Məhkəmə qərarları › İş №2(1-8)-430/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-430/2026

07.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-430/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər X3 və X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakda payın müəyyən olunması, mirasın qəbul edilməməsi, münasibətlərin yaranma vaxtı, tətbiq edilən hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər X3 və X1 qarşı “mirasdan məcburi payın tanınması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil ##.##.2010-cu il tarixli, 202011000597- 05101-****** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X9 adınadır.

2. X9 ##.##.2017-ci il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzili iddiaçı2 vəsiyyət etmişdir.

3. X9 həmçinin ##.##.2019-ci il tarixli vəsiyyətnamə ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzili cavabdeh2 vəsiyyət etmişdir.

4. X9 ##.##.2019-cu ildə ölmüşdür.

5. * saylı Gəncə Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2023-ci il tarixli arayışa əsasən ##.##.1931-ci ildə doğulmuş və ##.##.2019-cu ildə ölmüş X9 ailə tərkibi qızı: cavabdeh1 (##.##.1954) ibarətdir.

6. cavabdeh1 ##.##.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən, miras qoyan ##.##.2019-cu ildə ölmüş X4 xxxnadan irs qalmış miras əmlakdan özünə çatası miras payını cavabdeh2 bağışlamışdır.

7. Gəncə şəhər * saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2019-cu il tarixdə vəfat etmiş – X9 vərəsəsi cavabdeh2 miras əmlak olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81.9 kv/m, yaşayış sahəsi 59.2 kv/m, yardımçı sahəsi 22.7 kv/m olan mənzildən tam hissədə irs almalıdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil tam payla cavabdeh2 adına qeydiyyata alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçılar iddiaçı1 və iddiaçı2 iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə) Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhər * saylı Notariat Ofisi tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş V-***/**** nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən miras əmlak olan evin (ümumi sahəsi 81,9 kv.m o cümlədən yaşayış sahəsi 59,2 kv.m, yardımçı sahə 22,9 kv.m. yaşayış otaqlarının sayı dörd) yarısının, yəni 1/2 hissəsinin ##.##.2017-ci il tarixli *V-*-*** nömrəli vəsiyyətnamə üzrə vərəsə olan iddiaçı2 və ##.##.2019-cu il tarixli *V-*** nömrəli vəsiyyətnamə üzrə vərəsə olan cavabdeh2 arasında bölünməsinə dair, yerdə qalan yarısının 1/2 hissəsinin mirasda məcburi payı olan 1 növbə vərəsələr iddiaçı2, cavabdeh2, cavabdeh1 və iddiaçı1 arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. Iddia onunla əsaslandırılmışdır ki, onların anası mərhum X9 ##.##.2019-cu il tarixdə ölmüşdür. Analarının faktiki nikahından dörd övladı: xxx qızı, cavabdeh1, iddiaçı1 və xxxa anadan olmuşdur. Anaları öldükdən sonra 6 ay müddət ərzində miras əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Anası mərhum X9 adına ünvan 1 miras əmlak kimi qalmışdır. Həmin mənzilə ##.##.2010-cu il tarixdə ********** qeydiyyat nömrəli xüsusi mülkiyyətə dair çıxarış alınmışdır. Iddiaçıların xəbəri olmadan bacıları cavabdeh2 ##.##.2023-cü ildə Gəncə səhəri, * saylı Notariat Ofisinə miras əmlakın qəbulu ilə əlaqədar ərizə vermişdir. Cavabdeh cavabdeh2 Notariat ofisinə ərizə verən zaman notariusa təqdim etdiyi sənədlərdə saxtakarlıq edərək, iddiaçıların miras qoyanın qızı və oğlu olmasını faktını gizlətmiş, bir gün ərzində qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Real olaraq Gəncə şəhər * saylı Notariat Ofisinə ərizə verən bacıları cavabdeh2 öz şəxsi marağı naminə iddiaçıların onun bacısı və qardaşı olma faktını gizlətmiş və beləliklə, qeyri-qanuni yolla miras əmlakı ələ keçirməyə nail olmuşdur. Həmçinin Gəncə şəhər * saylı Notariat kontoru tərəfindən ##.##.2017-ci tarixdə X9 xxxya *V- *-*** nömrəli vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamə ləğv edilməmişdir. Gəncə şəhəri * saylı Notariat Ofisində vərəsəlik işi açılan zaman həmin vəsiyyətnamə şəxsi maraq naminə qəsdən gizlədilmişdir. Ümumiyyətlə, Gəncə şəhəri * saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixdə verilmiş *V*** nömrəli vərəsəlik işi “Notariat haqqında” Qanuna və mülki qanunvericiliyin tələbinə zidd olduğu üçün etibarsız hesab edilməlidir. Bundan əlavə iddiaçı iddiaçı2 miras qoyan X4 xxxna öldükdən sonra ona məxsus əllə işləyən ətçəkən maşını və ayaq altında istifadə edilən xalçaları özü ilə aparmışdır. Hazırda özünə - götürdüyü miras əmlak iddiaçının istifadəsindədir. Bundan əlavə iddiaçı iddiaçı1 miras əmlak olan mərhumə X4 xxxna məxsus samovarı özü ilə götürüb aparmışdır və hazırda istifadəsindədir. Bununla da iddiaçı iddiaçı1 miras əmlakın bir hissəsini qəbul etmiş hesab olunur. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən miras əmlak vəsiyyətnamələr və mirasda məcburi payı olan qanuni vərəsələr arasında bölünməlidir. Beləliklə, mülki qanunvericiliyin tələbinə əsasın tam miras əmlakın 37.5 faizi vərəsə iddiaçı2 xxxya, 37.5 faizi cavabdeh2, 12,5 faizi cavabdeh1 və 12,5 faizi isə iddiaçı1 arasında bölünməlidir.

11. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Gəncə şəhər * saylı notariat ofisi tərəfindən cavabdeh2 adına verilmiş ##.##.2023-cü il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilə dair cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilə iddiaçı1 1/8, iddiaçı2 1/8 və cavabdeh2 6/8 hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Xədicə Səfərli)

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, miras qoyan X9 ##.##.2010-cu il tarixdə adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzili ##.##.2017-ci il tarixdə iddiaçı2, ##.##.2019-ci il tarixdə cavabdeh2 vəsiyyət etmişdir. Beləliklə, vəsiyyət edən tərəfindən verilmiş vəsiyyətnamələr bir-birini tamamlamır və əvvəlki – ##.##.2017-ci il tarixli vəsiyyətnamənin göstərişləri sonrakı-##.##.2019-ci il tarixli vəsiyyətnamə ilə dəyişdirilmişdir. Belə olan halda, ##.##.2017-ci il tarixli vəsiyyətnamə qüvvəsini itirmişdir və miras əmlaka dair ##.##.2019-ci il tarixli vəsiyyətnamə qüvvədədir. Bununla yanaşı, cavabdeh2 adına verilmiş vəsiyyətnamənin qüvvədən düşməsi və (və ya) etibarsızlığına əsas olan hallar müəyyən edilmir. Buna görə, iddiaçı iddiaçı2 mübahisəli mənzilin ½ hissəsinə vəsiyyətnaməyə əsasən pay tələb etməsi əsassızdır

13. Birinci instansiya məhkəməsi iddia tələbinin mübahisəli mənzilin ½ hissəsinə birinci növbə vərəsələrin bərabər paylarının müəyyən olunması hissəsinə münasibətdə göstərmişdir ki, miras qoyan X9 ölümündən sonra onun birinci növbə vərəsələr kimi 4 nəfər şəxsin olması müəyyən edilir: övladları- iddiaçı1, iddiaçı2, cavabdeh2 və cavabdeh1.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Taslima Qarayeva mübahisəli mənzili sağlığında cavabdeh cavabdeh2 vəsiyyət etmiş olsa belə, onun birinci növbə vərəsələri olan övladları iddiaçı1, cavabdeh2, iddiaçı2 və cavabdeh1 həmin evdə məcburi payı vardır. Onların məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı iş üzrə müəyyən edilməmişdir. Həmin payların müəyyən olunması zamanı nəzərə alınmalıdır ki, birinci növbə vərəsələr olan övladlar vəsiyyətnamə olmasaydı, onlara çatası payın yarısı həcmində məcburi qay hüququna malikdirlər.

15. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil üzərində vəsiyyətnaməyə əsasən cavabdeh2 ½ payı, miras əmlakın digər ½ payı üzərində iddiaçı1, cavabdeh2, iddiaçı2 və cavabdeh1 məcburi pay qismində 1/4 payı nəzərə alınmaqla, ümumilikdə cavabdeh2 5/8, iddiaçı1 1/8, iddiaçı2 1/8 və cavabdeh1 1/8 payı yaranmışdır (1:2=1/2, ½:4=1/8).

16. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, ##.##.2023-cü il tarixdə cavabdeh1 ##.##.2019-cu ildə ölmüş X4 xxxnadan irs qalmış miras əmlakdan özünə çatası miras payını cavabdeh2 bağışlamışdır və həmin iradə ifadəsi mübahisələndirilməməklə yanaşı, qüvvədən düşməsi müəyyən olunmur. Belə olan halda, həmin vərəsənin miras paya qüvvədə olan sərəncamı nəzərə alınaraq, cavabdeh2 6/8, iddiaçı1 1/8 və iddiaçı2 1/8 payı müəyyən edilməlidir.

17. Həmçinin vərəsəlik haqqında şəhadətnamə mübahisəli mənzilə dair payların müəyyən olunmasına dair hissədə məcburi qay hüququ olan digər vərəsələrin hüquqlarını pozduğu üçün həmin hissədə etibarsız hesab olunmalı və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində verilmiş çıxarış ləğv olunmalıdır.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1193, 1196, 1222, 1224.0, 1224.0.1, 1224.0.2, 1224.0.3, 1225.1, 1225.2, 1225.3, 1243.2, 1243.3, 1255-ci, Mülki-Prosessual Məcəllənin 14.2 və 77.1ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, X9 sağlında cavabdeh2, cavabdeh1 ilə birgə yaşamışdır. X9 ##.##.2019-ci il tarixdə vəfat etmişdir. Onun cavabdeh2, cavabdeh1, iddiaçı1 və iddiaçı2 adlı vərəsələri qalmışdır. X9 ##.##.2019-ci il tarixdə vəfatından sonra ona məxsus olan ünvan 1 ünvanında cavabdeh2 və cavabdeh1 yaşamışdır. Vərəsə olan cavabdeh2 və cavabdeh1 tərəfindən miras əmlak faktiki olaraq qəbul edilmişdir. Ancaq o biri vərəsələr olan iddiaçı1 və iddiaçı2 tərəfindən miras əmlak nə faktiki, nə də ki, rəsmi qəbul edilməmişdir. Məhkəmə iclasında iddiaçıların özləri bildirmişlər ki, özlərinin evləri olmuş, özlərinə məxsus evdə ailə üzvləri ilə birgə yaşamış və miras olan evdən istifadə etməmişlər.

21. Apellyasiya baxışında cavabdeh cavabdeh2 nümayəndəsi (vəkil) nümayəndə1 əlavə olaraq göstərmişdir ki, miras qoyan X9 sağlında və ölmündən sonra miras qalan mənzildə cavabdehlər birgə yaşamışlar. Iddiaçılar həmin mənzildə yaşamamışlar. Cavabdehlər vərəsə olaraq miras əmlakı faktiki olaraq qəbul etmişlər. Ancaq o biri vərəsələr olan iddiaçılar miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etməmişlər. Birinci instansiya məhkəməsində işə baxılarkən hər iki iddiaçı anaları öləndən əvvəl evdən samovar və digər əmlak götürdüklərini bildirmişlər. Iddiaçılar notariat orqanına müraciət etməmişlər. Mirası qəbul etməmişlər. Iddiaçıya vəsiyyət edilən əmlak iki ildən sonra yeni vəsiyyətnamə ilə cavabdehə verilmişdir. Birinci instansiya məhkəməsi isə heç bir əsas olmadan mirası faktiki qəbul etməyən iddiaçılara mirasdan məcburi pay vermişdir. Məhkəmə iclasında iddiaçılar bildirmişdirlər ki, özlərinin birinin Ağdamda, digərinin isə Samuxda evləri vardır. Onlar özlərinə məxsus evdə ailə üzvləri ilə birgə yaşamış və miras olan evdə yaşamamışlar.

22. Apellyasiya baxışında digər cavabdeh cavabdeh1 da bacısı cavabdeh2 ilə oxşar məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

23. Apellyasiya baxışında iddiaçı iddiaçı2 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, o, 1976-cı ildən Ağdama gəlin köçmüşdür. X4 xxxna ##.##.2019-cu il tarixdə ölmüşdür. Anasından sağlığında xalça və ətçəkən ona qalmışdır. Anasının dəfn yerinə gəlməmiş, öləndən sonra yas yerinə gəlmiş və yaşayış yeri olan Ağdamda ona 7 mərasimi vermişdir. O, anası öləndən sonra miras qalan evdə yaşamamışdır. Özünə məxsus evi vardır.

24. Apellyasiya baxışında iddiaçı X2 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, hazırda ailəsi ilə Samux rayonu, Yeni Nəbiağalı ərazisində yaşayır. X5 anasının dəfnində iştirak etməmişdir. Anası ilə sağlığında bacısı Qaişə qalmışdır. Anası vəfat etdikdən sonra Qaişəyə o, baxmış, onu gətirib evində saxlamışdır. Anasının vəfatından sonra həmin evə gedibgəlmiş, lakin gecə qalmamışdır. X5 Ağdamda yaşayır. Anası sağlığında ona somavar, bacısı Qaliyaya isə xalça və ətçəkən vermişdir, həmin əşyaları da istifadə edirlər.

25. Apellyasiya baxışında iddiaçıların nümayəndəsi (vəkil) nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddiaçılara anasından xalça, ətçəkən və samovar qalmışdır. Onlar yas yerinə gəlmişlər. Onlar anası öləndən sonra miras evə gəlib- getmişlər.

26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini qət etmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Mustafa Mustafayev)

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, iddiaçılar tərəfindən iddia tələbinin əsaslığını müəyyən edəcək hər hansı sübutlar təqdim edilməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır kI, iddiaçı iddiaçı2 miras qoyan X4 xxxna öldükdən sonra ona məxsus ətçəkən maşını və xalçanı, iddiaçı iddiaçı1 isə anası öləndən sonra evdən samovar götürdüyünü qeyd etsələr də, apellyasiya baxışında həmin əmlakları analarının sağlığında götürdüklərini bildirmişlər.

29. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıların ətçəkən maşın, xalça və samovarın istər miras qoyan şəxsin sağlığında istərsə də, ölümündən sonra götürmələri mirasın qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Mülki qanunvericiliyin tələbinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Hazırki işdə isə iddiaçılar mirası qəbul etməmişlər. Iddiaçı iddiaçı2 Gəncə şəhər * saylı Notariat kontoru tərəfindən ##.##.2017-ci il tarixdə ona X9 tərəfindən *V-*-*** nömrəli vəsiyyətnamə verilməsini bildirsə də, həmin vəsiyyətnamə üzrə əmlak vəsiyyət edən şəxs tərəfindən yenidən ##.##.2019-ci cavabdeh2 vəsiyyət edilmişdir. Göründüyü kimi, miras qoyan X9 mülkiyyəıtində olan mənzili əvvəl ##.##.2017-ci il iddiaçı2, sonra ##.##.2019-ci il tarixdə cavabdeh2 vəsiyyət etmişdir. Beləliklə, vəsiyyət edən tərəfindən verilmiş vəsiyyətnamələr bir-birini tamamlamır və əvvəlki ##.##.2017-ci il tarixli vəsiyyətnamənin göstərişləri sonrakı ##.##.2019-ci il tarixli vəsiyyətnamə ilə dəyişdirilmişdir. Belə olan halda, ##.##.2017-ci il tarixli vəsiyyətnamə qüvvəsini itirmişdir və miras əmlaka dair ##.##.2019-ci il tarixli vəsiyyətnamə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən qüvvədə olmuşdur. Ümumiyyətlə Gəncə şəhər * saylı Notariat Ofisi tərəfindən ##.##.2023- cıi il tarixdə açılmış *V-*** nömrəli vərəsəlik işi və onun əsasında verilmiş ##.##.2023-cıi il tarixli *V-***/**** nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarış ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil tam payla cavabdeh2 adına qeydiyyata qanuni əsaslarla alınmışdır

30. Apellyasiya instansiyası məhkəməsi mirasın qəbulu ilə əlaqədar iddiaçılar tərəfindən gətirilmiş ətçəkən maşın, xalça və samovarın götürülməsi ilə bağlı arqumentlərə qiymət verərək onu da diqqətə çatdırmışdır ki, həmin hərəkətlərin edilməsi ilə miras qəbul olunmur və göstərilən dəlillər əsassızdır. MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bununla da iddiaçılar tərəfindən miras qəbul edilməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5, 1133.1, 1133.2, 1146, 1151.1, 1159.1.1, 1160, 1168, 1179.2, 1180.1, 1180.2, 1184, 1188, 1243.1, 1243.2, 1243.3, 1225.1, 1225.2, 1225.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələr, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 60, 61, 62, 63, 64-cü bəndlərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

32. Iddiaçılar kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, işin təkrar apelyasiya baxışına göndərilməsi və ya birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məcburi pay tələb etmə hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Qanun üzrə vərəsələr olan iddiaçılar məcburi paydan kənarda saxlanılmışdır. Belə ki, miras qoyanın X9 dörd övladı olmuşdur. Miras əmlakın bölgüsü zamanı iddiaçılar miras əmlakdan kənarda saxlanılmışdır. Bundan əlavə, iddiaçılar faktiki olaraq miras qoyan öldükdən sonra müntəzəm olmuşlar. Iddiaçılar bacıları Qaişəni tək qoymamaq üçün miras əmlak olan evdə onunla birgə yaşamış, miras əmlaka sahiblik etməyə, miras əmlakı idarə etməyə başlamışlar. Bütün bu hal kənar qonşular tərəfdən müşahidə edilmişdir. Şahidlərin dindirilməsi ilə əlaqədar məhkəməyə verilən vəsatətlər təmin edilməmişdir. Lakin reallıqda miras qoyan öldükdən sonra gedib Türkmənistan Respublikasında beş il yaşamış cavabdeh vərəsə mülki qanunvericiliyin tələblərini pozaraq miras əmlaka sahib olmuşdur. Digər iki vərəsə qanunvericiliyin tələbinə zidd olaraq miras əmlak kütləsindən kənarda saxlanılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1 Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3 Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (mübahisəli münasibətlər yaranan vaxt qüvvədə olan) Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (mübahisəli münasibətlər yaranan vaxt qüvvədə olan) Maddə 1248.1 Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

36. Kassasiya şikayətində iddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndiriblər. Bu baxımdan, qətnamə tam yoxlanılır.

37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

40. Iddia tələbi miras əmlakda payın müəyyən edilməsi barədədir.

41. Müəyyən edilib ki, tərəflərin anası – mirasqoyan ##.##.2019-cu il tarixdə vəfat etmiş, həmin tarixdən miras açılmış, iddiaçılar mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmişlər. Iddiaçılar yalnız analarının sağlığında onlara xalça, samovar və ətçəkən maşın vermələrini deməklə miras qəbul etdiklərinə istinad etmişlər. Halbuki həmin əşyaların miras əmlak kimi qəbul edilməsi yalnız miras qoyan şəxsin ölümündən sonra ola bilərdi.

42. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən ## ###### 2023-cü il tarixli qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir.

43. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında o da göstərilib ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

44. Hazırki işdə də müəyyən edilib ki, iddiaçılar mirası hər hansı formada qəbul etməyiblər, vərəsəlik münasibəti Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarından əvvəl yaranıb, eyni zamanda məhkəmə icraatı da həmin qərardan sonraya təsadüf edib.

45. Bu baxımdan, məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

46. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını tərəflərin təqdim etdikləri sübutlar əsasında müəyyən edərək əsaslı və qanuni qətnamə qəbul etmiş və iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından tam əsaslandırmışdır.

47. Buna görə də hazırda qiymət verilməli məsələ kassasiya şikayətinin dəlilləridir.

48. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia ərizəsi və apellyasiya şikayətinə etirazda da irəli sürülmüşdü və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri əsassız saymışdır. Gəlinən nəticə həm qanunvericilik, həm də Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli qərarına uyğun olduğu üçün məhkəmə kollegiyası kassasiya şikayətinin eyni məzmunlu dəlillərinə təkrar qiymət verməyə zərurət görmür.

49. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçılar iddiaçı1 və iddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar