Məhkəmə qərarları › İş №2(001)-4361/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4361/2023

07.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4361/2023 07.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (İB) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbi barədə mülki işə 07 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanı üzrə cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş 184,7 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(001)-3006/2019 saylı qətnaməsinə əsasən, onun Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh tərəfindən ona yaşadığı ünvan üzrə hesablanmış 305,6 manat borcun silinməsi, ondan əsassız olaraq tutulmuş 40 manat vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minsə də, bugünədək icra edilməmişdir. Belə ki, 22 may 2023-cü il tarixdə qaz sayğacının kartında yaranmış problemlə bağlı o Binəqədi rayon X2 müraciət etmiş, problem həll edilmişdir. Karta pul yükləyərdək 160,9 manat borcu olduğu müəyyən edilmiş, ödənilmiş 5 manatdan 2,5 manatı borca görə silinmişdir. O, 23 may 2023-cü il tarixdə yenidən Binəqədi rayon X2 müraciət etmiş, “Abonentin saldosu”nun almış, bu zaman ona məlum olmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, 2018-ci ilin iyun ayından ona əsassız olaraq yazılmış 354,6 manat borc silinməmiş, bugünə qədər ondan qanunsuz olaraq 184,7 manat pul tutulmuşdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırda ondan əsassız olaraq tutulmuş 184,7 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh müəssisə səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmiş, habelə iddiaya öz yazılı münasibətini bildirməmişdir. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(001)- 3006/2019 saylı qətnaməsindən görünür ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının istifadə və sahibliyindədir. Cavabdeh əməkdaşları tərəfindən həmin sahədə olan qaz sayğacına keçirilmiş baxış nəticəsində sayğac texniki nasazlıqların olması əsası ilə çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Bunun nəticəsində iddiaçı tərəfindən qanunsuz olaraq qazdan istifadə edilməsi və nəticədə 1728 kub-metr həcmində ziyanın vurulması əsası ilə akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən 345,6 manat məbləğində pulun ondan tutulması barədə qərar qəbul edilmişdir. Aparılmış ödənişlərin 40 manat hissəsi yaranmış borcun əvəzi olaraq tutulmuş, hazırda borc məbləği 305,6 manat təşkil edir. - Həmin qətnaməyə əsasən, Cavabdeh İB tərəfindən iddiaçının istifadəsində olan mənzildə qaz sərfiyyatına görə hesablanmış məbləğdən qalıq qalmış 305,6 manat məbləğində borcun silinməsi, iddiaçıdan əsassız olaraq tutulmuş 40 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması qərara alınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş çıxarışdan və “Abonentin saldosu”ndan görünür ki, 2023-cü ilin may ayına iddiaçıya 160,9 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, əsaslı olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübuta yetirməlidir. Hazırki iş üzrə iddiaçıya, yəni təbii qaz üzrə istehlakçıya hansı əsasla borcun hesablanmasını sübut etmə yükü istehsalçının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Cavabdeh isə məhkəmədə nümayəndə ilə təmsil edilməmiş, borcun yaranma əsaslarına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən İddiaçı 345,6 manat borc hesablanmış, həmin borc məhkəmə qətnaməsi ilə əsassız hesab edilmişdir. Hazırda da iddiaçının cavabdehə 160,9 manat borcu olduğu müəyyən edilmişdir. Yəni, 345,6 manat əvvəlki borc hazırda 160,9 manat təşkil edir, bu isə o deməkdir ki, cavabdeh tərəfindən iddiaçının ödənişlərindən 184,7 manat tutmalar aparılmışdır. Borcun əsassız olması əvvəlki məhkəmə qətnaməsi ilə müəyyənləşdirildiyindən, həmin borca görə tutmaların aparıması da əsassızdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçıdan əsassız olaraq tutulmuş 184,7 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanı üzrə təbii qaza görə ödənişlərdən qanunsuz olaraq tutulmuş 184,7 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar