Məhkəmə qərarları › İş №2(001)-4384/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4384/2020

30.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4384/2020 30.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Ərizəçi Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində qəyyumun təyin edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1973-cü il təvəllüdlü X4 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X6 iləbirlikdə ünvan 1 ünvanında yaşayır. Qardaşı Abşeron rayonunda qeydiyyatdadır və Abşeron rayon mərkəzi xəstəxnasında psixiatr qeydiyyatındadır. Qardaşı 2002-ci ildən ruhi-əsəb xəstəsidir, ona “F.20.0 Şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. Hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Xəyali görüntülərlə danışır, qarabasmaları var, bəzən tanımadığı şəxsləri müxtəlif qorxulu varlıqlar kimi xəyal edib onlara xəsarət yetirə bilir. X1 özünü idarə edə bilmir, onların danışıqlarına adekvat reaksiya vermir, dediklərini və istəklərini anlamır, eyni zamanda özü də fikrini ifadə etməkdə, düşündüklərini realizə etməkdə çətinlik çəkir.Daim onun və ya digər üçüncü şəxslərin qayğı və nəzarətinə ehtiyacı var. Onun hərəkətləri səbəbsiz yerə hay-küy salması, qonşuları və digər şəxsləri qorxutması, narahat etməsinə görə ondan dəfələrlə şikayətlər olunub. Onun psixi vəziyyəti həm özünə, həm də ətrafdakı şəxslərə qarşı da təhlükə mənbəyidir. Ailə üzvü kimi qardaşının psixoloji və əqli problemləri olmasına inanmaq istəmirdi və onun fəaliyət qabiliyyətsiz olmasını barədə düşünməmişdir. Lakin artıq bunu qəbul etmiş və onun fəaliyyət qabiliyyətsiz sayılması barədə müraciət etməli olmuşdur. Çünki qardaşı özünü idarə edə bilmədiyinə, heç kimə, heç bir ətraf qıcıqlara cavab verə bilmədiyinə görə bu hal gündəlik məişətdə və hüquqi məsələlərdə onlara böyük problemlər yaradır. Qardaşı ikinci qrup əlildir, təqaüd alır, zaman-zaman təqaüdün verilməsi prosedurunda problemlər çıxır. Fiziki və psixi qüsurları, xəstəliyi səbəbilə heç bir notarial, hüquqi əməliyyatları yerinə yetirə bilmirlər. Asan Xidmət mərkəzləri, bütün dövlət və qeyri dövlət müəssisələri qardaşının şəxsən gəlməsini və ya qəyyumluğunun müəyyən olunmasını tələb edir. Ata və anası vəfat edib, başqa heç bir ailə üzvü olmadığına görə hazırda qardaşı onun himayəsindədir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 bacısıdır. X5 ünvan 3 A, 42 saylı mənzildə qeydiyyatda olmaqla, həmin ünvanda ərizəçi ilə birlikdə yaşayır. X5 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 2640 nömrəli rəyinə əsasən X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar vardır. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” hissəsində əsaslıdır və bu səbəbdən təmin edilməli, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, hazırda ünvan 3 A, mənzil 42 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizənin “şəxsin üzərində qəyyumun təyin edilməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı ərizələrə xüsusi icraat qaydasında baxılması məhkəmələrin səlahiyyətlərinə, belə şəxs üzərində qəyyum təyin etmək məsələsinin həlli isə qəyyumluq və himayəçilik orqanının səlahiyyətlərinə aid edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə bu hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 A, mənzil 42 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə rədd edilsin. Bu qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən X4 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar