Məhkəmə qərarları › İş №2(001)-4462/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4462/2022

23.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4462/2022 23.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB Bakı X3 Departamentinin xx.xx.2019-cu il tarixli 29/1710-00575 nömrəli Aktına əsasən, G-4 markalı 1002AQ**********3 nömrəli sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilərək təbii qaz itkisi yaratmışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixli ******* nömrəli Akt əsasında qaz itkisinin həcmi 4.860 kub m və ya qaz itkisi üzrə yaranmış borc məbləği 685,6 manat olmuşdur. Bu borcun 343 manatı ödənilmişdir. Akt tərtib edilərkən zərərçəkmiş tanış edilməmişdir. Aktda göstərildiyi kimi plastmas boru kənar təsirdən zədələnmişdir. Abonent bunu görməmiş və hiss etməmişdir. Qaz havaya uçmuşdur. Cavabdeh iddiaya etirazını “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “ ... xx.xx.2012-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” 023511 saylı akt üzrə dəymiş zərərin məbləği 273,60 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. (Həmin akt struktur dəyişkənliyi olan zaman təhvil verilmədiyi üçün əlavə edilməsi mümkün olmadı). Həmin dövrdə iddiaçının malik olduğu 64 manat qaçqın limiti və 10 manat cavabdehin iddiaçıya olan borcu cıxıldıqdan sonra 199,60 manat hissə qalmış, bu məbləğ elekrton sayğacın ödəniş cədvəlinə daxil edilmiş və ödənişdən borca görə tutmalar aparılmışdır. Daha sonra iddiaçının ünvanında quraşdırılmış 1002AQ**********3 sayğac laboratoriyaya göndərilmiş, xx.xx.2019-cu il tarixli 2-/1710-000751-1 saylı aktla “Sayğacın çıxış plastmast borusu kənar təsir nəticəsində deşilmiş, qaz itkisi yaranmışdır” şəklində rəy verilmişdir. "Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə" "Azəriqaz" İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 486 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. Hazırda abonentin borcu 180 manat təşkil edir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı" Müqaviləsinin 2.3.4.-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir”. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını və iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonent kodu **********00000 olan İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacın çıxış plastmas borusunun deşılməsi aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh Bakı X3 Departamentinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cəmi 4860 m³ qaz itkisi hesablanmış və itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonent kodu **********00000 olan İddiaçı saldosundan görünür ki, abonentə 2012-ci ildə qalıq və aktlar üzrə 273,60 manat borc (ondan qaçqın limiti və 10 manat cavabdehin iddiaçıya olan borcu çıxılmış = 199,60 manat borc qalmışdır), 2019-cu ildə isə 486 manat borc yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə görə, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. Beləliklə, qaz sayğacı iddiaçının evində deyil, ümumi istifadədə olan küçədə quraşdırılmış və ona iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımi qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh iddiaçıya 199,60 manat məbləğində borcun yazılmasını ümumiyyətlə əsaslandıra bilmədi və bunu “həmin akt struktur dəyişkənliyi olan zaman təhvil verilmədiyi üçün əlavə edilməsi mümkün olmadı” arqumenti ilə əsaslandırmağa çalışmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00000) əsassız hesablanmış 685,60 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00000) əsassız hesablanmış 685,60 (altı yüz səksən beş manat altmış qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar