Məhkəmə qərarları › İş №2(001)-4472/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4472/2020

27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4472/2020 27.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.000 manat məbləğində kompensasiya verilməklə onun ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona və X3 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi, 89 saylı evə köçürülmüşdür. Qeyd edilən qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmiş, lakin təmin edilməmişdir. Hazırda həmin evdə o, qızı və onun övladları, digər ailə üzvləri, övladı Azər və onun ailəsi yaşayır. Cavabdehin isə həmin evdə onlarla yaşaması qeyri mümkündür. Hal-hazırda cavabdeh qeyd olunan evdə qeydiyyatdadır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilən məzmunda izahat verdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iddianı etiraf edərək bildirdilər ki, onlar, iddianı qəbul edirlər. Bununla bağlı məhkəməyə ərizə də təqdim etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsnin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 7001/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh azyaşlı uşaqları – xx xxx 2015-ci il təvəllüdlü X5 və xx xxxxxx 2016-cı il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi, 89 saylı evə köçürülmələri qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi, 89 saylı evə köçürülmüşdür. Hazırda iddiaçı cavabdehə kompensasiya ödənilməklə sonuncunun həmin evdən çıxarılmasını tələb edir, cavabdeh isə etiraf edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-cu maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qanuna zidd olmadığını, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddianın etirafı qəbul edilərək iddia təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 9.000 manat məbləğində kompensasiya verilməklə Cavabdeh Ələsgər qızı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi, 89 saylı evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə həmçinin hesab edir ki, qətnamə hər iki tərəf üçün eyni vaxtda icra edilməli, habelə iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 9.000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh Ələsgər qızı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi, 89 saylı evdən çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə hər iki tərəf üçün eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar