Məhkəmə qərarları › İş №2(104)-691/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-691/2025

17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-691/2025 17.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması və pul tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və digər xərclərin tutulması” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1631/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları Goranboy Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(045)-343/2011 nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında 15 avqust 2008-ci ildə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, 21 fevral 2010-cu ildə doğulmuş X4 anası İddiaçı himayəsinə verilmiş, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 may 2011-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment cavabdehdən tutulmuşdur. Cavabdeh Goranboy Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 08 nömrəli sərəncmına əsasən “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi”nin müdiri vəzifəsindən azad edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmış və fəaliyyəti aktıv olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması, hər ay 235 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi, Cavabdeh təhsil haqqı ilə bağlı xərclərə cəlb edilməsi, X3 Xəzər Universitetinin Gəncə Dünya Məktəbində təhsil alması ilə bağlı onun tərəfindən ödənilən 7225 manat məbləğində təhsil haqqının yarısı 3612,5 manat sabit pul məbləğində pulun, uşağın xəstəliyi ilə əlaqədar dərman preparatlarının alınması üçün tələb olunan 1200 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində alimentin artırılması hissəsində dəqiqləşdirmə apararaq Cavabdeh tutulan alimentin sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahından 21 fevral 2010-cu ildə X4 adlı övladı dünyaya gəlmişdir. Goranboy Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli 2(045)-343/2011 saylı qətnaməsi ilə nikahları pozulmuş, 21 fevral 2010-cu ildə doğulmuş X4 anası İddiaçı himayəsinə verilmiş, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 may 2011-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tutulan alimentin sabit pul məbləğində 235 manat məbləğində müəyyən edilməsini xahiş edir. X1 Xəzər Universitetinin Gəncə Dünya Məktəbində təhsil alır, onun tərəfindən 7225 manat məbləğində təhsil haqqı ödənilir, həmin məbləğin yarısının da cavabdehdən tutulmasını xahiş edir. X1 tourette sindromundan əziyyət çəkir, dərmanların qiyməti hər il 1200 manat təşkil edir. Uşaq 2021-ci ildən həmin dərmanları qəbul edir. Buna görə də uşağın xəstəliyi ilə əlaqədar dərman preparatlarının alınması üçün tələb olunan 1200 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1631/2024 nömrəli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia qismən təmin edilmiş, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün edilmiş müəyyən edilmiş alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsi, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, uşaqların mənafeyini üstün tutulmalı və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilməlidir. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, alimentin artırılması hissəsində iddia təmin qismən edilməli, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün edilmiş müəyyən edilmiş alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləğində müəyən edilməli, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edilməlidir. İddiaçının övladı X3 Xəzər Universitetinin Gəncə Dünya Məktəbində təhsil alması ilə bağlı onun tərəfindən ödənilən 7225 manat məbləğində təhsil haqqının yarısı 3612,5 manat sabit pul məbləğində pulun cababdehdən tutulması barədə tələbinə məhkəmə qiymət verərək hesab edir ki, hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ dövlət tərəfindən təmin edildiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Dövlət təhsil müəssisələrində hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ vardır. İddiaçının uşağın xəstəliyi ilə əlaqədar dərman preparatlarının alınması üçün tələb olunan 1200 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə tələbinə dair məhkəmə qeyd edir ki, uşağın ağır xəstə, əlilliyinin müəyyən edilməsi, uşağın sağalmaz xəstəliyi ilə əlaqədar daimi xərclərin tələb olunmasına dair iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4 və 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1631/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamənin qanunsuz və əsassız olmasına dair birinci dəlil ondan ibarətdir ki, məhkəmə hazırki iş üzrə yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ, 25-ci maddəsinin İ və İİ, 34-cü maddəsinin İV, 42-ci maddəsinin İ, İV, 60-cı maddəsinin İ, İİ, 71-ci maddəsinin İ, 125-ci maddəsinin İİİ, Vİİ, 127-ci maddəsinin İİİ, İV, Vİİ və 129-cu maddəsinin İİİhissələrini, “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsini, “Uşaq Hüquqları Haqqında» Konvensiyanın 3,22, 26, 27-ci, “Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8, 19-cu, AR AM-nin 45.1,58.4, 58.5, 78.1. 78.2, 186, 188-ci, “Təhsil hüququna” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-İİİQ №-li Qanunun 5.1, 34-cü, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli,15232-VQ nömrəli Qanunun 5.1-ci, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci, AR MPM-in 4, 6-9, 14.1, 78.1, 81,88, 89.1, 106.1, 217.1, 217.2, 217.3-cü maddələrini və ən əsası isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “AzərbaycanRespublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarının hüquqi mövqelərini tətbiq etməmiş, iş üzrə tətbiq etdiyi “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 5, 13-cü, və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci, AR AM-nin 75.1, 75.4, 81.1, 81.2, 81.3, 112.1-ci, MPM-in 14.2, 77.1, 217.4-cü, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli, 15232-VQ nömrəli Qanunun 5.4-cü maddələrini isə düzgün tətbiq və şərh etməmiş və bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu hallar da, AR MPM-in 385.1.1-385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın alimentlə baglı hissəsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qətnamənin qanunsuz və əsassız olmasına dair ikinci dəlili ondan ibarətdir ki, məhkəmənin qətnamə çıxararkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, mübahisənin maddi və prosesual hüquqi əsasları düzgün müəyyən edilməmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir ki, bu hallar da MPM-in 385.1.1-385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində (qətnamənin 4-cü səhifəsinin 1-4-cü abzaslarında) göstərilir: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların mənafeyini üstün tutulmalı və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilməlidir. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, alimentin artırılması hissəsində iddia təmin qismən edilməli, 21 fevral 2010-cu i ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün edilmiş müəyyən edilmiş alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləğində müəyən edilməli, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmənin alimentlə baglı hissəsinə dair gəldiyi nəticəni öz qətnaməsində bu qaydada əsaslandırması tamamilə əsassızdır və qanuni sayıla bilməz. Belə ki, əvvəla, məhkəmə MPM-in 9, 14.1, 88-ci maddələrində nəzərdə tutulmuş prinsip və göstərişlərə, ümumilikdə MPM-in müəyyənləşdirdiyi qaydalara riayət etməməklə hərəkət edərək iş üzrə bu sübut növünə düzgün hüquqi qiymət verməmişdir. Belə olan halda məhkəmənin iddianın qismən təmin edilməsi, yəni alimentin 235 manat əvəzinə 180 manat təmin edilməsi barədə çıxardıgı qətnamə qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Belə ki, məhkəmə tətbiq etdiyi qanunu düzgün şərh etməmişdir. Halbuki, məhkəmənin tətbiq etdiyi maddi hüquq normaları (“Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələri və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsi) tələb edirdi ki, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində deyil, 235 manat sabit pul məbləgində aliment müəyyən edilsin. Lakin məhkəmə uşaq üçün hər ay 180 manat sabit pul məbləgində aliment müəyyən edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməmiş və onları səhv təfsir etmişdir ki, bu da qanunun mənasının və məqsədinin düzgün başa düşülməməsinin nəticəsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən Qanunun düzgün şərh edilməməsi o hallarda mümkündür ki, tətbiq edilməli olan qanun tətbiq edilmiş, lakin onun məzmunu və mahiyyəti düzgün başa düşülməmiş və bu səbəbdən məhkəmə tərəflərin hüquq və vəzifələri barəsində düzgün olmayan nəticəyə gəlmişdir. Göstərilən hallar isə maddi və prosessual hüquq pozuntusu olub MPM-in 385.1.1-385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qətnamənin qanunsuz və əsassız olmasına dair üçüncü dəlili ondan ibarətdir ki, məhkəmənin qətnamə çıxararkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, mübahisənin maddi və prosesual hüquqi əsasları düzgün müəyyən edilməmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, MPM-in 9, 14.1, 88ci maddələrində nəzərdə tutulmuş prinsip və göstərişlərə, ümumilikdə MPM-in müəyyənləşdirdiyi qaydalara riayət etməməklə hərəkət edərək iş üzrə onun izahatına, məhkəməyə təqdim etdiyim sübutlara (uşagının ödənişli əsaslarla ümumi orta təhsil almasına dair arayışa və xəstəliklə bağlı tibbi yardım almasına dair arayışa və reseptlərə) düzgün hüquqi qiymət verməmiş, uşagının xəstəliyi ilə baglı çəkdiyi xərclərin dəqiq məbləginin müəyyən edilməsi üçün ekspertiza keçirilərək müvafiq rəyin alınmasını, eləcə də cavabdehin qazancının müəyyən edilməsindən ötrü onun adına mağazalar, şadlıq sarayının olmasına dair sübut əldə edə bilmədiyi üçün Vergilər Xidmətinə müvafiq sorgu göndərilməsini tələb etməyinə dair şifahi vəsatətlərinə baxmamışdır ki, bu hallar da MPMin 385.1.1-385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə MPM-in 9, 14.1, 88-ci maddələrində nəzərdə tutulmuş prinsip və göstərişlərə, ümumilikdə MPM-in müəyyənləşdirdiyi qaydalara riayət etməməklə hərəkət edərək iş üzrə bu sübut növünə düzgün hüquqi qiymət verməmişdir. Belə olan halda məhkəmənin iddianın qalan hissədə rədd edilməsinə dair gəldiyi nəticə qətnamənin qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, alimentin artırılmasını xahiş edir. Cavabdeh 2021-ci ildən etibarən aliment ödəmir və işdən çıxmasını bəhanə edir. 2021-ci ilə qədər aliment əmək haqqından tutulurdu. Tək başına uşaq saxlamaq çətindir. Məktəb xərci qanunverilikdə nəzərdə tutulmasa da hesab edir ki, tutulmalıdır. Uşaqda atasından keçmə irsi xəstəlik vardır. Bu xəstəliyin müalicəsi dərmanların qəbulu ilə mümkündür. Dərman qəbul edir və dərmanların qiyməti 300 və 500 manatdır. Uşaq psixiatr tərəfindən müalicə alır. Mediasiya prosesində cavabdeh üç uşağının olduğunu demiş və hətta iddiaçıdan kömək istəmişdir. Cavabdeh sahibkarlıqla məşğul olur, şadlıq sarayı vardır və hər gün toyları olur. Şadlıq sarayı öz adına deyil, ancaq adına əmlakları vardır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsi 13 iyul 2020-ci il tarixli qərarı Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannaməsi 6-cı prinsipdə qeyd edilir ki, “...Uşaq ana və atasının baxımı və məsuliyyəti altında hər vəziyyətdə sevgi və təhlükəsizlik şəraitində böyüməlidir. Kiçik yaşlarda uşağı anasından ayırmamaq üçün bütün imkanlardan istifadə edilməlidir...” “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamı Maddə 1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü ilin yanvarın 1-dən 345 manat müəyyən edilsin. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı Maddə 1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. qətnaməni dəyişdirə bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı qətnaməni “birinci instansiyası məhkəməsi tərəfindən təmin edilməmiş alimentin məbləği və digər xərclərin tutulmaması” hissəsində mübahisələndirir. İddiaçı qətnamənin ləğv edilməsini xahiş etsə də məhkəmə qətnamənin əsaslılığı iddiaçı tərəfindən mübahisələndirlən hissələrdə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da alimetin məbləğinə və onun indeksasiyanın həyata keçirilməməsində düzgün nəticə gəlməmişdir. Bu halda birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə münasibətdə və onun indeksasiya məqsədi ilə dəyişdirilməlidir. Belə ki, məhkəmə araşdırması müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında 15 avqust 2008-ci ildə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, 21 fevral 2010-cu ildə doğulmuş X4 anası İddiaçı himayəsinə verilmiş, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 may 2011-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulub İddiaçı verilməsinə dair qətnamə qəbul edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2019-cu il tarixdə tutduğu vəzifədən azad edilmiş və xx.xx.2023-cü il tarixdə fərdi sahibkar kimi dövlət qeydiyyatına alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin dəlillərinə münasibəti ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların mənafeyini üstün tutulmalı və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilməlidir. Qeyd olunanları, o cümlədən uşaqların saxlanması üçün müəyyən olunmuş yaşayış və minimum aylıq əməkhaqqının məbləğini, cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiyası məhkəməsinin qətnaməsi sabit pul məbləğində tutulmalı olan alimentin məbləğinə münasibətdə dəyişdirilməsi və 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin məbləği ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (Qərarın 8.4-1-ci bəndi). Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (Qərarın 8.4-2-ci bəndi). İlk növbədə qeyd edilməlidir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 2011-ci ildə məhkəmə qətnaməsi əsasında hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulmuşdur. Məhkəmə qətnaməsi ilə aliment müəyyən edilən vaxt 21 fevral 2010-cu il təvəllüdlü X4 hələ 1 yaşında olmuşlar. Alimentin təyin edildiyi vaxtdan hazırkı vaxtadək 14 ildən çox müddət keçmişdir və hazırda həmin uşaq 15 yaşındadır. Nəzərə almaq lazımdır ki, bir çox hüquq münasibətləri kimi uşaqların saxlanılması üçün tutulan aliment də davam edən hüquq münasibətidir. Azərbaycan Respublikasının qanunvericiliyi dinamik inkişaf edir və dövri olaraq yeniləşir. Bu münasibətlərin mövcudluğu zamanı onların tənzimlənməsinə yönəldilmiş bəzi qanunların dəyişilməsi, həmin münasibətlərin çərçivəsində müəyyən subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi və xitamı, həmçinin hüquq və vəzifələrə təsir edən hüquqi faktların meydana çıxması mümkündür. Bundan əlavə, ölkə iqtisadiyyatında baş verən iqtisadi proseslər çərçivəsində bazar qiymətlərinin də mütəmadi artımı müşahidə olunur. Bu hallar isə aliment məbləğinin artırılması üçün qanuni əsas sayılır. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü ilin yanvarın 1-dən 345 manat məbləğində müəyyən edilmişdir. Odur ki, 21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Bu miqdarda aliment uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Eyni zamanda alimentin artırılmış məbləğinin tutulmasının başlanılması tarixi ilə bağlı qeyd edilməlidir ki, alimentin artıtılmış məbləğinin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən həyata keçirilməlidir. Belə ki, istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə əlavə edilmiş “8.11-1-ci bəndə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir ki, birinci instansiya məhkəməsi bu halı müəyyən etməməkdə haqlı olmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. İddiaçının övladı X3 Xəzər Universitetinin Gəncə Dünya Məktəbində təhsil alması ilə bağlı onun tərəfindən ödənilən 7225 manat məbləğində təhsil haqqının yarısı 3612,5 manat sabit pul məbləğində pulun cababdehdən tutulması barədə tələbinə apellyasiya şikayətinin dəlillərinə məhkəmə qiymət verərək hesab edir ki, hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ dövlət tərəfindən təmin edildiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Belə ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli 1532-VQ nömrəli qanununun 5.4-cü maddəsinə əsasən dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ vardır. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsində bu xərclərə uşaq yanında qalmayan valideynin cəlb edilməsi nəzrdə tutulmamışdır. Bunlardan başqa iddiaçının uşağın xəstəliyi ilə əlaqədar dərman preparatlarının alınması üçün tələb olunan 1200 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə tələbinə dair məhkəmə qeyd edir ki, uşağın ağır xəstə, əlilliyinin müəyyən edilməsi, uşağın sağalmaz xəstəliyi ilə əlaqədar daimi xərclərin tələb olunmasına dair iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən məbləğ tələb etdiyi aliment miqdarından 35 manatın illik cəmi 420 manat, təhsil xərci 3612,5 manat və 1200 manat xəstəlik pulu olmaqla cəmi 5232,15 manat təşkil edir. Cavabdeh tərəfindən isə mübahisələndirilən bilən alimentin məbləği 200 manatın bir illik cəmi 2400 manat təşkil edir ki, cavabdehin qətnamədən kassasiya şikayəti vermək hüququ Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə əsasən yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1631/2024 nömrəli qətnaməsi “21 fevral 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməsi” hissədə dəyişdirilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1631/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı xx.xx.2024-cü il tarixdən artırılaraq 21 fevral 2010-cu ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar