Məhkəmə qərarları › İş №2(001)-4319/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4319/2023

29.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4319/2023 29.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq ünvan 1 ünvanına (Abonent kodu: **********00080) 1555.2 manat məbləğində cərimə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ailəisi ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən qaz sayğacı dəyişdirilmiş və yeni qaz sayğacı quraşdırılmışdır. Birliyin işçiləri özləri plombu qırıb qaz sayğacını dəyişiblər. Sonradan akt tərtib olunub ki, sayağacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçir hesablama mexanizmi açıq vəziyyətdədir. Qaz sayğacı bayırda quraşdırıldığından onu yad müdaxilələrdən qorumaq imkanı xaricindədir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, əvvəl sayğac smart tipli olmuş, sonradan Azəriqazın öz təşəbbüsü ilə dəyişdirilərək mexaniki sayğacla əvəz edilmişdir. Mexaniki sayğac quraşdırıldıqdan sonra səs-küylü işlədiyindən onun dəyişdirilməsi ilə bağlı müraciət etmiş və Azəriqaz tərəfindən həmin sayğac dəyişdirilmişdir. Sayğac dəyişdirilərkən özləri plombu qırmış və o da mexaniki olmaqla yeni sayğacla əvəz etmişlər. Buna baxmayaraq plombun qırılmasına əsaslanaraq ona əsassız olaraq 1555.2 manat cərimə yazılmışdır. Halbuki həmin ərəfədə bacısı əməliyyat olduğu üçün anası bacısı gildə, o isə evdə tək yaşayırdı. Bu səbəbdən də demək olar ki, qazdan istifadə etmirdi. Necə ki, evdə qazla işləyən avadanlıqlar dördgözdən və kalonkadan ibarətdir. Onların aylıq qaz sərfiyyatı 6-7 manat olmuşdur. Ona cərimə yazılan müddətdən, daha doğrusu onun cərimələndiyini bildiyi iyun ayından keçən 4 ay müddətində cəmi 18 manat qaz sərf eləmişdir. Onun 6 manat sərfiyyata görə sayğaca hər hansı müdaxiləsindən söhbət gedə bilməz. Evdə kombi yoxdu, dövlətin təmin elədiyi istilikdən istifadə edir.

4. Cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya etirazını təqdim etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. ünvan 1 ünvanında yerləşən mənzildə qazdan istifadə ilə bağlı tərəflər arasında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Məişət abonentinin kodu **********00080dır. Mənzildə istifadə edilən avadanlıqlar qaz piltəsi və su qızdırandan ibarətdir. Mənzil kombi ilə təmin edilməmiş, dövlətin mərkəzləşdirilmiş istilik xətti vasitəsilə təchiz olunmuşdur. Sayğacın səs küylü işləməsinə görə abonent Cavabdehnə müraciət emtiş və sonuncudan sayğacın dəyişdirilməsi tələb edilmişdir. Birliyin nümayəndələri tərəfindən Zenner tipli mexaniki sayğac xx.xx.2023-cü il tarixdə dəyişdirilmiş və Zenner tipli digər mexaniki sayğacla əvəz edilmişdir. Bu barədə ******* nömrəli və xx.xx.2023-cü il tarixli AKT tərtib edilmiş və həmin AKT istehlakçı tərəfindən də imzalanmışdır. Sayğacın çıxarılması və quraşdırılması barədə AKT-da göstərilmişdir ki, sayğac səslə işləyir, sayğacın mexaniki göstəricisi 1248 kub.m-dir. Sayğac çıxarıldıqdan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh X1 Departamentinin dövlət yoxlamasına təqdim edilmiş və sayğaca xx.xx.2023-cü ildə baxış keçirilmişdir. Həmin yoxlamanın nəticəsi olaraq 14-2-2/3- 5-4365-1 nömrəli AKT tərtib edilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Bundan sonra Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı AKT tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyan 12960 kum.metr həcmində dəyərləndirilmiş və abonentin hesabına 1555.2 manat cərimə kimi yazılmışdır.

6. Tədqiq edilmiş abonentin saldosundan müəyyən edilmişdir ki, qeyd edilən mənzilə quraşdırılmış və xx.xx.2023-cü il tarixdə dəyişdirilmiş mexaniki sayğac 2021-ci ilin may ayında quraşdırılmışdır və həmin vaxtdan abonent tərəfindən istifadə edilmişdir. Həmin sayğac çıxarılana qədər abonentin illik sərfiyyatı təqribən 900 kub metr olmuşdur və abonent tərəfindən orta hesabla aylıq 8 manat dəyərində qaz sərf edilmişdir.

7. Cavabdeh 1555.2 manat borc hesablamasına əsas laboratoriya yoxlamasına əsasən, səs küylü işləyən sayğacın hesablama mexanizminin açıq vəziyyətdə olmaqla sərfiyyatı qeyd etməməsi olmuşdur.

8. İddiaçı isə yuxarıda göstərilən əsaslara görə hesablanmış cəriməni əsassız hesab edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

10. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

11. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

12. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

13. 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.

14. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir.

17. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

18. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

20. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

21. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

22. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

23. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

24. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

25. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

26. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

27. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

28. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, 1555.2 manat məbləğində hesablanmış cərimə borcu əsassızdır və bu səbəbdən iddiaçının tələbi təmin edilməlidir.

29. Belə ki, xx.xx.2023-cü il tarixdə qaz sayğacı çıxarılan zaman sayğacın plombu yerində olmuş və Cavabdeh nümayəndələri tərəfindən qırılmışdır. Hansı ki, iddiaçı özü sayğacın səsli işləməsinə görə cavabdehə müraciət edərək dəyişdirilməsini xahiş etmişdir. Bundan başqa nə sayğaca baxış keçirilən zaman, nə laboratoriya yoxlaması zamanı abonentin sayğaca müdaxilə faktı müəyyən edilməmişdir. Hansı ki, sayğacın yararsız hala düşməsi onun işləmə funksiyasının pozulmasından qaynaqlanmışdır. Ehtimal olunur ki, səsli işləyən sayğacın titrəməsi nəticəsində sayğacda qeyd edilən nöqsanlar ortaya çıxmışdır. Odur ki, sayğaca hər hansı müdaxilə faktı öz təsdiqini tapmadığından, istehlakçının təqsiri nəticəsində qaz itkisinin olması qənaəti yaranmamışdır.

30. Bununla yanaşı tədqiq edilən abonentin saldosu o qənaətə gəlməyə əsas verir ki, istehlakçının qazdan istifadəsi nəticəsində əsassız varlanma və hər hansı hüquqdan sui istifadə halı da yoxdur. Belə ki, həm sayğacın düzgün işləməməsi barədə istehlakçı özü məlumat vermiş, həm də sayğac dəyişdirildikdən, hətta buna qədər də qaz sərfiyyatı arasında fərq olmamışdır.

31. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, abonentə 1555.2 manat məbləğində cərimə(borc) əsassız hesablanmışdır. Tətbiq edilən prosessual normalar

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

35. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

36. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

38. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

39. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

41. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanına (Abonent kodu: **********00080) 1555.2 manat məbləğində əsassız hesablanmış borc silinməli və iddianın verilməsi üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 35.55 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvanına (Abonent kodu: **********00080) 1555.2(min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində əsassız hesablanmış borc silinsin. Cavabdehndən 35.55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar