Məhkəmə qərarları › İş №2(001)-4396/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4396/2023

17.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4396/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Ərizəçi, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu xx.xx.2004-cü il təvəllüdlü xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 iflic xəstəliyindən əziyyət çəkir. O, heç bir hərəkətinin mənasını dərk etmir, ərizəçi tərəfindən ona daimi olaraq qulluq edilir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, oğlu hal-hazırda 18 yaşına çatdığından, ona yenidən pensiya təyin edilmiş, lakin onlar oğluna hər ay ödənilən pulları ala bilmirlər. Belə ki, həmin pul bank hesabına köçürülür, bank kartının verilməsi üçün isə uşağın özünün gəlməsini tələb edirlər. Halbuki, bu mümkün deyil. Ona görə də, X6 fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi X2 Elvin Elməddin oğlu fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına etiraz etmədi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2474 saylı rəyində göstərilmişdir ki, “ ... X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yaşıdlarına nəzərən psixo-fiziki inkişafda xeyli geri qalması, nitqi inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı şəhər X5 müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinika şöbəsinin nevroloji kabinetində qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, mülki işə əlavə edilmiş AR ƏƏMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışına görə “Kvadroplegik spastik serebral iflic. Tetraplegik spastik uşaq serebral iflici. Dərin kəmağıllıq, idotiya diaqnozunun müəyyən edilməsi və ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hazırki müayinə zamanı dərin əqli gerilik əlamətlərinin müəyyən edilməsi, və s.) sübut edir. ... X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. ... X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Mülki Məcəllənin 35.1-ci maddəsinə görə, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Bu baxımdan o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş X6 (FİN: 8AL5UTR) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar