Məhkəmə qərarları › İş №2(001)-4227/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4227/2021

21.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4227/2021 21.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı “müqavilənin ləğv edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə 21 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə aralarında bağlanmış 23 avqust 2019-cu il tarixli, 2019/15 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə əmlakın alınmasına ödənilmiş 12200 manat pulun və vurulmuş zərərin əvəzi olaraq 54000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Balakən rayonunun Şambul kəndində yaşayır, kənd təsərrüfatı ilə məşğul olur. Rayonda qarğıdalı kombaynına ehtiyac duyulduğundan iddiaçı qarğıdalı xeyredi almaq qərarına gəlmiş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən Cavabdeh MMC-də şərtlərlə maraqlanmış, sərfəli olduğundan oradan 23 avqust 2019-cu il tarixdə cavabdehdən 12200 manata 1 ədəd 5-1200 modelli 5 cərgəli xeyderi almış, bu barədə aralarında 2019/15 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Xeyderin dəyəri alğı-satqı zamanı iddiaçı tərəfindən tam olaraq ödənilmiş, cavabdeh tərəfindən xeyderə görə xeyderin fəaliyyətə başladığı tarixdən 12 ay zəmanət müddəti verilmiş, həmçinin, 10 il servis xidmətləri cavabdehin öhdəliyi kimi müəyyən olunmuşdur. Müqavilənin 5-ci bəndinə əsasən, satıcı məhsulun dizaynında heç bir qüsur olmayacağını, istifadə edilən materialın yeni olduğunu və heç vaxt istifadə edilmədiyini zəmanət vermişdir. İddiaçı xeyderi təhvil aldıqdan 3 gün sonra ondan istifadə etməyə başlamış, elə həmin vaxt xeyderin nasaz olmaqla istifadəyə yararsız olduğu aşkar olunmuşdur. 05 sentyabr 2019-cu il tarixdə iddiaçı X5 İnkişaf Mərkəzində xeyderi texniki baxışa vermiş, müəyyən olunmuşdur ki, xeyderin işçi hissələri yararsız olmaqla işçi mexanizminin dəyişdirilməsi zərurəti vardır. Sonradan iddiaçı xeyderi cavabdehin anbarına təhvil vermiş, təhvil-təslim aktında xeyderin dəyərinin iddiaçıya qaytarılmadığı göstərilmişdir. Eyni zamanda, həmin vaxt iddiaçıya bildirilmişdir ki, qısa zaman ərzində xeyder ya yenisi ilə əvəz olunub iddiaçıya qaytarılacaq, ya da dəyəri ödəniləcəkdir. Lakin təxminən 1 il ərzində cavabdeh qeyd olunanların heç birinə əməl etməmiş, buna görə iddiaçı 29 sentyabr 2020ci il tarixdə “xxxx” MMC-dən 22050 manata 1 ədəd 5 sıralı qarğıdalı mexanizmi almışdır. Beləliklə, cavabdeh iddiaçını 2 sezon qarğıdalı biçinindən qazanacağı puldan məhrum etmişdir. 1 qarğıdalı biçən kombayn gün ərzində 14-15 hektar qarğıdalı sahəsi biçə bilir. Biçinin hər hektarından qazanc 60 manat təşkil edir. Qarğıdalı biçini ilin sentyabr, oktyabr aylarında müntəzəm olaraq aparılır. Gün ərzində 15 hektar qarğıdalı sahəsinin biçildiyi, hər hektara görə qazancın 60 manat olması nəzərə alınarsa bir kombaynın gün ərzində 900 manat gəlir gətirdiyi müəyyən olunur. Biçin ildə 2 ay, yəni 60 gün aparıldı nəzər alındıqda kombaynın 1 ildə 54000 gəlir gətirməsi müəyyən olunur. Cavabdeh iddiaçını faktiki olaraq 1 il işsiz qoyduğuna görə ona 54000 ziyan vurmuşdur. Beləliklə, cavabdeh alğı-satqı müqaviləsinin şərtlərinə əməl etməmiş, iddiaçıya nə yeni xeyder vermiş, nə də onun dəyəri kimi ödənilmiş 12200 manatı qaytarmış, bundan əlavə 54000 manat da maddi zərər vurmuşdur. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda C.R.Daanov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin rəsmi qeydə alındığı ünvana məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaya yazılı münasibətini bildirməmişdir. İş materiallarında olan: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli, 2019/15 saylı müqavilədən görünür ki, İddiaçı MMC-dən 1 ədəd 5-1200 modelli 5 cərgəli qarğıdalı xeyderini 12200 manata almış, müqavilənin 4.1-ci maddəsində göstərilmişdir ki, zəmanət müddəti maşının fəaliyyətə başladığı tarixdən etibarən 12 ay müddətinə qədər davam edir və 10 il servis xidmətləri satıcının öhdəsindədir. Müqavilənin 5.1-ci maddəsində göstərilmişdir ki, satıcı zəmanət verir ki, məhsulların dizaynında heç bir qüsur olmayacaq, istifadə edilən material yenidir və heç vaxt istifadə edilməyib. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “xxxx” ASC-nin X1 Balakən rayon bölməsinin rəhbəri tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli bildirişdə göstərilmişdir ki, 1 ədəd “Nyu Holland” kombaynı qarğıdalı biçinin bir gün ərzində orta hesabla 14-15 hektar qarğıdalı sahəsini biçə bilir. Hər hektarına 60 manat biçin qiymətidir və biçin sentyabr-oktyabr aylarında müntəzəm olaraq aparılır. - 05 sentyabr 2019-cu il tarixli “nəqliyyat vasitəsinin müayinə atktı”ndan görünür ki, İddiaçı məxsus 5-1200 modelli 5 cərgəli xeyderə baxış zamanı müəyyən olunmuşdur ki, xeyderin işçi hissələri işə yararsızdır, işçi mexanizmi dəyişmək lazımdır. - 08 noyabr 2019-cu il tarixli, 19/40 nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı həmin tarixdə xeyderi Cavabdeh MMC-nin anbarına təhvil vermiş, xeyderin pulu İddiaçı qaytarılmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iddia ərizəsini mülki iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 581.1-ci maddəsinə əsaəsn, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 581.4-cü maddəsinə əsasən, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. - 582.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. - 582.3-cü maddəsinə əsasən, əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. İşin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı 1 ədəd 5-1200 modelli, 5 cərgəli qarğıdalı xeyderin alınması üçün Cavabdeh MMC ilə bağladığı 23 avqust 2019-cu il tarixli, 2019/15 saylı müqaviləyə əsasən 12200 manat pulu MMC-yə ödəmiş, əvəzində isə MMC İddiaçı 12 ay zəmanət müddəti və 10 illik servis xidməti ilə dizaynında heç bir qüsur olmayan, yeni materialı və heç vaxt istifadə edilməmiş xeyderi İddiaçı təhvil verməyi öhdəsinə götürmüş, sonradan xeyderin işçi hissələrinin işə yararsız olduğu müəyyən edilmiş, xeyder MMC-nin anbarına təhvil verilmiş, təhvil-təslim zamanı tərtib olunmuş 08 noyabr 2019-cu il tarixli aktda xeyderin pulunun İddiaçı qaytarılmadığı göstərilmişdir. Yəni, dolayı yolla cavabdeh xeyderin nasaz vəziyyətdə olduğunu qəbul etmiş, məhsul anbara təhvil verilərkən birbaşa olaraq məhsulla bağlı ödənişin vəziyyəti göstərilmişdir. Beləliklə, nasaz vəziyyətdə olan əşya satmaqla Cavabdeh MMC İddiaçıla aralarında bağlanmış müqavilənin 5.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 587.2-ci maddəsin əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Xeyderin keyfiyyətinə aid tələblər cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı haqlı olaraq aralarında bağlanmış müqavilənin ləğv edilməsi və xeyderə görə ödədiyi pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə tam olaraq əsaslıdır və həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.04.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.”. İddiaçı ona delikt nəticəsində zərər dəyməsinə əsaslansada məhkəmə hesab edir ki, hazırkı halda müqavilə üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi delikt deyil və bu halda iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci və 465-ci maddələrdə nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməyə borcludur. Hazırki halda cavabdehin hərəkətləri nəticəsində iddiaçıya faktiki olaraq zərər vurulduğu aşkar olsa da, həmin zərərin vurulmadığı təqdirdə iddiaçının 54000 manat gəlir əldə edəcəyinə dair kifayət qədər sübut mövcud olmadığından məhkəmə hesab edir ki, iddia vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 23 avqust 2019-cu il tarixli, 2019/15 saylı müqavilə ləğv edilsin, həmin müqavilə üzrə ödənilmiş 12200 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar