Məhkəmə qərarları › İş №2(001)-4402/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4402/2023

19.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4402/2023 19.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (Abonent kodu: **********00178) Cavabdeh tərəfindən hesablanmış 1555.2 manat məbləğində cərimə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********00178 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Aylıq olaraq müxtəlif məbləğlərdə smart kart vasitəsilə ödəniş etməklə qazdan faydalanır. 2022-ci il tarixdə Cavabdeh onun ünvanında onun və ailə üzvlərinin iştirakı olmadan sayğacları hansı səbəbdən məlumatı olmadan dəyişdirmişlər. Qeyd etmək istəyir ki, sayğac dəyişdirilən zaman tərtib olunmuş akt-da sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Sayğacın dəyişdirilməsi mərhələsində faktiki evin sahibliyində olan şəxslərin iştirakı ümumiyyətlə olmamışdır. 23 aprel 2023-cü ildə ona göndərilən bildirişdən məlum oldu ki, sözügedən mənzildə cavabdehin iştirakı ilə xx.xx.2023-cü il tarixdə onun iştirakı və xəbəri olmadan quraşdırılmış sayğaca baxəş keçirilmiş və bu barədə akt tərtib olunmuşdur. Buna səbəb olaraq son 12 ərzində sayğacın hesablanmasında hər hansı dəyişikliyin olmaması göstərilmişdir. Guya istehlakçının həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. Halbuki həmin tarixdə sözügedən mənzildə yaşayan, aktda istehlakçı kimi qeyd olunan Quliyeva Xanım dünyasını dəyişmişdir. Sonuncunun vəfat etməsindən sonra evdə faktiki olaraq o yaşamışdır və mütamadi olaraq aparatlar vasitəsilə smart karta ödənişlər etməklə qazdan istifadə etmişdir. Ancaq hər dəfə karta vurulan pulun bir hissəsi əsassız olaraq tərtib olunmuş akta əsasən onun iradə ifadəsi olmadan silinmişdir. Ümumiyyətlə o həmin aktın tərtib olunmasında iştirak etməmiş, ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o harasa dəvət olunmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, ev anası X2 evidir və anası 2014-cü ildə vəfat etmişdir. Həmin evdə onun atası 86 yaşlı atası tək yaşamış, o və qardaşı həmin evdən 50-60 m məsafədə yerləşən, öz şəxsi evlərində yaşayırlar. Onlar hər gün qardaşı ilə atasına baş çəkərək öz evlərində atası üçün hazırladıqları çay və yeməyi atasına aparmışlar. Atası yaşlı olduğundan evdə demək olar ki, qazdan istifadə olunmur. 2022-ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları xəbərləri olmadan və iştirakı olmadan sayğacı dəyişdirmişlər. Daha sonra xx.xx.2023-cü il tarixdə onların iştirakı olmadan sayğaca baxış keçirilmiş və sayğacın sərfiyyatı qeyd etmədiyi üçün akt tərtib olunmuşdur. Hətta akt tərtib olunarkən guya istehlakçının həmin aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Kommunal müqavilələr anasının adınadır, evdə kombi istilik sistemi yoxdur, evdə 1 ədən ceyran peçi, kalonka və dördgöz qaz var. Evdə uzun müddətdir ki, smart tipli sayğac quraşdırılıb.

4. Cavabdehin nümayəndəsi isə məhkəmə iclaslarında iddianı qəbul etməyərək bildirmişdir ki, ərazidə reyd keçirilən zaman sözügedən ünvanda sayğaca müdaxilə faktı aşkar edilərək abonentin hesabına istifadə edilmiş dəyəri ödənilməyən(itirilmiş qazın həcmi müəyyən edilərək) onun hesabına 1555.2 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq abonentin hesabına işlənmişdir. İddiaçının hazırki tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Çünki onunla həmin evə dair qazın alqı-satqısı barədə müqavilə bağlanmamış, həmin ünvanda yaşamır və qaz istifadəçisi deyildir. Bundan başqa 2023-cü ilin aprel ayına qədər cuzi ödənişlər edilmişdir.

5. Cavabdehin nümayəndəsi eyni məzmunlu etiraz vermiş və bildirmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və iddia rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00178 saylı abonent kodu verilmiş yaşayış evində təbii qazdan istifadə edərək xeyli miqdarda Dövlət əmlakını talamışdır. Həmin ərazidə reyd keçirilən saman sözügedən ünvanda sayğaca müdaxilə faktı aşkar edilərək abonentin hesabına istifadə edilmiş dəyəri ödənilməyən (itirilmiş qazın həcmi müəyyən edilərək) onun hesabına 1555, 20 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq abonentin hesabına işlənmişdir. Aktlar və fotoşəkillər işə əlavə edilmişdir. Qaldırılmış hazırkı iddianın qanunsuz və əsassız olmasına, eləcə də İddiaçı Fizuli oğluna gəldikdə isə ; - İddiaçı Fizuli oğlunun hazırkı iş üzrə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.Belə ki, onunla həmin ünvan üzrə qazın-alqısatqısı barədə müqavilə bağlanmamış, həmin ünvanda yaşamır və qaz istiadəçisi deyil, bu ünvan üzrə tərəf kimi qəbul edilməmişdir. İlkin hazırlıq iclasında da İddiaçı məhkəmədə etiraf etmişdir ki, o qeyd edilən ünvanda yaşamır. Birgə istifadəçi belə deyil. - İddiaçı eyni zamanda hazırlıq iclasında anası X2 6 il əvvəl vəfat etməsini, həmin evdə onun 84 yaşlı atasının tək yaşamasını qeyd etmişdir. Özü və qardaşı atasının yaşadığı evdən ***-**** metr məsafədə yerləşən, öz şəxsi evlərində yaşamaqla hər gün atalarına baş çəkərək onun evində (iddia ərizəsində sözügedən ünvanda) atası üçün çay, yemək və s. (həmin ünvanda təbii qazdan istifadə etməklə) hazırlayıb axşamlar öz evlərinə getdiklərini bildirdmişdir. - Əgər həmin ünvanda təbii qazdan istifadə edilərək atalarına xörək , isti su hazırlamışdırlarsa istifadə edilmiş təbii qaza görə cüzi ödəniş edilmişdir. (Əlbətdə sayğaca müdaxilə olunduğu bir daha təsdiq edilir) - İddiaçı anası X3 ilə bağlanmış təbii qazın alqı-satqısı barədə müqavilə CavabdehİB-nin AQİS bazasında müəyyən edilməmişdir. Həmin ünvan üzrə (abonent kodu **********00178, X2 adınadır) 2023-cü ilin aprel ayına qədər (2020-ci ilin sentyabr ayında 3 manat, oktyabr ayında ödəniş yoxdur, noyabr ayında 14 manat, dekabr ayında 3 manat) ödəniş edilsə də 2023-cü ilin aprel ayından hazırkı dövrünə qədər həmin ünvan üzrə istifadə olunmuş təbii qaza görə heç bir ödəniş edilməmişdir. - Ümumiyyətlə sözügedən ünvanda kirayçilərin yaşayıbyaşamaması, eləcə də “iddiaçı” İddiaçı atasının anket məlumatları, doğum tarixi alınaraq Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən yoxlanıldığı halda da İddiaçı hazırkı iddianı qaldırmaq hüququnun olmaması təsdiqini tapacaqdır. - Qeyd edilən ünvana aid hüquq müəyyən edici sənədlərin olmaması, həmin tikilinin İddiaçı ilə hər hansı bir əlaqəsinin olmaması, Vərəsəlik şəhadənaməsi, Qanunla tələb edilən Etibarnamənin, Məhkəmədə təmsil olunmaq barədə Etibarnamənin olmaması da İddiaçıa hazırkı predmet üzrə iddia qaldırmaq hüququ vermir.

6. İddiaçı cavabdehin etirazının dəlillərinə münasibətdə bildirmişdir: “iddiaya etirazda göstərilmişdir ki, guya mən atamın yaşadığı evdə atam üçün yemək bişirirəm. Lakin mən keçən məhkəmə iclasında da bildirdim ki, atamın 86 yaşı var və mən hər gün atama baş çəkərək öz evimizdə atam üçün çay, yemək və sair hazırlayıb atamın yanına gedirəm. Anam vəfat edəndən atamı öz yanıma gətirmişəm və mənimlə qalır. Atam İ Qarabağ müharibəsi veteranıdır. Atam yaşlı olduğundan yeriməkdə əziyyət çəkir. Ona görə də, iddia tələbi ilə mən məhkəməyə müraciət etmişəm. Ev boş qalmaması üçün arada evə gedirik. Evə getdiyimiz zaman nadir hallarda qazdan istifadə edirəm. Evin sənədi yoxdur, ev anamdan qalıb. Evə mən nəzarət edirəm” Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. ünvan 2 ünvanında (Abonent kodu: **********00178) yerləşən mənzildə qazdan istifadə ilə bağlı iddiaçının 2014-cü ildə ölmüş anası X3 ilə Cavabdeh arasında qazın alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin mənzildə smart tipli sayğac quraşdırılmış və xx.xx.2023-cü il tarixdə sayğac çıxarılmışdır. Sayğac çıxarıldıqdan sonra ZENNER markalı sayğac quraşdırılmışdır. Bundan sonra çıxarılmış sayğaca baxış keçirilməsi barədə 28 aprel 2023-cü il tarixli, ******* nömrəli AKT tərtib edilmiş və həmin aktda sayğacın keçən qazın sərfiyyatını qeydə almadığı göstərilmişdir. Bununla bağlı dəymiş ziyanın əvəzi kimi 12960 kub.m qaz sərfiyyatı hesablanaraq abonentə 1555.2 manat məbləğində zərər yazılmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

10. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

11. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

12. 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.

13. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir.

16. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

17. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

19. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

20. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

21. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

22. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

24. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

25. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

26. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

27. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, 1555.2 manat məbləğində hesablanmış borc əsassızdır və bu səbəbdən iddiaçının tələbi təmin edilməlidir.

28. Əvvəla cavabdehin iddiaçının belə bir tələblə iddia qaldırmaq barədə subyektiv hüququnun olmaması barədə etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, istehsalçı hansı əsasla 2014-cü il tarixdə vəfat etmiş abonentə münasibətdə 2023-cü il tarixdə AKT tərtib etmiş və cərimə hesablamışdırsa, bundan başqa 2014-cü ildən 2023-cü il tarixədək vərəsələri tərəfindən aparılmış ödənişləri qəbul etmiş və qazın verilməsini dayandırmamışsa, adına müqavilə olmuş mərhum abonentin birinci növbə vərəsəsinin də iddia qaldırmaq üçün subyektiv hüququ həmin əsasla yaranmışdır. Çünki abonent müqaviləsi Xanım Quliyeva ilə bağlanmış olsa da, abonentin oğlu olan iddiaçının mənzilə faktiki sahiblik etmiş olmasını və hazırda da həmin mənzili faktiki idarə etmiş olmasını istisna etmir. Necə ki, iddiaçı qeyd edilən mənzilə faktiki sahiblik etməklə kommunal xərcləri şəxsən ödəyir.

29. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, 2023-cü ilin aprelində cavabdehin əməkdaşları tərəfindən çıxarılan sayğac smart tipli olmuş və sayğac çıxarılan zaman onun plombunun qırılması, sayğaca hər hansı müdaxilə olunması və.s kənar qanunsuz təsir müəyyən edilməmişdir. Bundan əlavə həmin sayğacın göstəricisi düzgün göstərməsə də, sayğac keçən qazın sərfiyyatını nəzərə almışdır. Belə ki, əvvəla istehlakçı smart tipli sayğacın mexaniki hissəsinin göstəricisinin işləməməsindən məlumatlı ola bilməzdi və üstəlik smart tipli sayğacın xüsusiyyəti ondan ibarətdir ki, ona yüklənən vəsait həcmində qaz buraxır. Necə ki, əgər sayğacın göstəricisi işləməyərək qaz sərfiyyatını qeydə almasaydı, istehlakçı tərəfindən 2022-ci ilin aprelində 5 manat, mayında 5 manat, sentyabrında 3 manat, noyabrında 14 manat, dekabrında 3 manat, 2023-cü ilin yanvarında 20 manat, fevralında 15 manat, aprelində 5 manat karta yüklənən məbləğlər abonentin hesabında depozit kimi toplanmış olar və həmin məbləğlər sərfiyyat kimi nəzərə alınmazdı. Odur ki, smart tipli sayğacın mexaniki hissəsinin keçən müddət ərzində göstəricisinin dəyişməməsi, onun texniki nasazlığından qaynaqlanmış və bu heçdə sərf edilmiş qazın dəyərinin ödənilməməsi hüquqi nəticəsini doğurmur.

30. Bununla yanaşı tədqiq edilən abonentin saldosu o qənaətə gəlməyə əsas verir ki, istehlakçının qazdan istifadəsi nəticəsində əsassız varlanma və hər hansı hüquqdan sui istifadə halı da yoxdur. Belə ki, sayğacın göstəricisinin sərfiyyatı qeydə almadığı iddia edilən müddətdən əvvəl də (aprel 2022-ci il tarixdən aprel 2023-cü il tarixədək) istehlakçı tərəfindən orta hesabla təqribi eyni sərfiyyat edilmişdir. Bundan əlavə məhkəmə iddiaçının anası öldükdən sonra 86 yaşlı atasını öz yanında saxlaması və onun yeməyini, içməyini təmin etmələri və bunun nəticəsində qaz sərfiyyatının azalması barədə dəlillərini də inandırıcı və ağlabatan hesab edir.

31. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, abonentə 1555.2 manat məbləğində cərimə(borc) əsassız hesablanmışdır. Tətbiq edilən prosessual normalar

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

35. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

36. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

38. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

39. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

41. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə (Abonent kodu: **********00178) 1555.2 manat məbləğində əsassız hesablanmış borc silinməli və iddianın verilməsi üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 35.55 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə (Abonent kodu: **********00178) 1555.2 manat məbləğində əsassız hesablanmış borc silinsin. Cavabdehndən 35.55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar