Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-746/2026 27.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, X1, cavabdeh2 və cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin ləğv edilməsi və əmlak tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin və eləcə də, cavabdehlər cavabdeh3 (Rushan Gadzhiiev) və X1 (cavabdeh4) adından “vəkil” qismində nümayəndə1 tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Yevlax Rayon Məhkəməsinin (hakim Aybəniz Babayeva) ## ### 2026-cı il tаrixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, X1, cavabdeh2 və cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin ləğv edilməsi və əmlak tələbi” barədə iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı tərəfindən ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Bundan əlavə, həmin Qətnamədən cavabdehlər cavabdeh3 (Rushan Gadzhiiev) və X1 (cavabdeh4) adından “vəkil” qismində nümayəndə1 (Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür) tərəfindən də ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti imzalanaraq, təqdim olunmuşdur (həmin apellyasiya şikayətinin müvafiq qrafalarında nümayəndə1 özünü “nümayəndə” deyil, “vəkil” kimi qeyd etmişdir). Birinci instansiya məhkəməsi hər iki apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün ## #### 2026-cı il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmiş və həmin mülki iş ## #### 2026-cı ildə Şəki Apellyasiya Məhkəməsinin dəftərxanasında qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Həmin Məcəllənin 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər - iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməli və eyni zamanda, apellyasiya şikayəti - şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır (maddə 361.2) və eləcə də, apellyasiya şikayətinə - qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd (maddə 361.2) və şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir (maddə 361.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, Yevlax Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini və eləcə də, cavabdehlər cavabdeh3 (Rushan Gadzhiiev) və X1 (cavabdeh4) adından “vəkil” qismində nümayəndə1 tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayətini və iş materiallarını öyrənib, hər bir apellyasiya şikayətinin mümkünlüyünü ayrıayrılıqda müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən cavabdehlər cavabdeh3 və X1 adından “vəkil” qismində nümayəndə1 tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Yevlax Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3 (Rushan Gadzhiiev) və X1 (cavabdeh4) adından birlikdə verilmiş apellyasiya şikayəti “vəkil” kimi qeyd olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə1 tərəfindən imzalanaraq təqdim edilsə də, həmin vəkilin həmin cavabdehlərin adından apellyasiya şikayətinin imzalamaq səlahiyyətinin olması iş materialları və həmin apellyasiya şikayətinə əlavə edilmiş sənədlərlə müəyyən olunmur. Çünki, cavabdeh cavabdeh3 (Rushan Gadzhiiev) tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə1 3 il müddətinə verilmiş ## ###### 2023-cü il tarixli “AR-III № ******” nömrəli etibarnamə apellyasiya şikayətinə əlavə edilsə də, həmin etibarnamədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə1 cavabdeh cavabdeh3 adından verilən apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74.2-ci maddəsinin tələblərinə uyğun olaraq göstərilməmişdir (iş vərəqi: 251). Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin aşağıda qeyd olunan maddələri ilə müəyyən olunur ki, tərəfin (hazırkı halda cavabdehin) adından verilən apellyasiya şikayətinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkil tərəfindən imzalanması üçün müvafiq qaydada rəsmiləşdirilmiş etibarnamə olmalı və həmin etibarnamədə vəkilin nümayəndə qismində tərəfin adından verilən apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olması xüsusi olaraq göstərilməlidir: - 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. - 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. - 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. - 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. - 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. - 74.2. Iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Bundan əlavə, cavabdeh X1 (cavabdeh4) tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə1 3 il müddətinə verilmiş ## ##### 2026-cı il tarixli “07AA1127478” nömrəli etibarnamə apellyasiya şikayətinə əlavə edilsə də, həmin etibarnamə məhkəməyə Azərbaycan Respublikasının dövlət dilində, yəni Azərbaycan dilində deyil, rus dilində təqdim edilmişdir (iş vərəqi: 249-250). Yəni, rus dilində tərtib olunmuş həmin etibarnamə - Azərbaycan dilinə tərcümə edilib, müvafiq qaydada təsdiq edilmədən apellyasiya şikayətinə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Halbuki, Azərbaycan Respublikasının aşağıda qeyd olunan müvafiq qanunvericilik normalarına əsasən Azərbaycan Respublikası məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatı dövlət dilində aparıldığından, məhkəməyə sənədlər də, o cümlədən nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədlər də Azərbaycan dilində təqdim edilməlidir: - Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili – Azərbaycan dilidir. - "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 11.6-ci maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, kommersiya və inzibati mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. - Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. - Həmin Məcəllənin 11.3-cü maddəsinə əsasən, məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Yevlax Rayon Məhkəməsinin, eləcə də Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə əhalinin əksəriyyəti azərbaycanlılar olduğundan, bu məhkəmədə baxılan işlər üzrə icraat da dövlət dilində, yəni Azərbaycan dilində aparılır. Göründüyü kimi, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə1 cavabdehlər cavabdeh3 (Rushan Gadzhiiev) və X1 (cavabdeh4) adından Yevlax Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verilən apellyasiya şikayətini imzalamaq səlahiyyətinin və apellyasiya şikayətini vermək səlahiyyətlərinin olmasını təsdiq edən mavafiq qaydada tərtib edilmiş etibarnamələr məhkəməyə təqdim olunmadığından, həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır və qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa - müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir (maddə 361.2). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Eyni zamanda, yuxarıda qeyd olunan nöqsanlardan əlavə, digər bir nöqsan isə - Yevlax Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3 (Rushan Gadzhiiev) və X1 (cavabdeh4) adından birlikdə verilən apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun ödənilməsində yol verilən nöqsandır (apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir (MPM-nin 361.3-cü maddəsi). Belə ki, məhkəməyə təqdim olunan həmin apellyasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qeydin aparıldığı” bölməsində (qrafasında) şikayətin verilməsi üçün dövlət rüsumunun – 50 manat məbləğində ödənildiyi qeyd olunmuşdur. Yəni, apellyasiya şikayətinin hər iki cavabdehin adından bir yerdə verilməsinə baxmayaraq, qeyd olunan dövlət rüsumu yalnız bir cavabdeh üçün nəzərdə tutulmuş məbləğdə ödənilmişdir. Bundan əlavə, həmin ödəniş Dövlət Büdcəsinə apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh3 (Rushan Gadzhiiev) və yaxud, cavabdeh X1 (cavabdeh4) adından deyil, “nümayəndə” qismində – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə1 adından ödənilmişdir. Yəni, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilmiş həmin apellyasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində (qrafasında) apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun – həmin cavabdehlərdən hər hansı birinin adından deyil, “nümayəndə” qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə1 adından ödənildiyi qeyd olunmuşdur. Halbuki, işin yuxarıda təsvir olunan konkret halları, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri baxımından – apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu həmin şikayəti “nümayəndə” və yaxud “vəkil” qismində imzalayaraq məhkəməyə təqdim edən nümayəndənin (hətta, lazımi qaydada verilmiş etibarnaməsi olsa belə) adından deyil, bilavasitə tərəfin öz adından, hazırkı halda isə bilavasitə adından apellyasiya şikayəti verilən hər bir cavabdehin öz adından ödənilməli idi. Ona görə də, bu ödəniş - apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə - apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir (108.1.7-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3-cü maddə). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üçün dövlət rüsumu tutulur (maddə 2.0.1.) və dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur (maddə 4.6.). Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinin tələblərinə görə, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa - birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti geri qaytarılır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ - yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bunlara - Mülki Prosessual Məcəllənin 361-ci və 363-cü maddələrində nəzərdə tutulmuş prosessual qaydalar və tələblər də aiddir və apellyasiya şikayəti həmin maddələrin tələblərinə riayət edilməklə verilməlidir. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Yevlax Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3 (Rushan Gadzhiiev) və X1 (cavabdeh4) adından “vəkil” qismində nümayəndə1 tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən, həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də, cavabdehlər cavabdeh3 (Rushan Gadzhiiev) və X1 (cavabdeh4) adından “vəkil” qismində nümayəndə1 tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə həmin apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mərhələdə cavabdehlər cavabdeh3 (Rushan Gadzhiiev) və X1 (cavabdeh4) adından “vəkil” qismində nümayəndə1 tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları ilə birgə birinci instansiya məhkəməsinə qaytarılmalı olduğundan və bununla da mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatından çıxarıldığından - bu mərhələdə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiyasında baxılması prosessual baxımdan mümkün deyildir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi cavabdehlər cavabdeh3 (Rushan Gadzhiiev) və X1 (cavabdeh4) adından “vəkil” qismində nümayəndə1 tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayəti ilə əlaqədar səlahiyyətləri həddində Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan müvafiq prosessual hərəkətləri etdikdən sonra mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarıldıqda - iddiaçı İddiaçı apellyasiya şikayətinə baxılacaqdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki-Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi iş üzrə verilmiş məlum apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 360-363-cü maddələrinin tələblərinə uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, X1, cavabdeh2 və cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin ləğv edilməsi və əmlak tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3 (Rushan Gadzhiiev) və X1 (cavabdeh4) adından “vəkil” qismində nümayəndə1 tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdehlər cavabdeh3 (Rushan Gadzhiiev) və X1 (cavabdeh4) adından “vəkil” qismində nümayəndə1 tərəfindən imzalanaraq təqdim edilmiş apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-10)-746/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-746/2026
27.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver