yolu 1 ünvanındakı hazırda yaşadığı evi və digər kiçik obyektləri inşa edə bilmişdir. Biləcəri qəsəbəsi ərazisindəki torpaq sahələri Dövlət Neft Şirkəti ilə ümumi qaydada mübahisəli olduğundan həmin tikililərə mülkiyyət sənədi ala bilməmişdir. Evi tikib qurtardıqdan sonra onun təklifi və istəyi ilə ailə üzvləri də əvvəllər yaşadıqları ünvandan köçərək onunla birgə yaşamışlar. Həyətdəki kiçik obyektləri bir müddət ailə üzvləri ilə birgə işlətmişdir. Sonradan isə bacı və qardaşları ailə qurub köçmüşlər. Sonda iddianın rədd edilməsi xahiş edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddia ərizəsinə yazılı etiraz ünvalayaraq, etirazda göstərmişdir ki, iddiaçı onun qızıdır. Mərhum əri Qədir Qədirovun hazırki vəziyyətdə vərəsələri arasında bölünəcək heç bir əmlakı yoxdur. Düzdür, əri Biləcəri qəsəbə Bələdiyyəsindən 24 noyabr 2004-cü il tarixli müqavilə əsasında 600 kv.metr boş torpaq sahəsini icarəyə götürmüşdür. Lakin, müqavilənin vaxtı 24 noyabr 2005-ci il tarixdə bitmiş, bundan sonra həmin müqavilənin vaxtı uzadılmamış, nə də tərəflər arasında yeni müqavilə imzalanmamışdır. Onlar həmin vaxt ailəliklə Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 12, mənzil 57 ünvanında yaşamışlar. Oğlu Pərviz həmin torpaq sahəsində ev tikmək istəmiş, lakin müvafiq icazə ala bilməmişdir. Sonradan Pərviz məcbur qalıb Bələdiyyədən həmin torpaq sahəsini yenidən almış, Binəqədi yolu 1 ünvanındakı hazıda yaşadıqları evi və digər kiçik obyektləri inşa etmişdir. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 iddia ərizəsinə yazılı etiraz ünvalayaraq, etirazda göstərmişdir ki, o, iddiaçı ilə bacı-qardaşdır. Mərhum ataları Qədir Qədirovun hazırki vəziyyətdə vərəsələri arasında bölünəcək heç bir əmlakı yoxdur. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 1 ünvanındakı hazırda yaşadığı evi və digər kiçik obyektləri qardaşı Pərviz öz vəsaiti hesabına inşa etmiş, ona məxsusdur. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 iddia ərizəsinə yazılı etiraz ünvalayaraq, etirazda göstərmişdir ki, o, iddiaçının bacısıdır. Mərhum ataları Qədir Qədirovun hazırki vəziyyətdə vərəsələri arasında bölünəcək heç bir əmlakı yoxdur. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 1 ünvanındakı hazırda yaşadığı evi və digər kiçik obyektləri qardaşı Pərviz öz vəsaiti hesabına inşa etmiş, ona məxsusdur. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 iddia ərizəsinə yazılı etiraz ünvalayaraq, etirazda göstərmişdir ki, o, iddiaçının bacısıdır. Mərhum ataları Qədir Qədirovun hazırki vəziyyətdə vərəsələri arasında bölünəcək heç bir əmlakı yoxdur. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 1 ünvanındakı hazırda yaşadığı evi və digər kiçik obyektləri qardaşı Pərviz öz vəsaiti hesabına inşa etmiş, ona məxsusdur. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, əlavə olaraq izahatında göstərdi ki, vəsiyyətnamədə adları qeyd olunan digər ailə üzvləri miras əmlakı ona görə mübahisələndirməmişlər ki, onlar el adəti ilə əmlakın kiçik qardaşlarına qalmalı olduğunu düşünürlər. O isə atasının vəfatından 1 il keçməmiş əmlak mübahisəsi etməyin ayıb olduğunu düşünmüş, sonradan qardaşı Pərvizin hərəkətləri onu özündən çıxarmış və o, atasının vəfatından 7 ay sonra notariusa müraciət etmişdir. Belə ki, sözügedən həyətdə onun mağazası var idi. Elə atasının sağlığında qarşdaı Pərviz həmin mağazanı ondan almışdır. Bundan sonra atası məlum vəsiyyətnaməni tərtib etmişdir. Vəsiyyətnamə yazıldığı ilk gündən bütün ailə üzvlərinin bu vəsiyyətnamədən məlumatları olmuşdur. Hazırda məhkəmədən tələbi miras əmlakın qəbulu ilə bağlı notarius qarşısında buraxdığı müddətin bərpa edilməsidir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsi, buraxılmış müddətin bərpa edilməsini xahiş etdi. Cavabdeh ünvan 2 ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında X6 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədiklərini, iddiaya etirazda göstərilənləri təsdiq etdiyini bildirib, izahatında göstərdi ki, sözügedən torpaq sahəsinin, oradakı tikililərin dövlət qeydiyyatını təsdiq edən çıxarışı yoxdur. Mülki iş materialları ilə sübut olunur ki, iddiaçının mərhum atasına ayrılmış 600 kv.metrlik torpaq sahəsi 1 illik icarə müqaviləsi əsasında verilmiş, müqavilə müddəti bitdikdən sonra həmin torpaq sahəsi Pərviz Qədirova alğı-satqı yolu ilə verilmişdir. Yalnız bundan sonra torpaq sahəsində tikinti işləri aparılmış, buna sərf edilən vəsait Pərviz Qədirovun hesabına həyata keçirilmişdir. Digər tərəfdən, iddianı özü də izahatında göstərir ki, torpaq sahəsində obyekti olmuş, həmin obyekt atasının sağlığında mövcud olmuş və elə həmin dövrdə də qardaşı Pərviz tərəfindən onun əlindən alınmışdır. Bundan sonra atası məlum vəsiyyətnaməni yazmış, vəsiyyətnamənin yazıldığı tarixdən bütün ailə üzvlərinin, həmçinin iddiaçının bu vəsiyyətnamədən məlumatı olmuşdur. Yəni, iddiaçı torpaq sahəsindəki əmlakla bağlı qardaşı ilə aralarında mübahisə olduğunu bildiyi halda, atasının vəfatından sonra qanunvericilikdə nəzərdə tutulan müddətdə notairusa müraciət etməmişdir. Müddəti buraxmasına dair ərizədə göstərilən səbəb isə əsaslı olmamaqla, ümumiyyətlə anlaşılan deyildir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: X22 tərəfindən tərtib olunmuş, Bakı şəhəri 20 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 27 sentyabr 2019-cu il tarixli vəsiyyətnamədə göstərilmişdir ki, Qədir Qədirov ölən gününədək ona məxsus olan bütün danışnar və daşınmaz əmlakını onunla eyni ünvanda yaşayan arvadı X2, oğlu X13, oğlu X9, qızı İddiaçı, qızı X14 və ünvan 3 ünvanında qeydiyyatda olan qızı X15 vəsiyyət etmişdir. 24 noyabr 2004-cü il tarixdə Biləcəri bələdiyyəsinin sədri ilə X22 arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, 600 kv.metr torpaq sahəsi bağ-bostan sahəsi kimi istifadə edilməsi üçün 1 il müddətinə Q.Qədirovun istifadəsinə verilmişdir. Müqavilənin xüsusi şərti kimi göstərilmişdir ki, həmin torpaq sahəsində heç bir əsaslı tikinti işləri aparmaq olmaz. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsliyi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, X16 şəhid ailəsi olduğunu nəzərə alaraq Biləcəri Bələdiyyəsi tərəfindən 24 noyabr 2004-cü il tarixdə 240 nömrəli müqaviləyə əsasən ona icarəyə verilmiş torpaq sahəsində tikinti və abadlıq işləri aparılmasına etiraz yoxdur. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli, 490a saylı qərarına əsasən, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alğı-satqı yolu ilə X9 aryılması qərara alınmışdır. X22 27 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki: Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutaraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, ilk öncə o qeyd olunur ki, iddia tələbi bir-biri ilə əlaqəli iki hissədən – mirasın qəbulu üçün buraxılmış müddətin bərpası və miras payın müəyyən edilməsindən ibarətdir. Vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcminin müəyyən edilməsi notariat qaydasında həll edilir. Notariusda vərəsəlik işinin açılması üçün də hazırda iddiaçının bu müraciəti etməsi üçün buraxdığı müddətin bərpası tələb olunur. Yəni, məhkəmə tərəfindən müddətin bərpası təmin edilməzsə, əlaqəli şəkildə iddia tələbi ikinci, payların müəyyən edilməsi hissəsində də rədd ediləcəkdir. İddianın müddətin bərpasına dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericilik mirasın qəbul edilməsinin, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımının vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başladığını vurğulayır. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Hazırki iddia ərizəsində iddiaçı müddəti buraxma səbəbini atasının vəfatından keçirdiyi stres nəticəsində səhhətində və psixoloji vəziyyətində yaranan problemlərlə əlaqələndirmiş, lakin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə zidd olaraq, səhhətində həmin dövrdə hər hansı problem olmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, məhkəmə iclasında iddiaçı izahatında atasının vəfatından 1 il ötməmiş əmlak mübahisəsi etməyin ayıb olduğunu düşündüyünü, sonradan qardaşı Pərvizin hərəkətlərinin onu özündən çıxardığını, buna görə atasının vəfatından 7 ay sonra notariusa müraciət etdiyini bildirmişdir. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçının qardaşı Pərvizlə daşınmaz əmlakla bağlı mübahisə hələ ataları vəfat etmədiyi vaxtlar da mövcud olmuş, iddiaçının izahatına əsasən, Pərviz onu həmin əmlakdan çıxarmış, bundan sonra atası müvafiq vəsiyyətnaməni tərtib etmiş və vəsiyyətnamə tərtib edilərkən iddiaçının, eləcə də bütün ailə üzvlərinin həmin vəsiyyətnamədən məlumatlı olmuşdur. Göründüyü kimi, işin məhkəmədə araşdırılan halları ilə iddiaçının iradəsindən asılı olmayaraq notariat orqanına qanunvericiliklə nəzərdə tutulan müraciət müddətini üzrlü səbəbdən buraxması sübuta yetirilmir, iddiaçı tərəfindən göstərilən xüsusatları məhkəmə üzrlü səbəb kimi qəbul etmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə xərcləri məsələsinə qiymət verərkən, müəyyən edilir ki, iddiaçı məcburi köçkün olmaqla, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu ödəməkdən azad edildiyi halda, 100 manat rüsum ödəmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu büdcədən iddiaçıya qaytarılmalı, bu barədə ayrıca qərardad çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Bakı şəhəri 20 saylı notariat ofisinə qarşı X1, X10, X11, X12 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “vəsiyyətnamə üzrə payın tanınması və müddətin bərpası” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar