Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4375/2023 24.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı iddiaçı Azərmaş MMC-nin cavabdeh X1 qarşı lizinq müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı Azərmaş MMC cavabdeh X1 qarşı lizinq müqaviləsinin ləğv edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia tələbləri hüquqi şəxslə fərdi sahibkar arasında bağlanan müqavilə üzrə öhdəliklərin icrasından ibarət olduğundan hazırkı mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsi geri qaytarılmaqla iddiaçıya aidiyyəti üzrə məhkəməyə, yəni Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 24, 26, 31, 152-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı Azərmaş MMC-nin cavabdeh X1 qarşı lizinq müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4375/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4375/2023
24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver