Məhkəmə qərarları › İş №2(001)-443/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-443/2022

06.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-443/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh iştirak ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 3 saylı mədənin 6-cı sahəsi daxilində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – ARDNŞ), X12 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş (bundan sonra – Saziş) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və X12 Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X11 Şirkətləri arasında imzalanmış X4 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənayə təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur. İddiaçı tələbin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4 maddələrinə həmçinin “Memarlıq fəaliyyəti haqqında” Qanuna, “Torpaqların alqı-satqı Qaydaları”na, “Yerin təki haqqında” Qanuna, “Texniki təhlükəsizlik haqqında” Qanuna və digər normativ hüquqi aktlara istinad etmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sulu Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən və faktiki yaşadığı fərdi yaşayış evinin 5 ha torpaq sahəsinə və 154 kv.m tikilidən ibarət fərdi yaşayış evinə dair zərərə görə İddiaçı Şirkətindən 120.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayı evi 2004cü il tarixdən etibarən onun tərəfindən inşa edilmiş və faktiki olaraq onun istifadə və sahibliyindədir və torpaq sahəsinə, tikiliyə görə hər il əmlak vergisi ödənilir. Həmin fərdi yaşayış evinin ətrafında və ərazisində heç bir mədən və ya neft çıxarma sahəsi mövcud deyil. Həmin fərdi yaşayış sahəsinə dair heç bir dövlət orqanı və ya hər hansı bir qurum etirazını bildirməmişdir. 17 ildən artıqdır ki, mübahisəli mənzil onun istifadəsində olmaqla, həmin fərdi yaşayış evi üçün onun tərəfindən 120.000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Bu səbəbdən də Cavabdeh mövcud qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı Şirkətinin nümayəndəsi məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ünvanlayaraq, Cavabdeh iddiaçının Saziş ərazisi hüdudları daxilində, kadastr nömrəsi 20336 olan, 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin və faktiki suvurucu xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş və ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Məmmədov ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzumuna uyğun izahat verərək, qarşılıqlı iddianı müdafiə etdiyini, ilkin iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi tam təmin, qarşılıqlı iddia tələbi isə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən cavabdeh tərəfindən inşa olunmuş tikili "X11" şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmişdir. - kommunal xidmətlərə dair müqavilələrdən müəyyən edilir ki, mübahisəli mənzillə bağlanmış bütün kommunal müqavilələr (qaz, işıq, telefon və s.) Cavabdeh və X5 ilə bağlanmışdır. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6375 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh oğlunun faktiki istifadəsində olan fərdi yaşayış evinin inşaasına və təmirinə çəkilmiş xərclərin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 81400 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2 maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə npormativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və sularının yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarına əsasən, neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 150 metr olmalıdır. Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmununa əsasən mühafizə zolağı daxilində yerləşən torpaq ərazilərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 29 sentyabr 2003-cü il tarixli qanunla Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X12 Bi.Vi. və ARDNŞnin ortaq neft şirkəti arasında Sazişi qəbul və təsdiq etmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun imzalanmasından sonra həmin Saziş qanun statusu almışdır. Saziş tərəfləri arasında imzalanmış X4 3-cü maddəsinin müddəalarına əsasən X11 əməliyyatçı təyin edilmiş və ona tərəflərin adından bütün Birgə əməliyyatları həyata keçirməyə və bu Birgə əməliyyatlara rəhbərlik etməyə müstəsna hüquq verilmişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hal-hazırda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının qanuni istifadəsində olan sahədə inşa etdiyi özbaşına tikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh özbaşına inşa edilmiş tikiliyə sərf olunmuş tikinti materiallarına münasibətdə mülkiyyət hüququna malikdir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuş xəritədən görünür ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu səbəbdən iddiaçının tələbi əsaslıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X3rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). Məhkəmə hesab edir ki, cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi müvafiq qurumlarla razılaşdırılmış və həmin ərazidən cavabdehə sahibkarlıq fəaliyyəti tikintisi üşün 200 kv.m torpaq sahələri ayrılmışdır. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin təhlükəsizlik zonasında yerləşməsi barədə həmin torpaq sahəsi üzərində sərəncam verən orqanlara məlumat verilməmişdir. Həmin torpaq sahəsində tikili 2007-ci ildən sonra inşa edilmiş, tikili müvafiq icazələr alınmadan inşa edilsə də, ona məxsus olan torpaq sahəsində yerləşir və 2007-ci ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir. İşdən göründüyü kimi cavabdeh ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsini özbaşına zəbt etməmiş və orada özbaşına tikinti işləri aparmamışdır. Qanunun göstərilən norması şəxsin ona məxsus olan torpaq sahəsində inşa etdiyi özbaşına tikiliyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması imkanını nəzərdə tutduğundan məhkəmə hesab edir ki, belə vəziyyətdə həmin tikilinin müvafiq kompensasiya ödənilmədən sökülməsi şəxsin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə olduqda cavabdehə məxsus tikilinin ona müvafiq kompensasiya ödənilmədən sökülməsi yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında (V.T.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 yanvar 2010-cu il tarixli qərarı), İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında (“X7rşı”, “Akimova Azərbaycana qarşı” qərarları) və Azərbaycanın tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində ifadə olunan yanaşmalar belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdehin özünə məxsus torpaq sahəsində və öz vəsaiti hesabına inşa etdiyi və uzun illər ərzində maneəsiz istifadə etdiyi tikili onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququ isə həm Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi və digər normaları ilə qorunur və müdafiə olunur. Cavabdehə neft kəmərinin mühafizə zonasında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və həmin sahədə onun özü üçün tikili inşa etməsi onun təqsiri üzündən baş vermədiyindən və əslində cavabdehin müvafiq dövlət qurumlarının hərəkətləri nəticəsində hüquq və azadlıqları pozulduğundan məhkəmə qarşılıqlı iddianın qismən təmin olunmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunur ki, Azərbaycan Respublikasında hazırda qüvvədə olan VNTP 3-85-in 19- cu cədvəlinə əsasən, neft çıxaran qurğu ilə təchiz olunmuş quyularla yaşayış evləri və digər tikililər arasındakı ara məsafəsi 150m. olmalıdır. Müəyyən hallarda həmin ara məsafəsini 50%-ə qədər azaltmağa icazə verilir. Belə olan halda minimal ara məsafəsi 75 m. olmalıdır. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan ünvanda cavabdeh tərəfindən inşa olunmuş tikinti altı sahə 148 m2 olan zirzəmili, fərdi yaşayış evinin mövcud olduğu müəyyən olunmuşdur. Baxış zamanı ərazidə ekspert tədqiqatına neft quyusu təqdim olunmamışdır. İddiaçının nümayəndəsi tərəfindən ekspert tədqiqatına neft xətti olaraq təqdim olunan boru ilə cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinə qədər məsafə 10.3 sm və 1.1 metr aralığında dəyişir. Həmçinin qeyd olunmuşdur ki, mülki iş materiallarında sözügedən neft borusunun təyinatı barədə məlumat aşkar olunmadığına görə cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin sözügedən neft borusunun mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə yekun olaraq İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqalarının Rusiya Federasiyasına” qarşı işində Valentina Kastornova (№ 1153/14); Yevdokiya Vdovina və Vladimir Vdovin (№ 2680/14) tərəfindən verilmiş şikayətlər üzrə Avropa Məhkəməsinin mövqeyinə əsaslanaraq qeyd edir ki, Avropa Məhkəməsinin həmin üş üzrə gəldiyi nəticə hazırki mülki işin halları ilə uyğunluq təşkil edir. Odur ki, cavabdehin qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikintinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı Qərarını nəzərə alaraq, qeyd edir ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətdə dözümlülüyü iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməz. Birincisi, onun inşa etdiyi özbaşına tikili Mülki Məcəllənin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməz. İkincisi, bu cür iddiaların qaldırılması üçün müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan, İddiaçı Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi tam, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməli, İddiaçı Şirkəti tərəfindən Cavabdeh 81400 manat məbləğində kompensasiya ödənilməklə, mübahisəli fərdi yaşayış evi sökülməlidir. Həmçinin məhkəmə qeyd edir ki, kompensasiyanın verilməsi və İddiaçı Şirkətinin Saziş ərazisi hüdudları daxilində, kadastr nömrəsi 20336 olan, 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş və ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikilinin sökülməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh iddiaçının Saziş ərazisi hüdudları daxilində, kadastr nömrəsi 20336 olan, 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin və faktiki suvurucu xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş və ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılsın, həmin tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı Şirkətindən kompensasiya olaraq 81400 (səksən bir min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh ödənilsin. Kompensasiyanın verilməsi və İddiaçı Şirkətinin Saziş ərazisi hüdudları daxilində, kadastr nömrəsi 20336 olan, 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş və ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikilinin sökülməsi eyni vaxtda icra edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar