Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4438/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006cı il təvəllüdlü X1 üçün Cavabdeh alınması müəyyən edilmiş hər biri üçün sabit pul məbləğində 108 manatın artırılaraq, 193 manat alimentin təyin edilməsi və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2006-cı il təvəllüdlü X2 təhsil haqqı kimi hər ay ödədiyi və ödənilməli olan 120 manatın 50 %-nin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla xx.xx.2003-cü il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X6 adlı iki uşaqları var. Nikahları Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahları pozularkən uşaqları onun himayəsində saxlanılmış və onların saxlanması üçün cavabdehdən onun xeyrinə sabit pul məbləğində, hər bir uşaq üçün 76 manat olmaqla, cəmi 152 manat aliment tutulması qət edilmişdir. Sonradan qanunvericilikdə uşaqlar üçün yaşayış minimumu artırılaraq 108 manat müəyyən edilmiş və onun tələbi əsasında aliment artırılıb hər bir uşaq üçün 108 manat müəyyən edilmişdir. Lakin sonrakı illər üçün qanunvericilikdə nəzərdə tutulmuş uşaqların saxlanma xərcinin artırılması baş versə də, cavabdeh alimenti əvvəlki qaydada 108 manat həddində ödəmişdir. Hazırda uşaqlar üçün yaşayış minimumu 2022-ci il üçün 193 manat müəyyən edilmişdir. Uşağa görə qanunda nəzərdə tutulmuş həddə aliment ödəməsini cavabdehə təklif etsə də o, bundan boyun qaçırır və bunu məhkəmə qərarının olmaması ilə bəhanə edir. Ona görə də alimentin artırılması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onu da qeyd edir ki, uşaqlar böyüdükcə onların saxlanma xərci də artır. Onların təminatlarının ödənilməsi onun üçün çətinlik yaradır. Cavabdehin ödədiyi aliment uşaqların saxlanması üçün kifayət etmir. Bundan başqa, cavabdeh övladının təhsil xərclərinin ödənilməsində də iştiraka cəlb edilməlidir. Lakin, cavabdeh bununla bağlı da onun təkliflərini rədd edir. Məhkəmə qərarı olmayınca hər hansı bir ödəniş etməyəcəyini deyir. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2006-ci il təvəllüdlü övladları X2 təhsil haqqı kimi hər ay 120 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməlidir. Cavabdeh bu zəruri xərclərdə könüllü iştirak etməkdən boyun qaçırdığı üçün onu valideyn kimi uşaqlarına görə çəkilmiş və çəkilməsi zəruri olan əlavə xərclərdə iştiraka cəlb edilməsini tələb edir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qismən qəbul etdiyini, xx.xx.2006-cı il təvəllüdlü X1 üçün 193 manat alimentin ödənilməsinə razı olduğunu və iddianın qalan hissəsini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, xx.xx.2006-cı il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılaraq, hər ay ondan 193 manat miqdarında aliment tutulmasına etiraz etmədiyini və artıq yetkinlik yaşına çatmış xx.xx.2004-cü il təvəllüdlü X3 onun yanında yaşadığını bildirərək, maddi imkanı olmadığı üçün iddia tələbinin qalan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 751663 №-li doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası Ağayeva (Nuriyeva) Aynurə Əbülfəz qızıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8940/2015 saylı 29 iyul 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 24 aprel 2004cü il təvəllüdlü X3 və 05 mart 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan etibarən Cavabdeh iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə 108 (yüz səkkiz) manat olmaqla, ümumilikdə 216 (iki yüz on altı) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC “icraçı” Ağayev Aynurə “müştəri” olmaqla aralarında bağlanmış 25 avqust 2021-ci il tarixli tədris xidmətləri göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, icraçı hazırlıq kurslarında xidmət alana müəyyən olunmuş fənləri həm internet üzərindən-distant, həm də inzibati binalarda tədris etməyi, müştəri tədris haqqını ödəməyi öhdəsinə götürmüşdür.Həmin Müqavilənin 5.3 və 5.4-cü bəndlərinə əsasən, tədris haqqı aylıq 250 manat, güzəşt 25 % olmaqla, ödəmə 187 manat müəyyən edilmişdir İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə 18 iyun 2022-ci il tarixli arayışdan görünür ki, keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı 108 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, 05 mart 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 108(yüz səkkiz) manat miqdarında alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8940/2015 saylı 29 iyul 2015-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2022-ci il üçün uşağın saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının “xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2006-cı il təvəllüdlü X2 təhsil haqqı kimi hər ay ödədiyi və ödənilməli olan 120 manatın 50 %-nin cavabdehdən tutulması”na dair iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.4-cü və 58.5-ci maddələrinə görə valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göründüyü kimi, iddiaçı əlavə xərc tələbinin faktiki əsası kimi övladının "xxxx" MMC-də hazırlıq kurslarında tədris keçməsini, bunun üçün də vəsaitin lazım olduğunu bildirsə də, lakin valideynin əlavə xərclərə cəlb olunmasının hüquqi əsası olan Ailə Məcəlləsinin 81-ci maddəsində təhsil xərcləri nəzərdə tutulmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bu qənəatə gələrkən həmçinin onu da nəzərə almışdır ki, “Ümumi Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.23cü maddəsinə əsasən dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Yəni, dövlət iddiaçıya uşağının dövlət təhsil müəssisələrində ödənişssiz təhsil alması hüququnu versə də, iddiaçı övladının ödənişli əsaslarla kursda əlavə təhsil almasını öz mülahizəsinə uyğun olaraq seçmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon 2(001)-8940/2015 saylı 29 iyul 2015-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan 108 manat miqdarda alimentin məbləği artırılmalı, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 manat miqdarda aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8940/2015 saylı 29 iyul 2015-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 193 (yüz doxsan üç) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4438/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4438/2022
06.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver