Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4378/2021 10.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda qeydiyyatda olan, 07.01.1991-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 07.01.1991-ci il təvəllüdlü qızı X4 uzun müddətdir ki, xəstədir və uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkir. Dəfələrlə müalicələrdə olmuşdur, lakin nəticəsi olmamışdır və ona “epilepsiya ağıl zəifliyi” diaqnozu qoyulmuşdur, uzun müddətli müalicələrdə olsa da, yaxşılaşma halı baş verməmişdir. 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona İİ qrup müddətsiz əlillik dərəcəsi verilmişdir, əmək qabiliyyətsiz olması qeyd edilmişdir. Qızı Bakı şəhər Baş Səhiyyə İdarəsinin 35 saylı şəhər Poliklinikasında qeydiyyatdadır. N.Babayeva əmək qabiliyyətsizdir və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. Qızına o baxır və qulluq edir. O, qızına qəyyum təyin edilməsi barədə İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə qızının hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Qızı hüquqlarını sərbəst şəkildə həyata keçirmək qabiliyyətinə malik deyildir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş XİV-ЖГ seriyalı 485820 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07.01.1991-ci il tarixində, Bakı şəhərində anadan olmuş, atası X5, anası X6r. İş materiallarına əlavə edilmiş 4 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışdan görünür ki, X4 İİ (ikinci) qrup əlildir, əlilliyin səbəbi uşaqlıqdandır və əlillik müddətsiz təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 06.07.2021-ci il tarixli 1449 saylı rəyindən görünür ki, X2 epilepsiya nəticəsində meydana gələn ağıl zəifliyi müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olundu ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 07.01.1991-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: Ərizə təmin edilsin. 07.01.1991-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4378/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4378/2021
10.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver