Məhkəmə qərarları › İş №2(001)-4403/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4403/2022

16.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4403/2022 16.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Azərişıq ASC-yə qarşı 125,19 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı 125,19 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun qızına məxsus Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacında baş vermiş texniki nasazlıqla bağlı olaraq həmin əraziyə baxan nəzarətçiyə müraciət edilmiş və əməkdaşlar tərəfindən elektrik sayğacı dəyişdirilmişdir. Lakin əsassız olaraq xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş və aktda sayğacın keçən yükü tam qeyd etmədiyi, qüsur aşkar edildiyi və sayğacın çıxarılaraq yeni sayğac quraşdırılması göstərilmişdir. Bundan sonra Azərişıq ASC tərəfindən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 1545 kvts, yəni 125,19 manat dəyərində ödəniş sənədi hesablanmışdır. Bu aktların tərtib edilməsi barədə iddiaçının məlumatı olmamış və iştirakı təmin edilməmişdir. Aktların surətlərindən göründüyü kimi yalnız əməkdaşlar tərəfindən imza edilmiş və heç bir hal şahidinin imzası yoxdur. Qanunvericliyin tələblərinə uyğun olaraq iddiaçı barəsində tərtib edilən hər bir akt və protokol iddiaçının iştirakı ilə tərtib edilməli və razılaşmadığı təqdirdə qeyd yazılmalı idi. Aktda iddiaçının imtina etməsi yazılsa da, iddiaçının akt və protokoldan heç bir məlumatı olmamışdır. İddiaçı tərəfindən elektrik sayğacına heç bir kənar müdaxilə olmamış, cavabdeh tərəfindən əsassız olaraq itirilmiş sərfiyyat, heç bir araşdırma aparılmadan enerji itkisi hesablanmışdır. İddiaçı tərəfindən elektrik enerjisindən qeyri-qanuni istifadəyə yol verilməmişdir. Bu amili 3 ay müddətində iddiaçının apardığı olan ödənişləri yoxlamaqla müəyyən etmək mümkündür. Ona görə də Azərişıq ASC tərəfindən Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evi ünvanı üzrə quraşdırılan sayğacla bağlı İddiaçı əsassız hesablanmış 125,19 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılarkən iddiaçının evinə məxsus elektrik sayğacındakı qüsur səbəbilə NDM 025848 nömrəli akt tərtib etmişlər. Bundan sonra ititrilmiş elektrik enerjisinin bərpası məqsədilə 1545 kvts dəyərində ödəniş sənədi hesablanmışdır. Aktda qeyd edilən qüsur sayğac quraşdırma və uşot nəzarət idarəsinin xx.xx.2021-ci il tarixli 234755 nömrəli yoxlama protokolu ilə təsdiqlənmişdir. Abunə vərəqinin təhlili də təsdiq edir ki, iddiaçıya akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla Elektrik enerjisindən istifadə Qaydalarına uyğun olaraq aparılmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərişıq ASC-nin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli NDM № 025848 saylı aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı işləmədiyi üçün keçən yükü tam qeyd etmədiyindən sayğacın yenisi ilə əvəz edilməsi, köhnə sayğacın laboratoriya yoxlaması nəticəsində rəy verilməsi qərara alınmışdır. Aktda abonentin aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Azərişıq ASC-nin Sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən tərtib olunan sayğacların və cərəyan transformatorlarının yoxlanmasına dair xx.xx.2021-ci il tarixli 234755 saylı protokoldan müəyyən olunur ki, 17622396 nömrəli sayğacın dövlət möhürü normaldır, sayğac daxili qüsur nəticəsində işləmir və istismara yararsızıdır. Azərişıq ASC-nin Sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən tərtib olunan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı protokoldan müəyyən olunur ki, istehlakçı İddiaçı istifadəsində olan 17622396 nömrəli sayğac çıxarılaraq 33612577 nömrəli sayğacla əvəz edilmişdir. Azərişıq ASC-nin akt komissiyasının sədri tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən müəyyən olunur ki, yoxlama zamanı istehlakçı İddiaçı istifadəsində olan 17622396 nömrəli sayğacın işləmədiyi və keçən yükü tam qeyd etmədiyi təsdiq edilərək sayğacın yenisi ilə əvəz edilməsi və (0.8 kvt x (0,7) x 24 saat x 124 gün)-121 kvts=1545 kvts olmaqla cəmi 125,19 manat itirilmiş enerjinin bərpası üçün hesabat aparılmışdır. Azərişıq ASC-nin xx.xx.2021-ci il tarixli aktından müəyyən olunur ki, istifadəsində olan 17622396 nömrəli sayğacın yoxlama zamanı işləmədiyi üçün keçən yükü tam qeyd etmədiyindən İddiaçı 125,19 manat maddi ziyan hesablanmışdır. Azərişıq ASC tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, aktlar üzrə İddiaçı borcu 128,67 manat təşkil edir. Azərişıq ASC-nin X2 ünvanladığı xx.xx.2022-ci il tarixli 0199/M-412/3007 saylı məktubundan müəyyən olunur ki, **********80150 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılarkən mənzilə məxsus elektrik sayğacındakı qüsur səbəbilə NDM 025848 nömrəli akt tərtib edilmiş və ititrilmiş lektrik enerjisinin bərpası məqsədilə 1545 kvts dəyərində ödəniş sənədi hesablanmışdır. Aktda qeyd edilən qüsur sayğac quraşdırma və uşot nəzarət idarəsinin xx.xx.2021-ci il tarixli 234755 nömrəli yoxlama protokolu ilə təsdiqlənmişdir. Abunə vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla Elektrik enerjisindən istifadə Qaydalarına uyğun olaraq aparılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən enerji sərfiyyatına görə ona 125,19 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elektrik enerjisindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli 18 saylı qərarının 1.3.-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Həmin müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma üçün elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.32.-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33.-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına elektrik enerjisi sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, akt tərtib edərkən istehlakçının, hal şahidlərinin iştirakını təmin etmədən istehlakçıya əsassız olaraq 125,19 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə istehlakçının iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Azərişıq ASC-nin İddiaçı maddi ziyana görə tələb etdiyi 125,19 manat silinsin. Azərişıq ASC-dən dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar