Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4411/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 10 iyun 2011-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən №388 saylı qeydlə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 19 may 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hər iki uşağın yaşayış yerinin ana ilə müəyyən edilməsi və yetkinlik yaşına çatanadək iddiaçı tərəfindən iki uşaq üçün aylıq 2000 (iki min) manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında nikah Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 iyun 2011-ci il tarixdə qeydə alınmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10.06.2011-ci il tarixli №388 saylı qeyd edilmişdir. Həmin nikahdan onların 2 uşağı – 09 mart 2012-ci il təvəllüdlü X7 və 24 yanvar 2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə nikah dövründə münasibətləri normal olsa da, hazırda bu münasibətlər kəskin pisləşmişir. Onların xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında mütəmadi olaraq münaqişələr yaranır. Ailə olaraq birgə qərarlar qəbul edə bilmirlər. Onlar artıq bir neçə müddətdir ki, faktiki ayrı yaşayırlar, birgə təsərrüfat idarə etmirlər. Ailə faktiki olaraq dağılmışdır, bərpa edilməsi qeyri mümkündür. Onlar nikahın pozulmasını aralarında razılaşdırmışlar. Nikah pozulduqdan sonra uşaqların hansı valideyndə qalması və onların saxlanması üçün alimentin tutulmasına dair aralarında razılığa gəlmişlər. Bundan əlavə o, cavabdehin qeydiyyatda olduğu və faktiki yaşadığı mənzili bağışlama yolu ilə cavabdehin adına keçirmişdir. Bir sözlə o, nikah pozulduqdan sonra üzərinə düşən bütün öhdəlikləri artıq icra etməyə başlamışdır. Qeyd olunanlara əsasən, Cavabdeh ilə aralarında 10 iyun 2011-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən №388 saylı qeydlə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə verərək, iddia tələbini müdafiə etdiyini, məhkəmə tərəfindən barışıq üçün vaxt verilsə də, barışmadıqlarını və həmçinin uşaqların ananın yanında saxlanılmasına və uşaqların saxlanılması üçün ondan sabit pul məbləğində alimentin tutulmasına etiraz etmədiyini, lakin onun 2.000 manat aliment ödəməyə maddi imkanının olmadığını bildirərək, alimentin uşaqların saxlanması üçün müəyyən edilmiş minimum həddə müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X2 19.05.2021-ci il tarixdə məhkəməyə verdikləri ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir, həmçinin tərəflərin birgə nikahdan olan uşaqlarının ananın yanında saxlanılması, uşaqların saxlanması üçün iddiaçıdan hər uşağa görə 1000 manat olmaqla, cəmi 2000 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 678633 №-li nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X8 arasında nikah 10 iyun 2011-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış, 388 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Səfərova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 946997 №-li və AZ-İİİ seriyalı № 328372 №-li doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, 09.03.2012-ci il təvəllüdlü X3 və 24.01.2014-cü il təvəllüdlü X4 atası İddiaçı, anası Cavabdehdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları yetkinlik yaşına çatmamışlar. Tərəflər 2011-ci ilin iyun ayından rəsmi nikahda olub yaşamaqlarına baxmayaraq, hazırda ailə münasibətləri kəsilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda. Eyni Məcəllənin 19.1-ci maddəsinə görə Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Eyni Məcəllənin 21.3-cü maddəsinə görə nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, “Nikahın pozulması və aliment tələbinə dair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərin məhkəmə iclasında şəxsən iştirakının təmin olunması üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışması üçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.” Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə və hər ikisinin ailə qurmaq niyyəti olduğu halda müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanıyır. Nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olur ki, belə nikahın bağlanmasından sonra ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə heç kəs iradəsinin əleyhinə nikahda saxlanıla bilməz. Bu mənada məhkəmə verilmiş 3 ay ərzində barışıq əldə edilməməsini, tərəflərin bundan sonra ailə münasibətlərinin bərpasının mümkünsüzlüyü ilə bağlı iradə ifadəsini nəzərə alır və hesab edir ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Həmçinin qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. İşdən görünür ki, iddiaçı ilə cavabdeh arasında boşanmadan sonra uşaqların hansı valideyndə qalması ilə bağlı mübahisə yoxdur. Tərəflər uşaqların ananın yanında qalmalarını razılaşdırmışlar. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı qazancı (gəliri) qeyri-müntəzəm və dəyişəndir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıdan sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında qanuna əsasən uşaqlar üçün bu məbləğ 175 (yüz yetmiş beş) manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən qeyd edilən maddələrinin tələblərinə əsasən hesab edir ki, İddiaçı yetkinlik yaşına çatmayan iki uşağa görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalı, sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, habelə aylıq aliment məbləğinin dövlət tərəfindən uşağın saxlanması üçün müəyyən edilmiş minimum ehtiyac meyarından aşağı olmamasının zəruriliyini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində aylıq miqdarı hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat müəyyən edilməlidir. Həmin məbləğ uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərlidir. Belə ki, cavabdeh tələbində iddiaçıdan iki uşağa görə "2.000 manat məbləğində aliment" tələb etdiyini bildirsə də, məhkəmə iclasında iddiaçının həmin məbləğdə aliment ödəmək iqtidarında olduğunu əsaslandıra bilməmiş və eləcə də, həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan doğulmuş uşaqları cavabdehin yanında saxlanmalı və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat miqdarında sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməlidir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, aliment ərizənin verildiyi 19 may 2021-ci il tarixdən tutulmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. “Dövlət rüsumu” haqqında qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu” haqqında qanunun 8.4.9-cu maddəsinə əsasən, nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələri üçün dövlət rüsumunun məbləği 20 manatdır. MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manatdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməli, dövlət rüsumunun kəsri olan 10 manat isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 10 iyun 2011-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış, 388 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin ümumi uşaqları – 09.03.2012-ci il təvəllüdlü X7 və 24.01.2014-cü il təvəllüdlü X6 Cavabdeh yanında saxlanılsınlar. 09.03.2012-ci il təvəllüdlü X5 və 24.01.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 19 may 2021-ci il tarixdən başlayaraq İddiaçı hər ay, hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat aliment sabit pul məbləğində tutularaq Cavabdeh ödənilsin. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin, 10 manat dövlət rüsumunun kəsiri İddiaçı alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4411/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4411/2021
29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver