Məhkəmə qərarları › İş №2(001)-4425/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4425/2022

02.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4425/2022 02.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Binəqədi Qaz İdarəsi tərəfindən ona yazılmış 1000 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı tələbini artıraraq, cavabdeh X4 tərəfindən ona yazılmış 1933,2 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 6 il bundan əvvəl yaşadığı ünvanda yaşayan vətəndaşların mexaniki qaz sayğacları smart tipli kartla işləyən sayğaclarla dəyişdirilən zaman mühəndis vǝ ustanın iştirakı ilə ona məxsus evdə istifadəsində olan mexaniki qaz sayğacı dəyişdirilən vaxt plombunun qırılması barədə mühəndis və ustanın iştirakı ilə akt tərtib olunaraq üç nəfərin mühəndis, sayğacı dəyişən usta və onun tərəfindən imzalanaraq onu 500 manat cərimə etdilər. Yazılan 500 manat cərimənin 250 manatını ödədiyindən sayğacı işləməyə başladı, bir ay keçmədən sayğacı blokladılar və onun evinə gələn qazı kəsdilər. Cavabdehə 243 manat borcu qalmış, qaz idarəsinin rəhbərliyindən xahiş etmişdir ki, evinə gələn qaz xəttini qazla təmin etsinlər, o da, hər ay istifadə etdiyi qazın haqqını ödəyən zaman borcunuda hissə-hissə ödəsin. Nə qədər çalışsa da onlar razı olmamışlar. Nəticədə o, 5 il qazsız qalmışdır. Məcbur olub maye qazdan istifadə etmişdir. 2021-ci ilin aprel ayında Binəqədi rayon qaz idarəsinin satış şöbəsinə müraciət edərək xahiş etmişdir ki, sayğacını blokdan çıxartsınlar, onlar bir şərtlə razı olmuşlar ki, 243 manat borclu qaldığı pulun hər ay ödədiyi pulun 50%-ni borca tutmaq şərtilə qaz xətti açılsın. Oğlu, 2-ci qrup Əlil X1 vasitəsilə 5 manat pensiya kartından qaza yükləyəndə həmin yüklədiyi məbləğ sistemə oturmadığı üçün 1 saylı Asan Xidmətə gedib araşdıranda bilmişdir ki, ödənilən pul borca tutulub, əlavə olaraq orada bildirdilər ki, 932.15 manat borcu vardır. O, 243 manat borcu olduğunu bilirdi, əlavə olaraq 932.15 manat borcun haradan yarandığını bilmədiyi üçün Binəqədi rayon qaz idarəsinin satış şöbəsinə getmiş, onlar isə onun şifahi sorğusuna cavab vermədilər, bundan sonra mən o, ilə Binəqədi qaz idarəsinin rəisinə xəbərnamə ilə barəsində yaranmış borca aydınlıq gətirərək ləğv edilməsi barədə ərizə ilə müraciət edərək xahiş etmiş, ərizəni qəbul etməkdən imtina etmişlər. Bu barədə Qaz idarəsinin rəisinin qəbulunda olduqda, o da rəsmi ərizəsinin qəbul ediməsindən imtina edərək bildirdi ki, iki həftəyə sizə şifahi cavab veriləcək. 2 həftədən sonra təkrar Binəqədi rayon Qaz İdarəsinin yanında olmuş, ümumiyyətlə onun vəziyyətini yoxlamadan xahişini rədd etmişdir. Bununla da onun hüquqları pozulmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, cavabdeh tərəfindən əsassız olaraq yazılmış 1933,20 manat cərimənin silinməsini xahiş edir. Hazırda evində balon qazından istifadə edir. Borcu olduğu üçün onun evinə qaz verilmir. Sayğac evin həyətində yerləşir. Sayğac 2014-cü ildə dəyişilən zaman Azəriqazın əməkdaşları sayğacı bayırda yerləşdirmək üçün qaz borusu almalı olduğunu demişlər. Lakin imkanı olmadığından qaz borusu almamış və yeni sayğacı evin həyətində köhnənin yerinə quraşdırmışlar. Sayğac quraşdırılanda ona plombun qırıldığı deyilmiş və akt tərtib edilərək cərimə olunmuşdur. Bununla razılaşmış və aktı imzalamışdır. Cərimənin bir hissəsini ödədikdən bir müddət sonra evə qazın verilişi dayandırıldı. Bununla bağlı müraciət etdikdə 95 manat cərimə olduğu deyildi və həmin cəriməni də ödəmişdir. Bir ay sonra yenidən qaz verilişi dayandırıldı və ona 243 manat borcu olduğu bildirildi. Həmin vaxtdan qaz balonu işlədir. 2021-ci il və 2022-ci il tarixli aktlardan xəbəri yoxdur. Yalnız 243 manat borcu olduğunu bilirdi. Sonradan 1933,20 manat borcunun olmasından ASAN xidmətə gedən zaman xəbəri olmuşdur. Borcun haradan yaranması ona məlum deyildir. Borcun necə yaranması ilə bağlı qaz satış şöbəsinə müraciət etsəm də mənə cavab vermədilər. Mən qazdan qeyri-qanuni istifadə etməmişəm. Azəriqazın işçiləri bayırda keçən qaz xəttində sayğac quraşdırmaq üçün deşik açmışdılar, lakin qaz borusu almaqdan imtina etdiyi üçün sayğacı həyətdə köhnənin yerinə quraşdırdıqlarından bayırdakı deşik olduğu kimi qalmışdır. Həmin deşiyi taxta vurmaqla bağlamışdılar, lakin taxta çürüdüyündən qaz buraxırdı. O, da ora kiçik bolt vurmuşdur ki, qaz buraxmasın. Həmin deşik kiçik olduğundan oraya şlank qoşmaq mümkün deyil. Cavabdehin əməkdaşları isə həmin çıxıntını görüb onun barəsində dəfələrlə qazdan qeyri-qanuni istifadəyə görə akt tərtib etmişlər. Özü ümumiyyətlə qazdan az istifadə edir. Evdə 1 ədəd qaz plitəsi və su qızdırıcısı vardır.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı barəsində qazdan qeyri-qanuni istifadəyə görə 1933 manat borc hesablanmışdır. Bununla bağlı aktlar tərtib olunmuşdur. Həmçinin 243 manat borcun necə yaranması barədə iş materiallarında heç bir sənəd yoxdur. 10 mart 2022-ci il tarixli aktın tələbnaməsi də yoxdur.

7. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixində elektron qaydada iddiaya etirazını təqdim edərək, iddia tələbinin qanunsuz və əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, "Azəriqaz” İstehsalat Birliyi ilə istehlakçı X3 arasında daha əvvəllər və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 07-3535 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında "Azəriqaz" İB istehlakçının evini təbii qazla təchiz etməyi, istehlakçı isə istehlak etdiyi qazın həcmini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Lakin "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, fakt aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsrli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 2015-ci ilin fevral ayında tərtib edilmiş akt əsasında 243.60 manat (bu akt 2015-ci il tarixdə tərtib edilmiş olduğu üçün elektron sistemdə yoxdur. Arxiv sənədlər isə məhv edildiyi üçün məhkəməyə təqdim edilməsi mümkün olmamışdır), xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 756.00 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1036.80 manat məbləğində itirilmiş qazın məbləği hesablanmşdır. Həmin məbləğdən 5 manat ödəniş etmiş, 98.10 manat borca görə tutma aparılmışdır. (243.60+756.00+ 1036.8)-(5.00 +98.10)= 1 933.80 manat Yuxarıda qeyd edilən 243.60 manat borc məbləğini tərəf borc olaraq etiraf etsə də, iddia ərizəsində silinməsini tələb etdiyi məbləğə həmin borcu da daxil etmişdir. İstehlakçı xx.xx.2014-cü il tarixdən 1402AZ**********25 saylı sayğac istehlakçının istifadəsində olsa da, 02/20xx-xx/2021-ci il ərzində heç bir ödəniş həyata keçirilməmişdir. Bu isə qeyri-qanuni qoşulma halının mövcud olmasının yanaşı sübutlarından biridir. Tərəflər arasında imzalanmış, "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış "İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. İddiaçı ilə Cavabdeh İB arasında bağlanan xx.xx.2021-cı il tarixli, 07-3535 №-li müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.

10. Gasrep adlı çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanına 1933,2 manat məbləğində borc hesablanmışdır. Belə ki, 243,5 manat borc 2015-ci ilin may ayında, 746 manat borc 2021-ci ilin may ayında, 2022-ci ilin aprel ayında 1036,80 manat, borc hesablanmış həmin ayda 5 manat ödəniş edildiyindən 2022-ci ilin iyun ayına1031,80 manat borc hesablanmışdır.

11. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus ünvanda sayğacdan kənar əlavə xəttlə təbii qazdan qeyri-qanuni istifadə aşkar edilmiş, sayğacdan kənar əlavə xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanıb ödənilməsi barədə akta qeyd edilmişdir. İddiaçı tərəfindən aktın imzalanmasından imtina edilmişdir.

12. 10 mart 2022-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən və abonent kodu **********10000 olan sayğacda “Qazdan istifadə qaydaları” nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifdə olunduğu aşkar olunmuşdur. Dəymiş ziyanın məbləği 8640 kub.m hesablanmışdır.

13. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus ünvanda sayğacdan kənar əlavə xəttlə təbii qazdan qeyri-qanuni istifadə aşkar edilmiş, sayğacdan kənar əlavə xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanıb ödənilməsi barədə akta qeyd edilmişdir. İddiaçı tərəfindən aktın imzalanmasından imtina edilmişdir.

14. 30 aprel 2022-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən və abonent kodu **********10000 olan sayğacda “Qazdan istifadə qaydaları” nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifdə olunduğu aşkar olunmuşdur. Dəymiş ziyanın məbləği 7560 kub.m hesablanmışdır.

15. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən 27 aprel 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən və abonent kodu **********10000 olan sayğaca kənar xətt qaynaq vasitəsi ilə kəsilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

16. İddiaçı ilə Cavabdeh İB arasında xx.xx.2021-cı il tarixli, 07-3535 №-li müqavilə bağlanmış və bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür.

17. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia edir ki, onun abonent hesabına əsassız olaraq 1933,2 manat borc hesbalanmışdır. Yaranmış borc məbləğini isə məhkəməyə təqdim etdiyi gasrep adlı çıxarışla və abonentin saldosu ilə sübut edir. Həmin borcun yaranmasına əsas olan aktlardan məlumatsız olduğunu bildirir.

18. İddiaçı məhkəmə iclaslarında iddiasını müdafiə edərək bildirir ki, cavabdehin əməkdaşları tərəfindən onun evindəki mexaniki sayğac smart sayğac ilə dəyişdirilən zaman ondan sayğacın bayırda quraşdırılması üçün borunun xərci tələb edilmiş, həmin ödənişi edə bilmədiyi üçün sayğac onun həyətində quraşdırılmışdır. Bu zaman bayırdan keçən qaz xəttində cavabdehin əməkdaşları tərəfindən quraşdırılacaq sayğac üçün qaz borusunda dəlik açılmışdır. Həmin dəlik əməkdaşlar tərəfindən bağlanılmadığından mütəmadi olaraq qaz sızıntısı olmuşdur. Dəyişdirilən sayğacda isə plomb qırıq olduğundan 500 manat cərimə edilmiş və borcunu qəbul etmişdir. Həmin borcundan hazırda qalıq kimi 243 manat borcu qalmışdır.

19. Yaranmış borca görə önun evinə qazın verilməsi dayandırılmışdır. Artıq bir neçə ildir ki, evində qaz balonundan istifadə edir.

20. Cavabdehin nümayəndəsi isə iddiaya etirazında göstərir ki, abonentin ünvanına 2015-ci ilin fevral ayında tərtib edilmiş akt əsasında 243.60 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 756.00 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1036.80 manat məbləğində itirilmiş qazın məbləği hesablanmışdır. Həmin məbləğdən iddiaçı 5 manat ödəniş etmiş, 98.10 manat borca görə tutma aparılmışdır. (243.60+756.00+ 1036.8)-(5.00 +98.10)= 1 933.80 manat Yuxarıda qeyd edilən 243.60 manat borc məbləğini tərəf borc olaraq etiraf etsə də, iddia ərizəsində silinməsini tələb etdiyi məbləğə həmin borcu da daxil etmişdir. İstehlakçı xx.xx.2014-cü il tarixdən 1402AZ**********25 saylı sayğac istehlakçının istifadəsində olsa da, 02/20xx-xx/2021-ci il ərzində heç bir ödəniş həyata keçirilməmişdir. Bu isə qeyri-qanuni qoşulma halının mövcud olmasının yanaşı sübutlarından biridir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

21. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

23. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

24. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

25. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

26. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

27. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

28. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

29. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

30. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

31. Məhkəmə araşdırmanın düzgün aparılması və anlaşılan olması üçün iddiaçının silinməsini istədiyi borc məbləğinin yaranma əsasının fərqləndirilməsini və onlara ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir.

32. Belə ki, iddiaçının silinməsini istədiyi 1933,2 manat borcun 243,5 manat hissəsi 2016-cı ilin may ayında cavabdeh tərəfindən sayğaca qanunsuz müdaxilənin aşkar edilməsi nəticəsində yazılan 500 manat cərimədən, iddiaçı hesabına ödənişlər edildikdən sonra qalan qalıq məbləğdir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

34. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.

35. 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.

36. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir.

37. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.

38. Məhkəmə qeyd edir ki, faktiki olaraq 2016-ci il tarixində abonentin hesabına daxil edilən borc məbləğinə tələb hüququ Mülki Məcəllənin 551-ci maddəsinin tələbi baxımından 5 il müddət keçdikdən sonra itirildiyindən, yaranmış öhdəliyə xitam verilir.

39. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, həmin borca tələb hüququ Cavabdeh İB tərəfindən 2021-ci ildən itirilmişdir.

40. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya qaz xəttinə qanunsuz qoşulma etməsi səbəbindən xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 756.00 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1036.80 manat məbləğində itirilmiş qaz hesablanmışdır.

41. Keçirilmiş məhkəmə iclaslarında iddiaçı təqdim etdiyi CD diskdəki fotoşəkillərlə evində qaz balonundan istifadə etdiyini və sayğacdan borcuna görə ona qaz verilmədiyindən istifadə etmədiyini bildirir. Yaranmış qaz sərfiyyatının isə Cavabdeh İB-nin əməkdaşları tərəfindən küçədən keçən qaz xəttində yeni sayğacın quraşdırılması üçün açılmış dəliyin bağlanmaması və sızıntıya yol verməsi ilə əlaqələndirir.

42. İş materiallarında olan foto şəkillərlə həqiqətən qaz xəttində dəliyin olması və onun yad cisimlə kustar üsullar bağlanıldığı açıq aydın görünür. Həmin hissədə sızıntının olması ehtimalı yüksəkdir.

43. Abonentin saldosundan isə 2016-cı ilin may ayından qazdan istifadəyə görə hər hansı ödənişin edilməməsi(ödəniş edildiyi təqdirdə, borc məbləğindən çıxılacağı ehtimalı nəzərə alınmaqla) iddiaçının həmin müddət ərzində qaz sayğacından istifadə etməməsi barədə iddiasına şübhəni aradan qaldırır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

45. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsidir. Lakin cavabdehin əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərinin icrası zamanı yol verilmiş qüsurlara görə hazırda iddiaçıdan əsassız yerə itirilmiş qaz sərfiyyatı üçün borc tələb edilir.

46. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

47. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

48. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

49. Məhkəmə araşdırması zamanı sübutetmə yükünün bölgüsü baxımından AKT-ın doğruluğunu, abonentin təqsirliliyini sübut etmə vəzifəsinin cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Buna görə də qaz itkisinin baş verməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən hesablanmış borc əsassız hesab edilməli və İddiaçı qazdan istifadəyə görə hesablanmış həmin borc Cavabdeh tərəfindən silinməlidir. Tətbiq edilən prosessual normalar

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

51. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

52. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

53. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

54. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

55. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

56. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

57. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

58. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

59. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 1933,2 manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabından (abonent kodu **********10000) silinməli və istehlakçının ödəməkdən azad olduğu 39,33 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

60. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1933,2 (bir min doqquz yüz otuz üç manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı abonent hesabından (abonent kodu **********10000) silinsin. Cavabdehndən 39,33 (otuz doqquz manat, otuz üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar